Rumıniya Müdafiə Nazirliyinin cümə axşamı verdiyi açıqlamada, ölkəsinin ərazisində Ukraynaya hücumlar zamanı Rusiyanın atdığı PUA-lardan birinin qalıqlarının tapıldığı bildirilib. Hərbçilər Ukrayna ilə sərhəddəki Plauru kəndindən İran istehsalı olan PUA-nın hissələrini toplayıblar.
***
Rumıniya rəsmiləri dağıntıların iyulun 24-dən 25-nə keçən gecə Rusiyanın Ukraynaya hücumunda istifadə etdiyi PUA-ya aid olduğunu iddia edib.
Nazirlik iddia edib ki, pilotsuz uçuş aparatı İran istehsalı olan və rusca “Geran-2” kimi tanınan “HESA Shahid-136” model pilotsuz uçuş aparatı olub.
Bildirilib ki, aparatın qalıqları Ukraynanın cənubundakı İzmail liman şəhərindən Dunay çayının o tayında yerləşən Plauru kəndində aşkar edilib.
Rəsmilər parçaların yaşayış məntəqələrindən kənara düşdüyünü və infrastruktura heç bir ziyanın olmadığını bildirib.
Digər dron hissələrinin də yaxın əraziyə düşə biləcəyi üçün axtarışların davam etdiyi bildirilib.
Nazirlik həmçinin bildirib ki, NATO-nun Rumıniyadakı hava nəzarət bölməsinə daxil olan iki “Finlandiya F-18” döyüş təyyarəsi hücum bölgəsini araşdırmaq üçün gecə patrul edir.
Digər tərəfdən Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Rusiyanın 25 iyul gecəsi 38 uzaq mənzilli PUA ilə hücuma keçdiyi və bunlardan 25-nin müdafiə sistemləri ilə vurulduğu iddia edilib. Bununla belə, NATO üzvü Rumıniyanın hava məkanında 3 pilotsuz təyyarənin “itdiyi” iddia edilib.
***
NATO-nun verdiyi açıqlamada Rumıniyaya qarşı qəsdən hücum təşkil etdiyinə dair heç bir dəlil olmadığı ifadə edilərək, “Bu cür hərəkətlər məsuliyyətsizdir və potensial təhlükəlidir”, – deyilib.
Rumıniyanın xarici işlər naziri Luminita Odobesku öz “X” sosial platformasındakı hesabında Rusiyanın Ukraynaya “çirkin hücumlarından” sonra Rumıniya ərazisində dron qalıqlarının tapıldığını yazıb.
Rumıniya Müdafiə Nazirliyi Ukraynaya edilən hücumları pisləyib.
Bundan əlavə, Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağıraraq insidentlə bağlı Kremlə reaksiya verib.
İddialarla bağlı Moskvadan hələlik heç bir açıqlama verilməyib. Rusiya Müdafiə Nazirliyinin çərşənbə günü verdiyi açıqlamada Ukraynanın adı açıqlanmayan limanında PUA-lara qarşı hücumun təşkil edildiyi açıqlanıb.
Rusiya dövlət kanalı “Rossiya-1”Ukraynanın Rumıniya ilə sərhədinə yaxın olan İzmail limanında gəmiqayırma zavodu və yanacaq anbarının vurulduğu barədə məlumat yayıb.
***
Ötən il də Rusiyanın dronlarının dağıntıları Rumıniya ərazisinə düşmüşdü. Rumıniya Müdafiə Nazirliyi sentyabrın 6-da verdiyi açıqlamada, İzmail şəhəri ilə üzbəüz Plauru kəndindən 3 kilometr qərbdə PUA-nın qəzaya uğraması nəticəsində çuxur yarandığı bildirilmişdi.
Buxarest administrasiyası oktyabr ayında Rusiya ordusuna məxsus pilotsuz təyyarənin qalıqlarının tapıldığını açıqlamışdı.
Rumıniya prezidenti Klaus Verner İohannis insidentləri “Rumıniyanın suveren hava məkanının tamamilə qəbuledilməz pozulması” kimi qiymətləndirib.
NATO-nun baş katibi Yens Stoltenberq də Rumıniya səmasını izləyən təyyarələrin sayının artırıldığını, lakin hadisələrdə “qəsdən hücuma dair heç bir dəlil olmadığını” bildirib.