Maduro seçkinin nəticələrinə hörmətlə yanaşacaqlarını bəyan edərək, “rəsmi nəticələri tanıyıram və tanıyacağam. Bu nəticələrə hörmətlə yanaşılmasını təmin edəcəyəm. Tək mən yox, seçkidə iştirak edən 38 siyasi partiya da açıq şəkildə bəyan etməlidir ki, seçkilərin nəticələrinə hörmətlə yanaşacaqlar”. – deyib.
Milli Seçki Şurasının (CNE) açıqlayacağı rəsmi nəticələrə işarə edən Maduro, “Sülh içində gələcəyimi dedim və gəldim. Əgər bir şeyi qorumaq və müdafiə etmək lazımdırsa, vacib olan odur ki, Venesuelalılar sülh, harmoniya və birlik içində yaşayırlar”.
Maduro sabahdan etibarən ölkədəki siyasi partiyalar və bütün sektorların nümayəndələrini yeni dialoqa çağıracağını bildirib.
Digər tərəfdən Maduro “X” sosial media platformasında səsvermə anının görüntülərini paylaşaraq “Asanlıqla, tez və praktiki şəkildə səs verirəm. Hər kəsi sülh, demokratiya və Venesuelaya səs verməyə dəvət edirəm”, – deyib.
Müxalifət liderindən tərəfdarlarına çağırış
Müxalifət lideri Maria Korina Maçado sosial media hesabında tərəfdarlarına müraciət edərək, “əziz venesuelalılar, çoxdan gözlənilən gün gəldi. 25 ildir ki, bu an üçün mübarizə aparırıq”, – deyib.
Səsvermə prosesinin şəffaflığı üçün seçki məntəqələrində növbətçilərin öz yerlərində qalmalarını xahiş edən Maçado, bütün venesuelalıları seçkiyə getməyə və dəyişiklik üçün səs verməyə çağırıb.
21 milyondan çox seçici səs verəcək
Venesuelada insanlar 2025-2031-ci illərdə vəzifəsini icra edəcək yeni prezidenti müəyyən etmək üçün səs verirlər.
Venesuelada qeydə alınmış 21 milyondan çox seçici 15 min 767 mərkəzdə yerli vaxtla saat 06.00-da (Bakı vaxtilə 14:00) açılan seçki qutularında səs verməyə başlayıb. Namizədlərin adlarının göstərildiyi qurğularda öz seçimlərini edən seçicilər istədikləri vərəqi götürərək seçki qutusuna atacaqlar.
Ölkədə səsvermə yerli vaxtla saat 18.00-a qədər davam edəcək.
10 namizədin qatıldığı prezident seçkilərində yarış Böyük Vətənpərvər Qütbün (Gran Polo Patriotico) namizədi prezident Maduro ilə müxalifət koalisiyasının Birləşmiş Demokratik Platformasının (PUD) namizədi Edmundo Qonzales arasındadır.
Digər namizədlərin Benjamin Rausseo, Antonio Ecarri, Daniel Ceballos, Luis Eduardo Martinez, Xose Brito, Klaudio Fermin, Xavyer Bertucci və Enrike Martinez olduğu bildirilib.
Milli mətbuatda yer alan xəbərlərə görə, ölkə daxilində seçkilərin təhlükəsizliyini təmin etmək üçün 380 mindən çox əsgər və polis təyin edilib.
10 ildən sonra bütün partiyalar iştirak edir
Prezidentliyə namizədlərdən biri olan Qonzales seçkidə qalib gələrsə, Venesuelanın hakim Vahid Sosialist Partiyasının (PSUV) 25 illik hakimiyyəti başa çatacaq.
Maduro prezident seçkilərində qalib gəlsə, üçüncü dəfə bu vəzifəni tutacaq. Venesuelada son 10 ildə ilk dəfə olaraq bütün müxalifət partiyaları seçkiləri boykot etməmək qərarına gəliblər. Bir çox ölkə, o cümlədən Türkiyə Venesueladakı seçkilərə müşahidəçi göndərib.