Ümumi seçkilərdə qalib gələn sol ittifaq Yeni Xalq Cəbhəsinin aparıcı simaları Fransa prezidentinin açıqlamalarından narazılıqlarını bildiriblər.
TF1 kanalında qonaq olan Sosialist Partiyasının (PS) lideri Olivye For bildirib ki, Makron sol ittifaqın ortaq baş nazir namizədi Lyusi Kastetsi (Lucie Castets) təyin etməkdən imtina edərsə, hökumətə qarşı Milli Assambleyaya etimadsızlıq təklifi təqdim edəcəklər.
Seçkilərdə heç bir siyasi qüvvənin Parlamentdə mütləq çoxluğa çata bilməyəcəyinə işarə edən For, “Bu bir faktdır, amma seçkiləri qazanan bir güc var və bütün demokratik ölkələrdə seçkiləri qazanan gücdən hökuməti qurmağı istənilir”, – deyib.
***
Həddindən artıq solçu Sərbəst Fransa (LFI) Partiyasının koordinatoru Manuel Bompard RTL radiosuna verdiyi açıqlamada vətəndaşları Makronun Kastetsi baş nazir təyin etməsi üçün “nümayişlər təşkil etməyə” çağırıb.
Bompard Fransa prezidentini “Yeliseydə gizlənən bir növ dəli adama” bənzədirsə də, Makronun vətəndaşların seçki qutusunda verdiyi “siyasət bitdi” mesajını qəbul etmədiyini şərh edib.
LFI-nin qurucu lideri Jan Luk Melençon (Jean-Luc Melenchon) “X” hesabından yaydığı açıqlamada Makronun seçki nəticələrinə məhəl qoymadığını və sol ittifaqı “onunla əməkdaşlığa” məcbur etmək istədiyini bildirib və ölkə prezidentini Fransanın səsverməsinə hörmətlə yanaşmağa və ya istefaya çağırıb.
Fransa Kommunist Partiyasının (PCF) lideri Fabien Roussel qonaq olduğu RMC kanalında “Fransızlara bu qədər ziyan vuran hakim qanadla koalisiyaya qoşulmaqdan söhbət gedə bilməz”, – deyib.
Fransızların özünü aşağılanmış hiss etdiklərini ifadə edən Russel tənqidini bu formada bildirib: “Prezident hər gün bizi ələ salır. Milli Məclisə eyni spikeri qoyur, eyni baş naziri saxlayır. Çörək və sirk (siyasət), biz özümüzü Qədim Romada hiss edirik. Bu, utancverici və qalmaqaldır”.
Yeni Xalq Cəbhəsinin deputatı Rodriqo Arenas “Fransanı avtoritar rejimlər klubuna salmaq istəyirmi?”, – deyib.
***
Sol ittifaqın baş nazirliyə namizədi 37 yaşlı Kastets “France Inter” radiosuna verdiyi açıqlamada Makronun seçkilərin qaliblərini hökumət qurmağa çağırmamaqla demokratiyaya məhəl qoymadığını bildirib.
O, baş nazir vəzifəsini boynuna götürməyə hazır olduğunu vurğulayaraq, “Prezidentdən öz vəzifələrini üzərinə götürməsini və məni baş nazir təyin etməsini xahiş edirəm”, – deyib.
Hakim qanadla sol ittifaq arasında dərin fikir ayrılıqları olduğu üçün koalisiya qurmağın mümkün olmadığını deyən Kastets, hər yeni qanun layihəsi üçün deputatları razı salmağa çalışacaqlarını qeyd edib.
Ümumi seçkilərdə qalib gələn sol ittifaq Yeni Xalq Cəbhəsi dünən Makronun Fransa televiziyasına verdiyi müsahibədən əvvəl ortaq baş nazir namizədi olaraq Lyusi Kastetsi seçdiklərini açıqlayıb.
***
Dünən “France 2” kanalında yayımlanan verilişdə Makron hökumətin uduzduğu ümumi seçkiləri “heç kəsin qazanmadığını” iddia edərək, “aydındır ki, avqustun ortalarına qədər bütün diqqətimizi Olimpiya Oyunlarına yönəltməliyik. Bundan sonra danışıqların gedişindən asılı olaraq baş naziri təyin etmək və ona hökuməti qurmaq tapşırığı vermək məsuliyyətini mən daşıyıram”, – deyib.