Vaxt.Az

“İşğalı normallaşdırırlar”


 

Rusiya-Ukrayna müharibəsi texno səhnəsində mübahisə yaradır

“İşğalı normallaşdırırlar” Rusiyanın Ukraynaya 2022-ci ilin fevralından bəri davam edən işğalında qarşıdurmalar davam edərkən, müharibə mədəni sahədə də öz təsirini göstərməkdədir.

Böyük Britaniyanın aparıcı qəzetlərindən biri olan “The Observer” bu gün dərc etdiyi xəbəri belə adlandırıb: “Rusiyada texno tədbirlərdə oynayan qərbli DJ-lər müharibənin normallaşdırılmasında ittiham olunurlar”.

Bildirilib ki, ukraynalı fəallar Rusiyada yay musiqi festivallarının keçirilməsinə “həyatın adi axarında davam etdiyi barədə yanlış təəssürat yaratdıqlarını” əsas gətirirlər.

Müharibə qərarlarının verildiyi Kremldən avtomobillə 4 saata çatmaq mümkün olan “Outline” festivalında ABŞ, Almaniya, Fransa kimi bir çox Qərb ölkələrindən musiqiçilərin çıxış etdiyi vurğulanıb.

Qeyd olunub ki, 18-24 iyul tarixlərində keçirilən festivalın ab-havası, demək olar ki, Avropanın digər yerlərində keçirilən analoji tədbirlərlə eynidir.

Təxminən iki il yarımdır davam edən işğal zamanı bir çox qərbli musiqiçinin Rusiyadan gələn təklifləri qəbul etmədiyi bildirilərkən, xüsusilə texno səhnəsində bu vəziyyətin dəyişdiyi ifadə edildi.

Kiyevin musiqi dairələrində tanınan ukraynalı fəal Maya Baklanova bu dəyişikliyi belə şərh edir: “Orada çıxış edən bütün Qərb sənətçiləri müharibəni və Rusiya rejimini normallaşdırırlar. Qərb sənətçilərinin heç nə yoxmuş kimi oynaması və Rusiyanın təcrid olunmadığını göstərməsi Kreml üçün vacibdir. Rusiya təbliğatı siyasi vəziyyəti mədəni hadisələrdən ayırmaqla ölkənin müsbət imicini təqdim etməyə çalışır”.

Rusiyanın mədəni tədbirlərlə imicini yaxşılaşdırmasına qarşı çıxan Baklanova xarici sənətçilərin bu ölkədə konsert verməsinin qarşısını almaq üçün onlayn kampaniyaya başlayıb: “Bu sənətçilər tədbirlərdə iştirak edərək həm Rusiyanın iqtisadiyyatına, həm də hərbi büdcəsinə töhfə verirlər. İndiki Rusiyada mədəniyyətlə siyasəti bir-birindən ayırmaq olmaz”.

Baklanova deyir ki, amerikalı reper Kanye Uestin Moskvaya səfəri ilə bağlı mətbuatda yer alan xəbərlər Rusiyanın imici üçün də önəmlidir.

“The Observer” “Outline” adlı festivala qatılan bəzi DJ-lərdən bu mövzuda fikirlərini soruşub. Cavab belə oldu ki, incəsənət və musiqi siyasəti üstələyir və mədəniyyətlər arasında körpü yaradır.

Brüsseldə yaşayan DJ Alexandre Guisson tədbirdə yaxşı vaxt keçirdiyini və iştirakçıların müharibəyə qarşı olduğunu iddia edib.

Festivalın əsas sənətçilərindən biri olan Atom öz internet səhifəsində yerləşdirdiyi bəyanatla hərəkətinə haqq qazandırıb. Alman DJ ona qarşı “böhtan kampaniyası” aparıldığını iddia edib və bu açıqlamaları verib: “Mən özümü siyasətdən tamamilə uzaq, daha doğrusu, siyasətdən kənara çıxan biri kimi görürəm. Uzun illər əvvəl mən musiqi vasitəsilə həqiqi insan əlaqələri qurmaq yoluna qədəm qoymağı seçdim. Ayrılıq forması olan siyasəti yox, birlik forması olan musiqini seçdim”.

Lakin ötən il həmin festivalın girişində çadırın qurulması və əsgər qəbulunun həyata keçirilməsi birbaşa mədəniyyət-siyasət bağının olduğunu göstərir.

“The Observer”in Rusiyadakı iki mənbəsi festivalın sponsoru olan “T-Bank”, “Yandex” və “Lenta” kimi brendlərə işarə edərək, “Birbaşa səlahiyyətli orqanlardan icazə almadan heç bir böyük tədbir keçirilə bilməz”, – deyir.

Digər tərəfdən, Qərb mediası yazır ki, işğaldan sonra Rusiya müharibə əleyhinə olan sənətçilərə, yazıçılara və digər ziyalılara qarşı senzuranı və repressiyaları artırıb.

Əvvəlki həftələrdə Moskvada keçirilən məhkəmədə hakim 39 yaşlı teatr direktoru Yevgeniya Berkoviç və 44 yaşlı dramaturq Svetlana Petriçuku “terrorçuluğu qanuniləşdirməkdə” ittiham edərək hər birini 6 il müddətinə azadlıqdan məhrum edib. Onlar 2010-cu illərin ortalarında İŞİD döyüşçüləri ilə evlənmək üçün Suriyaya gedən rus qadınlarından ilhamlanaraq “Cəsur Şahin Finist” adlı tamaşa hazırlamışdı.

 





28.07.2024    çap et  çap et