Siyahıdakı 10 nazirin ümumiyyətlə həmin siyahıda yer almadığını vurğulayan Zərif cinsi, yaş və etnik müxtəlifliyin yetərli olmamasından şikayətlənərək, bu şərtlər daxilində kampaniya zamanı verdiyi vədləri yerinə yetirməyin mümkün olmadığını bildirib.
Pezeşkian Xarici İşlər Nazirliyinə sabiq prezident Həsən Ruhaninin dövründə xarici işlər nazirinin müavini olmuş Abbas Arakçinin, Daxili işlər naziri postuna isə İslam İnqilabı Keşikçiləri Ordusunun (SEPAH) keçmiş komandirlərindən briqada generalı İsgəndər Mumininin namizədliyini irəli sürüb. Mühafizəkarların üstünlük təşkil etdiyi parlamentdə bir həftəlik danışıqlardan sonra kabinet siyahısına etimad səsverməsinin keçiriləcəyi gözlənilir.
***
Yeni kabinetdə strateji yerlərin mühafizəkarlara verilməsi islahatçıların etirazına səbəb olub. İslahat Cəbhəsinin sədri Azər Mənsuri ötən gün verdiyi müsahibədə kabinetin onun gözləntilərindən uzaq olduğunu bildirib. Cəbhənin sözçüsü Cavad İmam, “əgər siyasət ordu və güc nümayəndələri tərəfindən idarə olunacaqsa və sistem daxilində siyasi fəallara qarşı ehtiyatlı yanaşma dəyişdirilməyəcəksə, seçkilərin keçirilməsinə, ölkəyə bu cür xərclər qoymağa, insanların, xüsusən də gənclərin emosiyaları ilə oynamağa nə ehtiyac var idi”, – deyə sual verib. Pezeşkian seçki prosesi zamanı islahatçı qanadın tam dəstəyini alıb. Seçki prosesində “ən mühafizəkar islahatçı” kimi qələmə verilən Pezeşkianın kabinet siyahısını hazırlayarkən SEPAH-ın həssaslığını nəzərə aldığı düşünülür.
***
Nazirlər Kabinetində diqqəti çəkən digər məqam isə cəmi bir qadın nazirin olması idi. Siyahıya 53 yaşlı memar və şəhərsalma üzrə mütəxəssis Fərzanə Sadiqinin adı yollar və şəhərsalma naziri kimi daxil edilib. Əgər parlamentdən təsdiq ala bilsə, Sadiqi 1979-cu il inqilabından sonra nazir postunu tutan ikinci qadın olacaq.