Vaxt.Az

“Pişikli dəli qadın”


 

Necə oldu ki, “pişik xanım” ifadəsi seksist təhqirə çevrildi?

“Pişikli dəli qadın” 2024-cü il ABŞ prezident seçkilərində Donald Trampın vitse-prezidentliyə namizədi Ceyms Vensin Kamala Harrisi “pişik ledi” adlandıraraq hədəf aldığı çıxışları yenidən gündəmə gəlib.

Qadınlara qarşı cinsiyyətçi ifadə sayılan “pişik qadın” ifadəsi bir çox insanın reaksiyasını çəkib. “Biz bu ölkədə demokratlar və korporativ oliqarxlarımız vasitəsilə öz həyatlarından və etdikləri seçimlərdən narazı olan bir qrup uşaqsız pişik qadınları tərəfindən effektiv şəkildə idarə olunuruq”, –Vens 2021-ci ildə verdiyi müsahibədə demişdi.

“Və buna görə də onlar ölkənin qalan hissəsini viran etmək istəyirlər”, – deyən Vens ABŞ-ın vitse-prezidenti Harris və Demokratik Partiya üzvü Aleksandria Okasio-Kortezi misal çəkərək bildirmişdi.

Bu sözlər keçən həftə “X”də (Twitter) yenidən paylaşıldıqdan sonra, Cennifer Aniston və Vupi Qoldberq kimi məşhurlar da daxil olmaqla bir çox insan Vensə etirazlarını bildirdi.

Dünyada çox yayılmış stereotip olan “pişikli qadın” ifadəsi övladı olmayan və pişiklərlə yaşayan orta yaşlı qadınlara qarşı təhqir kimi istifadə olunur. Bu tipdə qadınlara dəli deyilir”.

Bioloji övladı olmayan Harrisin iki ögey övladı var və məlum olduğu kimi, pişiyi də yoxdur.

“Animaladies” adlı kitabında “pişikli dəli qadınlar” haqqında fəsil yazan Avstraliyanın “Wollongong” Universitetindən Fiona Probin-Rapsi Vensin sözlərini belə dəyərləndirib: “Bu, övladı olmayan qadınlar üçün seksist bir epitetdir, amma daha önəmlisi, onun uşaq olub-olmamasının heç bir əhəmiyyəti yoxdur”.

Bəs necə oldu ki, pişiklərlə yaşamaq qadınları ləkələmək təcəssümü oldu?

***

Qədim Misirdə qadınlıq simvolu olan pişiklər ilahədə təcəssüm olunurdu. Bast, pişik ilahəsi, tez-tez pişik və ya pişik başı olan bir qadın kimi təsvir edilib.

Böyük Britaniyanın Kent Universitetindən Kori Urenn deyir ki, qadınların “pişikləşməsi” onların gücünü əks etdirir, lakin bəzən bu güc yox edilməli olan bir təhlükə kimi qəbul edilir.

Ancaq orta əsr Avropasında pişiklər bütpərəstlik və cadugərliklə əlaqələndirildi. 12-ci əsrdə şeytanın pişiyə çevrilməsi ilə bağlı rəvayətlər olduğu halda, qadın cadugərlərin pişiyə çevrilə biləcəyi inancı geniş yayılmışdı.

***

18-ci əsrdə Avropa və ABŞ-da cadugər sınaqlarının ədalətsiz olduğu fikrinin qəbulu ilə pişik qadınları qorxulu görünüşlərini itirdilər. Əvəzində pişiklərlə yaşayan subay qadınlara camaat yazığı gəlməyə başladı.

Bu fikir 1837-1901-ci illəri əhatə edən Viktoriya dövründə xüsusilə geniş yayılmışdı.

“Potter's American Monthly” jurnalının 1881-ci il sayında Hart Ayrault “varlıqlarının son məqsədi” olan nikahda uğursuz olan qadınlar haqqında yazır: “Ənənə onu pişiklər və tutuquşularla eyniləşdirir və onun qurumuş ürəyində qalan bütün sevgini onlara həsr etməsi gözlənilir”.

Bu xarakter 20-ci əsrin əvvəllərində qadınların səsvermə və seçilmək hüququnu müdafiə edən sufrajistlərə qarşı da istifadə edilib.

Daha aktiv, erkək itlərdən fərqli olaraq passiv olaraq qəbul edilən və evlə əlaqəli olan pişiklər sufrajistlər əleyhinə təbliğatın simvoluna çevrildi. Müxtəlif cizgi filmlərində uşaqları və pişikləri ilə evdə oturan kişilər siyasətə qatılan qadınların qarşısında güclərini itirmiş kimi təsvir edilib.

1916-cı ildə qadınların səsvermə hüququ üçün mübarizəyə başlayan ABŞ-dan olan Nell Riçardson və Alis Burke ölkəni gəzərkən bir pişik götürüblər.

Avtomobilin istehsalçısının şərəfinə Sakson adlandırılan qara pişik onların qeyri-rəsmi maskotuna çevrilib və hələ də seçki hüququnun simvolu kimi görünür.

Bununla belə, pişik qadın stereotipinin itdiyini söyləmək olmaz. “The Simpsons” filmindəki Eleanor Abernati və ABŞ istehsalı olan “The Office” filmindəki Angela kimi personajlar televiziyadakı tanış nümunələr arasındadır.

Bu stereotipə cavab olaraq feministlər bu ifadəni mənimsəməyə və öz tərifinə çevirməyə çalışırlar. Bundan əlavə, üzərində “pişikli dəli xanım” kimi yazıları olan bir çox məhsullar satılır.

Vensin sözlərinin yenidən canlanması qadınları Harrisə və pişik qadınlarına dəstək göstərməyə vadar edib.

 





01.08.2024    çap et  çap et