Vaxt.Az

Əhmədinejada sui-qəsd cəhdi


 

İranın keçmiş prezidentin avtomobilinə sabotaj edilib

Əhmədinejada sui-qəsd cəhdi Londonda yerləşən “İran İnternational” telekanalı yazıb ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad keçən həftə maşınında törədilən təxribat nəticəsində ölümdən son anda xilas olub.

Hadisə iyulun 15-də bazar ertəsi baş verib. Əhmədinejad və onu müşayiət edən komanda İranın Zəncan şəhərində keçiriləcək mərasimə getməyə hazırlaşırmış.

Keçmiş prezidentin köməkçiləri və mühafizəçilərinin də olduğu nəqliyyat vasitəsinin sürücüsü Kərəc-Qəzvin şossesində yola çıxdıqdan az sonra sükan və əyləc idarəetməsini itirib.

İdarəetməni itirən avtomobil sürətlə sürüşərək əvvəlcə baryerlərə, daha sonra kortecdəki “Peugeot” markalı digər avtomobilə çırpılıb.

Əhmədinejad və müşayiətçiləri hadisədən xəsarət almadan xilas olarkən, toqquşduqları avtomobildə olan bir nəfərin yaralandığı və xəstəxanaya aparıldığı öyrənilib.

***

“İran İnternational”a məlumat verən mənbələr iddia edib ki, Əhmədinejadın mühafizə qrupu kondisioner nasazlığı səbəbindən səfərdən iki gün əvvəl “Toyota Land Cruiser” markalı avtomobili Prezident Aparatındakı müvafiq bölməyə təhvil verib, lakin maşın təmir sexi əvəzinə naməlum yerə aparılaraq sabotaj edilib.

***

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad iyunun 18-də keçirilən 13-cü prezident seçkilərində namizədliyini irəli sürmüş, lakin onun ərizəsinə veto qoyulmuşdu.

Əhmədinejad vəzifədə olarkən İranın dini lideri Ayətullah Əli Xamneyiyə meydan oxuduğu üçün onun 2021-ci ildə namizədlik cəhdi hakimiyyət tərəfindən əngəllənib.

***

Namizədliyini elan etdikdən sonra çıxış edən Əhmədinejad dünya ilə “konstruktiv əlaqə” və bütün xalqlarla daha yaxşı iqtisadi əlaqələr vəd edib və ondan sonra iki müddət prezidentlik keçməsinə eyham vuraraq, “iqtisadi, siyasi, mədəni və təhlükəsizlik problemləri 2013-cü ildəki vəziyyətdən daha bərbaddır”, deyib.

“İran xalqı məni prezident kimi görmək istəyir” deyən Əhmədinejad ictimaiyyətin tələbi ilə bu vəzifəyə iddialı olduğunu bildirib.

***

Sabiq prezident 2005-2013-cü illər arasında işlədiyi iki müddət ərzində həm İranda, həm də dünyada qalmaqallı ada çevrilib. Prezident seçilməzdən əvvəlki dövrdə 2003-2005-ci illərdə Tehranın meri vəzifəsini icra edən Əhmədinejad 2005-ci ilin iyunundakı seçkilərdə keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaniyə qalib gəlib və ölkənin altıncı prezidenti seçilib.

Vəzifədə olduğu müddətdə təvazökar həyatı ilə diqqət çəkən Əhmədinejad xüsusilə ölkənin aşağı gəlirli və yoxsul təbəqələri üçün dəstəkləyici siyasətlər həyata keçirib. Bu dövrdə iqtisadi problemlərdə “yoxsulluq”, “ədalət” və “bərabərlik” kimi şüarlarla İran xalqının dəstəyini qazanan Əhmədinejad xalqa birbaşa maliyyə yardımı və bəzi sahələrdə subsidiyalar təşəbbüsü ilə çıxış edib.

Xarici siyasətə gəlincə, hakimiyyətdə olduğu müddətdə “şahin” siyasət yürüdən Əhmədinejad Qərb ölkələrinə qarşı, xüsusən də ölkəsinin nüvə və müdafiə məsələlərində “güzəştsiz mövqe” nümayiş etdirib.

Prezidentliyi dövründə həm İranda, həm də dünyada mübahisələrə səbəb olan siyasət yürüdən Əhmədinejad ABŞ və bəzi Avropa ölkələri tərəfindən insan haqlarına məhəl qoymamaqda ittiham olunuub.

***

Əhmədinejad ikinci müddətində Kəşfiyyat Naziri Qulam Hüseyn Muhsini Ejeini vəzifəsindən azad etdiyinə görə ölkə lideri Xameneyi ilə tərs düşüb çəkdi.

2013-cü ildə Əhmədinejadın səlahiyyət müddəti başa çatdıqdan sonra onun kadrları ləğv edilib, daha sonra ona yaxın adamlara qarşı araşdırmalar və həbslər aparılıb. Prezidentlik dövründə azadlıqları məhdudlaşdırdığına görə tənqid edilən Əhmədinejadın səlahiyyət müddətindən sonra azadlıqları müdafiə edən bəyanatlar verməsi diqqət çəkib.

Xameneyi 2017-ci ilin mayında keçiriləcək prezident seçkilərində keçmiş prezident Həsən Ruhani ilə mübarizə aparmaq istəyən Əhmədinejadın prezidentliyə namizəd olmasına imkan vermədikdə, İran lideri ilə Əhmədinejad arasında fikir ayrılığı daha da güclənib.

2018-ci ilin martında prezidentlik dövründə onun müavini olan Həmid Bəkayinin “korrupsiya” ittihamı ilə həbs cəzasına məhkum edilməsindən sonra Əhmədinejad Qüds Qüvvələrinin o zamankı komandanına “böyük zülmün tərəfdarı olmayaq” deyərək Qasım Süleymanidən kömək istəyib.

 





24.07.2024    çap et  çap et