Yerin aşağı orbitini izləyən şirkətlər tezliklə raketin ən azı 50 ədəd kosmik tullantı əmələ gətirdiyini müəyyən ediblər. Dağıntılara nəyin səbəb olduğu əvvəlcə məlum olmayıb, lakin ABŞ Müdafiə Nazirliyinin Kosmik Komandanlığı avqustun 8-də raketin parçalandığını təsdiqləyib. Kosmik Komandanlıq o zaman 300-ə yaxın tullantı olduğunu bildirsə də, hazırda bu rəqəm 700-ə çatıb. ABŞ-ın kosmik araşdırma şirkəti “LeoLabs”, bu rəqəmin 900-ü keçəcəyini təxmin edir.
Yerdən təxminən 800 kilometr yüksəklikdə olan tullantıların ən azı bir neçə il orada qalacağı gözlənilir. Kosmosun bu hissəsində atmosferin gücü çox aşağı olduğundan, onların hətta onilliklər boyu orbitdə qalması ehtimalı var.
Lakin dağıntı parçalarının ölçüləri hazırda məlum olmadığı üçün bu müddəti dəqiq söyləmək mümkün deyil.
Mütəxəssislər bildirirlər ki, raketin tullantıları orbitdəki ən azı 1100 peyk və obyektlə toqquşma riski yaradır.
Çin raketinin peykləri Yerin qütbləri ətrafında orbitə yerləşdirməsi də ekvator boyu cisimlərlə sərt toqquşma ehtimalını vurğulayır. Buffalo Mühəndislik və Tətbiqi Elmlər Universitetindən Con L. Krassidis bunu bir avtomobilin kəsişmədə yan tərəfdən digərinə dəyməsinə bənzədib: “Ən pis ssenari odur ki, dağıntı sahəsinin hər hansı bir hissəsi ekvator ətrafında hərəkət edən bir şeylə toqquşur”.
Dağıntılar 800 kilometrdən aşağı olan obyektlər üçün təhlükə yaratsa da, Beynəlxalq Kosmik Stansiya yerdən 408 kilometr yüksəklikdə yerləşir. Bununla belə, NASA bildirir ki, hələlik stansiyanı təhdid edən heç bir hadisə baş verməyib.
Raketin hansı səbəbdən parçalanması hələlik məlum deyil. İlk dəfə 2022-ci ilin martında buraxılan “Long March 6A” eyni ilin noyabrında parçalanıb və 500-dən çox kosmik tullantı əmələ gətirmişdi.
“Slingshot Aerospace” kosmik tədqiqat şirkətindən Audri Şaffer, “Aydındır ki, raketin yenidən eyni problemlə üzləşməsi məyusedicidir”, – deyib.
“Long March 6A” tərəfindən orbitə yerləşdirilən 18 peyk, “Shanghai Spacecom Satellite Technologies” tərəfindən yaradılmış şəbəkənin ilk üzvləridir. Dövlət agentliyi “SpaceX-in Starlink”lə rəqabət aparmağı, nəticədə 14 000 qurğunu birləşdirəcək süni peyk şəbəkəsi qurmağı hədəfləyir.