Alman partiyaları və İran müxalifətinin “siyasi fəaliyyətlərinə görə” mərkəzin bağlanması ilə bağlı uzun illər tələblərindən sonra Almaniya Daxili İşlər Nazirliyi rənginə və memarlığına görə Göy məscid kimi tanınan mərkəzin bağlanması üçün hüquqi əsas yaratmaq üçün kifayət qədər dəlil toplaya bilib.
Daxili İşlər Nazirliyi açıqlayıb ki, araşdırmalar özünü “siyasi gündəmi olmayan dini qurum” kimi təqdim edən mərkəzin iddia etdiyinin tam əksi olduğunu göstərib.
Hamburqda onlarla çevik polis səhər saat 6-da məscidə basqın edib. Almaniya mətbuatının verdiyi məlumata görə, polis mərkəzin içərisində yatmış 3 nəfəri çıxarıb, bağlı qapıları sındırıb, əlavə dəlillər və pulla dolu çantaları götürüb.
Göy məscidə basqınla paralel olaraq Almaniyanın daha 7 əyalətində onlarla polis əməkdaşı İslam Mərkəzinə bağlı, 30-u Hamburqda olan 53 şirkətdə reyd keçirib. Hakimiyyət həmçinin Frankfurt, Münhen və Berlindəki törəmə şirkətlərə qadağa qoyub.
Təxminən eyni vaxtda polis Berlinin Neukölln rayonunda şiə təşkilatına məxsus binaya da basqın edib. Daxili İşlər Nazirliyi qadağa nəticəsində 4 şiə məscidinin bağlanacağını açıqlayıb.
Daxili işlər naziri Nensi Fizer (Nensi Faeser) mərkəzin “ekstremizmi yaydığı” səbəbi ilə qadağan edildiyini bildirib. Fizer açıqlamasında, “İranın ali dini lideri Əli Xamneyinin Almaniyadakı birbaşa nümayəndəsi olan mərkəz aqressiv şəkildə qondarma İslam İnqilabının ideologiyasını yayır”, – deyib.
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, mərkəz demokratiyaya alternativ olaraq “avtoritar və dini hökumət qurmaq” məqsədi daşıyır və Hizbullah kimi təşkilatların “hərbi və siyasi fəaliyyətini” dəstəkləyir.
Fizer mərkəzin və ona bağlı birliklərin “terrorçu Hizbullahı dəstəklədiyini və antisemitizm ideyalarını yaydığını” vurğulayıb. Mərkəzin bağlanmasının “bir dinə zidd hərəkət olmadığını” bildirən nazir “şiə məzhəbinin və dininin dinc əməllərinə qadağanın təsir etmədiyini” bildirib.
Almaniya kəşfiyyatı 1993-cü ildən ekstremizm və konstitusiyaya zidd ideyaların yayılmasında şübhə ilə 31 ildir ki, mərkəzi izləyirmiş. Alman kəşfiyyatı bu mərkəzi “İran səfirliyindən sonra Almaniyada ikinci ən mühüm kəşfiyyat mərkəzi” olaraq görür və onun fəaliyyətinin Almaniyadan kənara və Avropaya da yayıldığını düşünür.
İllər boyu bir-birinin ardınca gələn hökumətlər siyasi iradənin olmaması və İranı qəzəbləndirmək qorxusunu əsas gətirərək mərkəzin fəaliyyətini qadağan etmək üçün heç bir addım atmayıblar. Ancaq bir neçə il əvvəl, xüsusən də İranda etiraz aksiyaları və müxaliflərə qarşı təzyiqlərdən sonra mərkəzin bağlanması ilə bağlı səslər ucalmağa başladı.
Almaniya və Avropadakı iranlı müxaliflər məscid və onun əməkdaşları tərəfindən təzyiq və təhdidlərə məruz qaldıqlarından şikayətləniblər. Son illərdə kəşfiyyat məscidin birbaşa İran rejimi ilə əlaqəli olduğuna dair sübutlar toplayıb.
2021-ci ildə Almaniyada hava limanı polisi mərkəzin rəhbəri Məhəmməd Hadi Müftahı Tehrandan qayıdarkən saxlayıb, çamadanında axtarış aparıb və şübhəli məktublar tapıb. Sözügedən məktublarda Müftənin adı “İran dini liderinin Almaniyadakı nümayəndəsi” kimi qeyd olunub.
2022-ci ildə Almaniyada Hizbullahla ilə əlaqəsi müəyyən edildikdən sonra mərkəzin vitse-prezidenti Süleyman Musəvi terror təşkilatına yaxınlığına görə Almaniyadan deportasiya edilib.
Bundan sonra Almaniya parlamenti hökuməti məscidi bağlamağa çağıran qətnamə qəbul edib. Ötən ilin noyabrında Daxili İşlər Nazirliyi İsraildə 7 oktyabr hücumundan sonra məscidə basqın etmək və sübut toplamaq üçün hərəkətə keçib. Məscidin qadağası ilə bağlı qərar qəbul edilənə qədər dəlillərin tədqiq edilməsi yeddi ay çəkib.
Oktyabrın 7-də keçirilən əməliyyatdan sonra Almaniya hakimiyyəti Hizbullaha bağlı və anti-İsrail və antisemitizmi təbliğ edən mərkəzlərə nəzarəti gücləndirib.
Almaniyanın “Die Welt” qəzeti yazır ki, daxili kəşfiyyat xidməti terror qruplaşmasına dəstək verən və mərkəzə daimi qonaq olan 30 nəfəri izləyir.
Keçən iyun ayında bir il əvvəl Hizbullah üzvü olmaqda ittiham edilərək saxlanılan iki livanlının məhkəməsi başa çatıb. Almaniyada ilk dəfə açılan dava nəticəsində iki nəfərdən biri terror təşkilatı üzvü olduğu üçün 5 il yarım, digəri isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror o zaman bildirib ki, bu qərar presedent yaradacaq və digər Hizbullah üzvlərinin həbsini və mühakimə olunmasını asanlaşdıracaq.
Almaniya İslam Şurası keçən ilin noyabrında keçirilən reyddən qısa müddət sonra Hamburqdakı İslam Mərkəzinin üzvlüyünü dayandırıb. Əvvəllər mərkəzi bağlamadığı üçün geniş tənqidlərə məruz qalan Şura o zaman bəyan etmişdi ki, Almaniyanın konstitusiya təsisatlarına tam etibar edir.
Mərkəzin fəaliyyətinin qadağan edilməsi ilə son illər Hamburqun turistik məkanlarından birinə çevrilən Göy Məscid Almaniya dövlətinin mülkiyyətinə keçəcək və mərkəzin taleyini dövlət idarəçiliyi üzərinə götürdükdə həll edəcək.