Vaxt.Az

Soyuq müharibə başlanır?


 

Elxan Şahinoğlu: «Bundan sonra Qərb dövlətləri və beyin mərkəzləri Rusiyanın zəiflədilməsi barədə düşünəcəklər»

Soyuq müharibə başlanır? ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatası tərəfindən qəbul olunan və Ukraynadakı böhrana görə günahkar elan edilən şəxslərə qarşı sanksiyaların dəstəklənməsi və Ukraynaya yardım göstərilməsi haqqında fərman imzalayıb. APA-nın «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat katibi Cey Karni bildirib.

Qanun  Ukraynaya 1 mlrd dollar məbləğində kreditin və 150 mln. dollar məbləğində dərhal yardımın ayrılmasını nəzərdə tutur. Obama həmçinin Rusiyaya qarşı 2 mərhələli sanksiyaların tətbiq olunması haqqında fərman imzalayıb.

O, Ukrayna və yaxın ölkələrə yayımlanan ABŞ dövlət KİV-lərinin maliyyələşməsini nəzərdə tutan qanun imzalayıb.

Maraqlıdır, Obamanın bu addımı soyuq müharibə məsələsini gündəmə gətirirmi? Bunun deklorativ fəsadları nələr ola bilər?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, bu son olay soyuq müharibənin yenidən bərpa olunduğunu göstərir: «Rusiya Krımı işğal etməklə dünya düzənini yenidən dəyişdi, dünya xəritəsində öz bildiyi kimi yerdəyişmə etdi. ABŞ prezident Barak Obama hakimiyyətə gəldiyi ilk gündən Rusiya ilə münasibətləri inkişaf etdirməyə çalışırdı. O, hətta bu məqsədlə Kremlin Gürcüstanı parçalamasına, Abxaziya və Cənubi Osetiyanı ilhaq etməsinə də göz yummuşdu. Obama o zamankı dövlət katibi Hillari Klintonu Moskvaya göndərərək, onun vasitəsilə «perezaqruzka» adlı yeni siyasətini elan etmişdi. Alınmadı. Kremli Qərbin və Vaşinqtonun onun haqqında nə düşündüyü maraqlandırmır. Maraqlandırsaydı, Krımı işğal etmədən öncə min dəfə ölçüb, bir dəfə biçərdi. Krımın Rusiyaya birləşdirilməsi geri dönüşü mümkün olmayan vəziyyət yaradıb».

E.Şahinoğlu bildirdi ki, bundan sonra heç bir Qərb ölkəsi Rusiyaya tərəfdaş dövlət kimi yanaşmayacaq: «Əlbəttə, Rusiya ilə yenidən münasibət qurub nəsə müzakirələr aparacaqlar, ancaq daha bu ölkəyə inanmayacaqlar. SSRİ dağıldıqdan sonra Qərb Rusiyanı sivil dünya klubuna üzv etməyə çalışdı, ancaq göründüyü kimi, bu alınmadı. Demək, Qərb də siyasətini buna adekvat formalaşdıracaq. Yəni Rusiya ilə məhdud çərçivədə əməkdaşlıq edəcək, ancaq bu əməkdaşlıq strateji mahiyyət kəsb etməyəcək. Bundan Rusiya siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha çox itirəcək. Krımın ələ keçirilməsi Rusiyaya baha başa gələcək».

Müsahibimizin fikrincə, bundan sonra Qərb dövlətləri və beyin mərkəzləri Rusiyanın zəiflədilməsi, Rusiyaya qonşu dövlətlərin isə gücləndirilməsi barədə düşünəcəklər. Məsələn, Rusiya NATO-nun genişləndirilməsinin və qonşularının bu təşkilata üzvlüyünün əleyhinədir: «Ancaq Krımı işğal etməklə özü Gürcüstan və Ukraynanı NATO-nun qucağına atmış oldu. Bu gün Vaşinqton və Brüssel Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü haqqında geniş müzakirələr açıblar. Qərbin beyin mərkəzləri Rusiyanın daxildən parçalanması barədə də planlar hazırlaya bilərlər. Putin Krımı işğal edərkən, «xalqların öz müqəddəratlarını təyinetmə hüququ var» demişdi. İndi Putin ona hazır olsun ki, bu hüquqdan Rusiyada yaşayan xalqlar istifadə etmək istəsin. Əlbəttə, indi bu heç kimin yadına düşmür. Ancaq elə ki, Rusiyanın neft gəlirləri azaldı və iqtisadi vəziyyəti ağırlaşdı, Putinin dili ilə desək, «xalqların öz müqəddəratını təyinetməsi» amili Rusiyada aktuallaşacaq və onda Kreml sahibinin məntiqi işləməyəcək. Çünki ona öz sözlərini xatırladacaqlar, necə olur Krıma referendum keçirmək olar, Tatarıstana, Dağıstana və ya Çuvaşiyaya olmaz?» («Yeni Müsavat»)

 





05.04.2014    çap et  çap et