Bu həşəratların sürfələri heyvan yemi kimi də istifadə olunur.
“Communications Biology” elmi jurnalında dərc olunan araşdırmada elm adamları bu milçəklərin genetik modifikasiyası ilə daha çox fayda əldə edilə biləcəyini irəli sürürlər.
Avstraliyanın “Macquarie” Universitetinin tədqiqatçıları bunun milçəklərin həm daha çox tullantı istehlak etməsinə, həm də prosesdə müxtəlif sektorlarda istifadə olunacaq fermentlər istehsal etməsinə imkan yaradacağını bildiriblər.
Hazırda tullantıların idarə olunmasında geni dəyişdirilmiş mikroblardan istifadə olunur. Amma bu canlıların steril mühitə və bol suya ehtiyacı var. Araşdırmanın baş müəllifi Matsey Maselko qara milçəklərin birbaşa çirkli zibillə qidalana biləcəyini deyir: “Qara milçəklər mikroblardan daha kiçik hissələrə parçalanan böyük həcmdə tullantıları istehlak edəcəklər”.
Tədqiqatçılar deyirlər ki, onların təklif etdiyi metod həm də üzvi tullantıların parçalanması zamanı buraxılan metan qazının miqdarını azaldacaq. Məqalənin aparıcı müəllifi Keyt Tepper deyir: “Biz iqlim fəlakətinə doğru gedirik və poliqonlardakı tullantılar metan qazı buraxır. Bunu sıfıra endirməliyik”.
Tepper artıq milçəklərin genetik modifikasiyasına başlayıb. Tədqiqatlarını kommersiya miqyasına daşımaq üçün “EntoZyme” adlı bir şirkət quran “Macquarie” Universiteti, qara milçəklərin bu ilin sonundan əvvəl istifadə ediləcəyini gözləyir.
Alimlər bildirirlər ki, tullantıların istehlakı prosesində milçəklər heyvan yemi, tekstil və əczaçılıq məhsullarında istifadə olunan fermentlər, həmçinin bioyanacaq və sürtkü materiallarının istehsalında istifadə oluna bilən neft birləşmələri istehsal edə bilirlər.
Tullantıların artıq problem olmadığı, təkrar istifadə edildiyi dairəvi iqtisadiyyat modelinə keçiddə geni dəyişdirilmiş milçəklərin əhəmiyyətli bir addım olacağı düşünülür.
Tepper, bu həşəratların çox milyardlarla dollarlıq tullantıların idarə edilməsi bazarında əhəmiyyətli potensiala malik olduğunu bildirir. “Dayanıqlı dairəvi iqtisadiyyat istəyiriksə, onun iqtisadiyyatı da işləməlidir” deyə tədqiqatçı əlavə edir: “Tullantılardan daha çox dəyər qazanmaq üçün böcəklərin genetik modifikasiyası kimi davamlı texnologiyaların tətbiqi üçün iqtisadi stimul bu keçidin daha sürətlə aparılmasına töhfə verəcək”.
Tədqiqatçılar həmçinin bəzi dəyişikliklər edərək, məsələn, uçmaq bacarıqlarını ləğv etməklə tullantıların yerləşdiyi ərazidən milçəklərin çıxmasının qarşısını almağı planlaşdırırlar.