Bitkilər fotosintez edərkən karbon qazını udur və saxlayır. Beləliklə, ağaclar qlobal istiləşməyə qarşı unikal rol oynayır.
Sənaye inqilabından bəri qlobal istiləşmənin təxminən 30 faizinə səbəb olduğu düşünülən metan qazının yalnız torpaqdakı bakteriyalar tərəfindən udulduğu düşünülürdü.
Çərşənbə günü aparıcı ekspertlər tərəfindən nəzərdən keçirilən və “Nature” jurnalında dərc edilən araşdırma, ağac qabığındakı mikrobların metanı udduğunu ortaya qoyub.
Karbon qazı atmosferdə yüz illərlə qala bilsə də, metan qazının ömrünün təxminən 12 il olduğu təxmin edilir. Buna görə də, ağacların yeni məlum olan xüsusiyyəti iqlim böhranının təsirlərinin qarşısının alınmasında daha sürətli nəticələr verə bilər.
Metan qazı emissiyalarının artım tempi rekordlar 1980-ci illərdən bəri ən yüksək səviyyədədir. Emissiyaların əsas səbəbi kənd təsərrüfatı və heyvandarlıqdır.
Tədqiqatda alimlər Amazon və Panamadakı tropik meşələri, Böyük Britaniyada mülayim enliyarpaqlı meşələri və İsveçdəki tayqa meşələrini araşdırıblar.
Tropik meşələrdə daha çox metanın udulduğunu qeyd edən komanda bunu isti və rütubətli mühitlərdə mikrobların çoxalması ilə əlaqələndirir.
Yeni bilinən xüsusiyyət mülayim və tropik ağacların məlum iqlim faydalarını orta hesabla 10 faiz artırır.
Ağacların yuxarı hissələrində atmosferdən daha çox metan qazının udulduğu da müşahidə olunub.
Araşdırmaya rəhbərlik edən professor Vinsent Qauci tapıntıları belə dəyərləndirir: “Bu, ağacların təmin etdiyi həyati iqlim xidməti yeni öyrənilən təəccüblü üsul ortaya çıxarır”.
2021-ci il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında (COP26) işə salınan Qlobal Metan Alyansı 2030-cu ilə qədər metan emissiyalarını 30 faiz azaltmağı hədəfləyir.
“Nəticələrimiz göstərir ki, daha çox ağac əkmək və meşələrin qırılmasının azaldılması bu məqsədə doğru istənilən yanaşmanın mühüm hissəsi olmalıdır”, – Qauci deyib.
Ağac əkmə səyləri əhəmiyyət qazansa da, bəzi ekspertlər təbii yenilənmənin daha çox fayda verdiyinə inanırlar. Bu üsulda məqsəd, məhdud insan müdaxilələri ilə meşələri bərpa etməkdir.
“Təbiət İqlim Dəyişikliyi” jurnalında eyni gündə nəşr olunan başqa bir araşdırmada, iki üsulun birlikdə istifadə edilməsinin hər ikisini tək başına sınamaqdan daha təsirli nəticələr verəcəyi qeyd edildi.
Tədqiqatçılar meşələrin salınmasının vacib olduğunu bildirsələr də, bunun qalıq yanacaqların yaratdığı istixana qazı emissiyalarının azaldılmasını əvəz edə bilməyəcəyini vurğulayırlar.
Məqalədə deyilir ki, meşə salınmasının 30 il ərzində azaldacağı istixana qazlarının miqdarı 8 ayda dünya miqyasında qalıq yanacaqların hasil etdiyinə bərabər olacaq.