Vaxt.Az

Dünya təşvişə düşüb


 

Kabus geri dönür; “ən yoluxucu variant” sürətlə yayılır

Dünya təşvişə düşüb ABŞ prezidenti Co Baydenin bu yaxınlarda “COVİD-19” virusuna yoluxandan sonra ictimaiyyətin diqqətini yenidən bu xəstəliyə çəkib. Virusun iki yeni variantı bir çox ölkədə, xüsusən də ABŞ-da sürətlə yayılır. Mütəxəssislər deyirlər ki, “KP.3” və “KP.3.1.1” virusları bu günə qədər ortaya çıxan ən yoluxucu variantlardır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) də yeni dalğaya qarşı xəbərdarlıq edir.

***

ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına əsasən, iyulun 7-dən iyulun 20-nə qədər olan iki həftəlik müddətdə, “KP.3” variantı testləri pozitiv çıxanların 32,9 faizini təşkil edərkən, “KP.3.1.” 17,7 faizlə onu izləyib. Bu iki variant birlikdə ABŞ-da “COVİD-19” yoluxanların 50,6 faizini təşkil edir.

ABŞ-ın ən azı 21 ştatında “Covid-19” yoluxmalarının yüksək səviyyədə olduğu bildirilsə də, Kaliforniya Universiteti yeni variantlar haqqında dedi: “Sizin çox, yoluxucu variantınız var, yəqin ki, bizdə olan ən yoluxucu variantlardan biridir”. Daha əvvəl İngiltərə və Yunanıstanda “COVİD-19” yoluxmalarında sıçrayış olduğu bildirilmişdi.

***

“COVİD-19” infeksiyadan bir neçə gün sonra və ya ən geci 2 həftə ərzində simptomlar göstərməyə başlayır. Mütəxəssislər tövsiyə edir ki, sizdə “COVİD-19” simptomları müşahidə olunarsa, dərhal ən yaxın sağlamlıq mərkəzinə müraciət edib müayinədən keçin. “COVID-19”un yeni variantlarının bəzi simptomları aşağıdakılardır:

Qızdırma və ya titrəmə

Öskürək

Nəfəs darlığı və ya nəfəs almaqda çətinlik

Taqətsizlik

Əzələ və ya bədən ağrıları

Baş ağrısı

Dad və ya qoxu itkisi

Boğaz ağrısı

Burun tutulması və ya axması

Ürəkbulanmasıı və ya qusma

Bağırsaq pozulması və ya ishal

***

Mütəxəssislər yay aylarında “COVİD-19”a yoluxma hallarının artmasının səbəbini insanların bu fəsildə park, çimərlik, festival və konsert kimi ərazilərə daha çox toplaşmaları ilə izah edirlər. Virus izdihamlı mühitlərdə daha çox insana yoluxur. Məsələn, İngiltərədə futbol üzrə Avropa çempionatını izləmək üçün azarkeşlərin bir araya gəlməsi səbəbindən xəstələrin sayında böyük artım olmuşdu.

Mütəxəssislər insanların sıx olduğu mühitlərdən uzaq durmağı, sosial məsafəni qorumağı və belə mühitlərdə maskadan istifadə etməyi tövsiyə edir. Bundan əlavə, həkimlər gigiyenaya diqqət yetirməyi və peyvəndə laqeyd yanaşmamağı tövsiyə edir.

 





26.07.2024    çap et  çap et