Vaxt.Az

... Tək gəzmək təhlükəlidir


 

Olimpiadadan əvvəl Parisdə dəhşət, təşvişə düşən idmançılar xəbərdarlıq ...

... Tək gəzmək təhlükəlidir Yay Olimpiya Oyunlarının açılış mərasiminə 2 gün qalmış oyunların keçiriləcəyi Paris dəhşətli hadisə ilə sarsılır. Şəhərin məşhur Piqal (Piqaile) rayonunda gənc avstraliyalı qadının bir qrup tərəfindən cinsi təcavüzə məruz qaldığı iddia edilir. İyulun 19-dan 20-nə keçən gecə baş verən hadisədə cırıq paltarını tərs geyinmiş qadın məşhur “Moulin Rouge” (Mulen Ruj) klubundan cəmi bir neçə metr aralıda yerləşən kabab restoranına daxil olaraq müştərilərdən və içəridəki işçilərdən kömək istəyib. Restorandakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılan qadının adı açıqlanmayıb. Fransa mediası 5 nəfərin 25 yaşlı avstraliyalı qadına cinsi təcavüz etdiyini iddia edib.

***

Paris prokurorluğu hadisənin araşdırıldığını açıqlayıb. Avstraliya səfirliyi Parisdə hücuma məruz qalan vətəndaşlarından birinə yardım etdiklərini açıqlayıb. “Biz başa düşürük ki, bu, çox travmatik hadisədir və biz kömək göstərməyə hazırıq”, - səfirliyin bəyanatında deyilir. Qurbanın şəxsi həyatını qorumaq üçün başqa heç bir məlumat verilməyib.

***

Paris 2024 Təşkilat Komitəsinin prezidenti Toni Estange (Tony Estanguet) Olimpiya Oyunları başlayanda Parisin dünyanın ən təhlükəsiz yeri olacağına söz verib. Bununla belə, Parisdə təhlükəsizlik problemləri ön plana çıxıb. 1 ay ərzində 10 mindən çox idmançı və 15 milyondan çox turist qəbul edəcək şəhərdə baş verən bu hadisə komandaları və idmançıları təşvişə salıb.

Avstraliya komandası hadisə ilə bağlı idmançılarını məlumatlandırdıqlarını açıqlayıb. Avstraliya Olimpiya Komandasının ictimaiyyətlə əlaqələr və kommunikasiyalar şöbəsinin rəhbəri Stras Qordon, Avstraliya idmançılarının Fransaya endikdən sonra heç bir təhdid almadıqlarını söyləyib, onlara ictimai yerlərdə Avstraliya forması geyinməməyi tövsiyə edib. Avstraliya komandasının baş həkimi Anna Mires idmançılara təkbaşına deyil, qrup halında səyahət etmələri və mülki geyimdə olmaları barədə xəbərdarlıq edib.

***

İdmançıların təhlükəsizliyi ilə yanaşı, Paris Olimpiadası da terror təhlükəsi ilə üz-üzədir. Fransa kəşfiyyatı bu yaxınlarda oyunlara hücum etməyə hazırlaşan İŞİD terror təşkilatının Əfqanıstan qolu üzvlərini saxladıqlarını açıqlamışdı. Digər tərəfdən, Fransa təhlükəsizlik rəsmiləri 26 iyul – cümə günü Sena çayında açıq hava mərasimi ilə başlayacaq Olimpiya Oyunları öncəsi xəbərdarlıq səviyyəsini ən yüksək səviyyəyə qaldırıb. Avqustun 11-dək davam edəcək Olimpiada üçün şəhərdə hər gün 35 min polis əməkdaşı olacaq. Açılış mərasimində təhlükəsizliyi 45 min polis təmin edəcək. Paris bölgəsində təhlükəsizliyi polisdən əlavə 10 min əsgər də təmin edəcək.

 





24.07.2024    çap et  çap et