Vaxt.Az

Nobel mükafatçısı keçid hökumətinə gətirilir


 

Məhəmməd Yunus Fransadan Banqladeşə çağırılıb

Nobel mükafatçısı keçid hökumətinə gətirilir “Dhaka Tribune” qəzetinin məlumatına görə, tələbə etirazları ilə sarsılan Banqladeşdə müvəqqəti hökumətə başçı təyin olunan ad açıqlanıb.

Rəsmilər Banqladeş Prezidenti Məhəmməd Şahabuddin və Tələbə Ayrı-seçkiliyə Qarşı Hərəkat liderləri arasında keçirilən görüş nəticəsində Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun müvəqqəti hökumətin başçısı təyin edildiyini təsdiqləyiblər.

Bundan əlavə, rəsmilər qeyd edib ki, keçid hökumətinin qalan üzvləri müxtəlif siyasi partiyalarla məsləhətləşmələrdən sonra müəyyənləşəcək.

***

Tələbələrin rəhbərlik etdiyi etirazlar 1971-ci ildə Banqladeşdə Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin övladlarına dövlət kvotalarının ayrılması qərarından sonra iyulun ortalarında başlayıb.

İyulun sonunda Ali Məhkəmənin kvota dərəcələrini azaltması ilə etirazların başa çatdığı açıqlanıb.

Nümayişlərdəki zorakılıqlara görə məsuliyyət daşıyan Camaatı İslam Partiyası və onun tələbə qanadının fəaliyyəti qadağan edildikdən sonra küçələrə çıxan etirazçılar bu dəfə nümayişlərdə həyatını itirənlərə “ədalət” çağırışı ediblər.

Banqladeşdə nümayişlər zamanı baş verən zorakılıqlarda yüzlərlə insan həyatını itirib, minlərlə insan saxlanılıb.

Zorakılıq hadisələri artmaqda davam edərkən, baş nazir Şeyx Hasina rəsmi iqamətgahını tərk edərək hərbi helikopterlə Hindistana qaçıb. Bunun ardınca nümayişçilər isə Baş nazirin rəsmi iqamətgahına basqın ediblər.

Siyasi partiya nümayəndələri ilə görüşən Banqladeş ordusunun komandanı general Vaker-Uz-Zaman Hasinanın istefa verdiyini və keçid hökumətinin qurulacağını açıqlayıb.

***

Tələbə etirazlarının koordinatorlarından Nahid İslam ölkədə qurulması planlaşdırılan keçid hökumətinə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etməsini istədiklərini açıqlamışdı.

Banqladeşdə tələbələrin keçid hökumətinə rəhbərlik etməsini istəyən Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun beyin mərkəzi olan “Yunus Mərkəzi”nin icraçı direktoru Lamiyə Morşed BBC-yə açıqlama verib.

Hazırda Parisdə olan Yunusun tezliklə Dəkkəyə qayıdacağını bildirən Morşed, Yunus “Bu qədər fədakarlıq edən tələbələr bu çətin dövrdə məndən addım atmağı tələb edəndə mən necə imtina edə bilərəm?” deyərək tələbələrin müraciətlərinə müsbət cavab verdiyini bildirib.

***

Hasinanın uzun müddətdir rəqibi hesab etdiyi 84 yaşlı Məhəmməd Yunus “kasıbların bankiri” kimi tanınır. Banqladeşdə çoxsaylı maliyyə ittihamları ilə mühakimə olunan Nobel mükafatı laureatı Yunus haqqında Şeyx Hasina ilə soyuq münasibətlərinə görə hədəf alındığına dair bir çox iddialar səsləndirilib.

Aralarında ABŞ-ın keçmiş prezidenti Barak Obama, Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibi Pan Gi Mun və bir çox digər məşhur adların da olduğu bir qrup Şeyx Hasinaya məktub göndərərək, Yunusa qarşı məhkəmə prosesinin dayandırılmasını istəyib.

Məhəmməd Yunus 2006-cı ildə təsis etdiyi “Grameen Bankı”na və qabaqcıl işlərinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

 





07.08.2024    çap et  çap et