ABŞ-da qaradərililərin hüquqlarını müdafiə edən aparıcı təşkilatlardan biri olan “Black Lives Matter” (BLM) Demokratlar Partiyasından Kamala Harrisin prezidentliyə mümkün namizədliyinə reaksiya verib.
Prezident Co Bayden seçki yarışından geri çəkildikdən və yerinə müavini Harrisin namizədliyini irəli sürdükdən sonra Demokratlar Partiyasında mənzərə demək olar ki, aydın oldu. Kamala Harrisin ABŞ-ın ilk qaradərili qadın prezidenti olmağa demokrat namizəd olacağı dəqiqdir.
BLM öz bəyanatında Kamala Harrisin partiya daxilində seçilmədən prezidentliyə namizəd olmasının demokratiyaya zidd olacağını bildirib. “Demokratik partiyanın elitası və milyarder donorları Kamala Harrisi və naməlum vitse-prezidentliyə namizədi ictimai əsas səsvermə olmadan seçərək qaradərili seçiciləri manipulyasiya etməyə çalışırlar. Demokratik prinsiplərin açıq şəkildə pozulması olan bu vəziyyət qəbuledilməzdir”, – bəyanatda deyilir.
BLM lideri Şalomyah Bouers Kamala Harrisin yox, namizədlik prosesinin əleyhinə olduqlarını bildirib.