“Vahid Milli Hərəkat”ın lideri Tinatin Bokuçava və müxalifət qanadından olan parlament üzvləri Batumi şəhərinin mərkəzində yerləşən məhkəmənin qarşısında jurnalistlərə açıqlama veriblər.
Millət vəkili Bokuçava və onu müşayiət edən şəxslər ümumilikdə 38 millət vəkilinin imzası ilə Konstitusiya Məhkəməsinə ərizə təqdim etdiklərini bildiriblər.
***
Digər tərəfdən, hakim “Gürcü Arzusu Partiyası”nın deputatı Givi Mikanadze partiyanın ofisində keçirdiyi mətbuat konfransında qanuna qarşı ərizə verilməsini dəyərləndirib.
Mikanadze bəyan edib ki, qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə prezident Zurabişvili və müxalifət partiyalarından başqa ölkədə fəaliyyət göstərən 121 qeyri-hökumət təşkilatı da (QHT) müraciət edib.
Mikanadze bildirib ki, sözügedən QHT-lərin 79 faizi illik xərc hesabatı dərc etmir, bəzilərinin isə hətta rəsmi internet saytı yoxdur: “Bu, bir daha göstərir ki, bu sektorda vəziyyət nə qədər ciddidir və bu sektor şəffaf deyil”, – deyib.
Mikanadze iddia edib ki, qanunun ləğvi üçün petisiya təqdim edən QHT-lər şəffaf fəaliyyət göstərmirlər.
Prezident Salome Zurabişvili iyulun 18-də Konstitusiya Məhkəməsinə müraciət edərək, onun da əleyhinə çıxdığı “Xarici təsirin şəffaflığı” qanununun fəaliyyətinin dayandırılmasını və ləğv edilməsini istəyib.
***
Aprel ayında Gürcüstan parlamentinə “Xarici təsirin şəffaflığı” qanun layihəsi təqdim edildikdən sonra ölkədə nümayişlər başlayıb.
Hüquqi tənzimləmədə nəzərdə tutulurdu ki, Gürcüstanda vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan təşkilatlar “xarici gücün maraqlarını güdən təşkilatlar” kimi qeydiyyatdan keçməlidirlər, əks halda onları cərimə gözləyir.
Hakim “Gürcü Arzusu Partiyası”nın apreldə təqdim etdiyi və mayın 14-də parlamentdə səsvermədə qəbul edilən qanuna mayın 18-də prezident Salome Zurabişvili veto qoyub.
Mayın 28-də keçirilən səsvermədə qanunun 4 əleyhinə, lehinə 84 səslə yenidən təsdiqlənməsi ilə Zurabişvilinin vetosunun öhdəsindən gəlib.