Səhnə adı “Amber Rose” ilə tanınan aktrisa və sosial media fenomeni Amber Levonçuk 15-18 iyul tarixlərində keçirilən Respublikaçılar Partiyasının Milli Konqresindəki çıxışı ilə gündəmə gəlib.
Rose, “əvvəllər Trampın irqçi olduğuna dair solçu təbliğata inandığını” və artıq bu siyasətin bir parçası olmadığını söyləyib.
4 gün davam edən sessiyada amerikalı reper Vanilla Aysın (Vanilla Ice) “Ice Ice Baby” mahnısının Trampın kampaniyasına uyğunlaşdırılmış versiyası olan “Trump Trump Baby”ni səsləndirilib.
“New York Times” qəzeti (NYT) Respublikaçılar Partiyasının Milli Konqresinin “Trampın qaradərili və ispandilli seçiciləri öz tərəfinə çəkmək üçün hip-hop və repdən necə istifadə etdiyini üzə çıxardığını” yazıb.
Xəbərdə Trampın “qanqster” obrazını canlandırmaqla özünə “məğlubedilməzlik” havası verməyə çalışdığı bildirilirdi. Qeyd olunub ki, Trampa sui-qəsd də Respublikaçı liderin bu imicini gücləndirib.
Xatırladaq ki, sui-qəsddən bir neçə saat sonra reper “50 Cent” ləqəbli reper-müğənni Kertis Ceyms Cekson (Curtis James Jackson) “Get Rich or Die Tryin” adlı albomunun üz qabığında Trampın şəkli ilə yazı paylaşıb.
Hip-hop və siyasət sahəsində araşdırmalar aparan jurnalist Bakari Kitvana (Bakari Kitwana) Trampın stereotiplərlə oynamaqla təhlükəli addım atdığını bildirib: “Bu, qaradərililəri ciddi şəkildə qiymətləndirmir, lakin həm də demokratların və respublikaçıların hip-hop ictimaiyyətinə ciddi müraciət etmədiyini də ortaya qoyur”.
Təhlildə Trampın bu strategiya ilə sistemə qarşı “üsyankar” bir imic mənimsəməyə çalışdığına diqqət çəkilib: “Bu yaxınlarda 34 cinayətdə təqsirli bilinən keçmiş prezidentə səs vermək və Demokratlar Partiyasından olan prezidenti rədd etmək sistemi yıxmağın başqa bir yolu oldu”.