Vaxt.Az

Hədəfdə yenə Fransadır


 

Əvvəlcə qatar xətləri, indi isə telefon operatorları...

Hədəfdə yenə Fransadır Fransanın 6 əyalətində bir çox telefon operatorunu hədəf alan təxribatlar həyata keçirilib. Fransa mətbuatında yer alan xəbərlərə görə, Ero (Herault), Buş-dü-Ron (Bouches-du-Rhone), Uaza (Oise), Maas (Meuse), Drom (Drome) və Od (Aude) şəhərlərindəki bir çox telefon operatorunun telekommunikasiya xətləri hədəf olub. “SFR”, “Bouygues” və “Free” şəbəkələri gecə saatlarında eyni vaxtda edilən təxribatlara tuş gəlib.

Polis mənbələrindən alınan məlumata görə, şəbəkələrin problemləri fiber optik kabellərin kəsilməsi nəticəsində baş verib. “Le Parisien”ə verdiyi açıqlamada “Free” şəbəkə rəsmiləri çox operatorlu şəbəkə insidentinin baş verdiyini və bəzi xidmətlərin kəsilə biləcəyini təsdiqləsələr də, problemin dəqiq səbəbi barədə məlumat verməyiblər.

Digər tərəfdən, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gündəlik mətbuat konfransında Fransa rəsmisi Etien Tobua (Etienne Thobois) dəmir yollarında təxribat törədildikdən sonra bu səhər qatarların yenidən fəaliyyətə başladığını bildirib.

İyulun 26-da Olimpiya Oyunlarının açılış mərasiminə saatlar qalmış Fransanın Pani-sür-Mozel (Pagny-sur-Moselle), Kurtalen (Courtellain) və Kruaziy (Croisilles) şəhərlərində qatar xətləri yandırılıb. Verjini (Vergigny) şəhərində qatar xəttini yandırmaq cəhdinin qarşısı alınıb. Təxminən 800 min sərnişin qatar xətlərindəki fasilələr səbəbindən problem yaşayıb.

Yeni təxribatın qarşısını almaq üçün Fransa hökuməti tərəfindən əlavə təhlükəsizlik tədbirləri görülsə də, yanğınların səbəbkarları hələ də axtarılır. Fransa avqustun 11-dək davam edəcək Olimpiadaya ev sahibliyi edir. Parisdə keçirilən və təxminən 16 milyon turistin gözlənildiyi mundialda 206 nümayəndə heyətindən 10500 idmançı iştirak edir.

 





29.07.2024    çap et  çap et