Vaxt.Az

«Rusiya Laçında hərbi baza qura bilər»


 

Vəfa Quluzadə: «Heydər Əliyevlə birgə işləyəndə biz ABŞ-a müraciət etmişdik ki, Azərbaycanda qoşun yerləşdirsin»

«Rusiya Laçında hərbi baza qura bilər» Rusiyanın Krımı ilhaqı Dağlıq Qarabağ probleminin həllini mürəkkəbləşdirir. Bunu ABŞ-dakı Kornegi Fondunun baş eksperti, «Qara Bağ» kitabının müəllifi Tomas de Vaal da təsdiqləyir. Onun qənaətinə görə, Krım böhranı fonunda Qarabağın həlli perspektivi qəlizləşib.

Çünki Krımın Rusiyaya birləşdirilməsindən sonra Azərbaycan və Ermənistanın Qarabağa dair mövqeləri sərtləşib. Rus politoloq Sergey Markedonov isə hesab edir ki, beynəlxalq hüquq, haqq-ədalət Rusiya üçün arxa plandadır.

Azərbaycanın xarici siyasəti Moskvanı qane eləməsə, o, heç bir beynəlxalq normaya baxmadan özünün Qarabağ siyasətini müəyyənləşdirəcək. Məsələn, Kremlin danışan hədə dillərindən olan Vladimir Jirinovski deyir ki, Qarabağ Rusiyaya birləşmək istəsə, qəbul edəcəklər. ABŞ-ın Miçiqan Universitetinin professoru, Ermənistanın sabiq dövlət müşaviri olmuş Jirayr Libaredyan da Qarabağın Rusiyaya birləşdirilmə ehtimalından danışıb.

Libaredyanın fikrincə, Moskvaya Dağlıq Qarabağı təsir altında saxlamağa imkan verən aralıq status lazımdır. Bu status elə olmalıdır ki, Rusiyanın Dağlıq Qarabağı Azərbaycandan alması kimi anlaşılmasın. Rusiya əraziləri qaytaracaq, Laçını isə özünə götürəcək və ondan isti su kranı kimi istifadə edəcək.

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyir ki, Rusiyanın Qarabağı Azərbaycana qaytarması və Laçını götürməsi inandırıcı görünmür.  Onun fikrincə, Laçın kranından istifadə fikrinin öz mənası var: «Libaredyan demək istəyir ki, Laçın həm Azərbaycan, həm də Ermənistandan hündürdə yerləşir. Rusiya bu yerdə hərbi bazasını yerləşdirə və hər iki tərəfi vura bilər. Ancaq bu, mümkün deyil.

Çünki son proseslər Azərbaycanın xeyrinə cərəyan edir. Əgər Cənubi Qafqazda müharibə başlasa, Şimali Qafqaza sıçrayacaq. Bu halda Rusiya itki verəcək. Ona görə də Rusiya Azərbaycanın maraqlarını nəzərə almağa məhkumdur. Elə etməlidir ki, ölkəmizdə ara qarışmasın, Şimali Qafqazda gərginlik yaranmasın. Azərbaycanla ehtiyatla davranır».

M.Əhmədoğlu Qarabağda Krımsayağı referendum keçirib, bu torpaqların Rusiyaya birləşdirilməsi ehtimalını qəbul etmir. Onun sözlərinə görə, Rusiyanın içində ermənilərə nifrət yaranıb və onlar ermənilərə rus pasportu vermək istəmirlər.

Ekspertin mülahizələrinə görə, bu fırıldaqlar Qarabağda keçməyəcək: «Qərbdə olan erməni ekspertlərin son çıxışlarından belə nəticə çıxır ki, onlar Qarabağın müstəqil olmadığını və Ermənistana birləşə bilməyəcəyini etiraf edirlər.

Erməniləri ali şüur idarə etmir. Onları instinktlər idarə edir. Ermənilər razıdırlar ki, Qarabağ Rusiyaya, Almaniyaya, hətta Zimbabveyə birləşsin, təki Azərbaycanın tərkibinə qayıtmasın. Bu son səslənən fikirlər də göstərir ki, Qarabağın müstəqilliyinə inam azalıb. Bu fonda Libaredyan deyir ki, torpaqlar Azərbaycana qayıda bilər.

Çünki Qarabağ münaqişəsinin sahibi ermənilər deyil. Ancaq o da mümkün deyil ki, Rusiya Laçını götürüb, qalan əraziləri qaytarsın. Bu dəlilik əlaməti olar. Əslində Rusiyanın Krım mövqeyində Azərbaycanın maraqlarına cavab verən addımlar var.

Putin deyir ki, Xruşşovun səhvini düzəltmişəm. O halda Stalin Zəngəzuru Ermənistana verib, anklav ərazi yaratmaq istədi. Əgər SSRİ respublikalarının ərazilərinə yenidən baxılırsa, Zəngəzur da Azərbaycana qaytarılmalıdır».

Politoloq hesab edir ki, Rusiya Gömrük İttifaqı planını başa vurandan sonra açıq mesajlar verməyə başlayacaq: «Siyasi şərhçi Dubnov da deyir ki, ermənilər hər şeyin əvəzini ödəyəcəklər. Çünki Rusiyanın hesabına yaşayıblar, indi Qərbə istiqamətlənirlər. Rusiyanın içində ermənilərə nifrət var və onlara pasport verilməsi qeyri - mümkündür».

Bu mövzuda sabiq dövlət müşaviri Vəfa Quluzadə sensasion açıqlama verib. «Biz ABŞ-a müraciət etmişdik ki, Azərbaycanda hərbi bazasını yerləşdirsin». «Axar.az»a açıqlamasında politoloq Vəfa Quluzadə deyib ki, Amerika 90-cı illərdə cəsarət edib atmadığı addımın cəzasını çəkir: «Vaxtı ilə mən Heydər Əliyevlə birgə işləyəndə biz ABŞ-a müraciət etmişdik ki, Azərbaycanda hərbi bazasını yerləşdirsin. Amma Amerika ondan çəkindi. Amerika gərək 90-cı illərdə buna gedəydi. Amma etmədi. 90-cı illərdə bazasını burada yerləşdirsəydi, Krımda bu tip proseslər baş verməyəcəkdi. Ola bilsin, Qarabağ problemi də həll olunacaqdı. Rusiya həmin zaman Amerikaya reaksiya vermək iqtidarında deyildi. Yeltsinin dövrü idi və Rusiya çökmüş vəziyyətdəydi. Amerika burada olduqca cəsarətsiz mövqedən çıxış etdi. İndi Rusiya Amerikaya silləsini vurub. Amma cavabını hələ görməyib». («Yeni Müsavat»)

 





05.04.2014    çap et  çap et