AŞPA Rusiyanın Krımı işğal etməsinin nəticəsi olaraq bu ölkənin nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması və onların səsvermə hüququndan məhrum edilməsini müzakirə edəcək.
Bu təkliflər Böyük Britaniya nümayəndə heyətindən Robert Ualter və Danimarkadan olan deputat Mikael Aastrup Yensen tərəfindən irəli sürülüb. Qətnamə təklifləri Rusiya tərəfindən Avropa Şurasının əsas prinsiplərinin pozulması iddialarına əsaslanır və səsvermə hüququnun dayandırılması AŞPA Prosedur Nizamnaməsinin 9.1-ci maddəsinə görə mümkündür.
Xatırladaq ki, Rusiya parlamenti bu tədbirləri qabaqlayaraq nümayəndə heyətinin AŞPA-nı tərk edəcəyi ilə hədələyib.
Sessiyanın ikinci günündə (8 aprel) Ukraynanın yeni baş naziri Arseniy Yatsenyukun çıxış edəcəyi gözlənilir. Çıxış «Ukraynadakı son hadisələr: demokratik institutların fəaliyyəti üçün təhlükə» adı altında təcili debat çərçivəsində olacaq.