Vaxt.Az

Yaxın Şərqə donanma göndərilir


 

ABŞ “İrandan gələn təhdidlərə” qarşı təhlükəsizliyi artırır

Yaxın Şərqə donanma göndərilir ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “İrandan gələn təhdidlər” qarşısında İsrailin təhlükəsizliyinə dəstəyini artırmaq üçün bölgəyə əlavə döyüş təyyarələri və gəmilər göndərəcəklərini açıqlayıb.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, nazir Lloyd Ostin İranın mümkün hücumu halında İsrailə əlavə hərbi dəstək göndərilməsi barədə göstəriş verib.

Müvafiq olaraq, Pentaqon İsrailin “İrandan gələn təhdidlərə” qarşı təhlükəsizliyini artırmaq üçün bölgədəki Amerika hərbi varlığını mövcud vəziyyətə uyğun olaraq yenidən təşkil edəcək.

Bu çərçivədə nazir Ostin İsrailin regional təhlükəsizliyinin təmin edilməsində iştirak edən Amerika hərbi varlığının artırılması və bölgəyə əlavə ordu hissələri göndərilməsi barədə göstəriş verib.

ABŞ hazırda regionda fəaliyyət göstərən “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisini əvəz etmək üçün “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini göndərəcək.

Pentaqon həmçinin bölgəyə ballistik raketdən müdafiə qabiliyyətinə malik əlavə kreyserlər və esminesləri, həmçinin quruda ballistik raketdən müdafiə imkanlarını artıracaq, əlavə döyüş təyyarələri göndərəcək.

Digər tərəfdən, Pentaqonun verdiyi yazılı açıqlamaya görə, ABŞ müdafiə naziri Ostin və israilli həmkarı Yoav Gallant arasında məsələ ilə bağlı telefon danışığı olub.

Görüş zamanı Ostin ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini və “İrandan və onun genişlənməsindən qaynaqlanan təhdidlərə” qarşı Tel-Əvivə sarsılmaz dəstək verməyə davam edəcəklərini vurğuladı.

Ostin söz verib ki, İsrailin təhlükəsizliyinə gəldikdə, onlar Amerikanın bölgədəki hərbi varlığına lazımi tənzimləmə və düzəlişlər edəcəklər.

Digər tərəfdən, amerikalı nazir Qalanta “Yaxın Şərqdə gərginliyin daha da artmasının qaçınılmaz olmadığını” və “bölgədə gərginliyin azaldılmasının hər kəsə fayda verəcəyini” ifadə edərək, Qəzzada atəşkəsin bunun üçün vacib olduğunu bildirib.

ABŞ prezidenti Co Bayden ötən gün İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə “İran təhlükəsinə qarşı İsrailə əlavə hərbi dəstək göndərməyə hazırlaşırlar”, – deyib.

Digər tərəfdən, Bayden dünən axşam verdiyi açıqlamada, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Heniyyenin öldürülməsinin “atəşkəs ehtimalına təsir edib-etmədiyi” sualına “faydalı olmadı” cavabını verib.

Yaxın Şərqdə gərginliyin artmasından “çox narahat olduğunu” bildirən Bayden, İsrailin baş naziri Benyamin Netanyahu ilə çox aydın görüş keçirdiyini bildirib.

Bayden, “bu mövzuda çox açıq danışdım. Atəşkəs üçün əsasımız var. Netanyahu bunun üzərinə addım atmalıdır. Onlar da dərhal bunun üzərinə getməlidirlər”, – deyib.

 





02.08.2024    çap et  çap et