Virtualaz.org saytı xəbər verir ki, bu sözləri Ermənistanın müxalif «Respublika» partiyasının lideri, keçmiş baş nazir Aram Sərkisyan eks-prezident Robert Köçəryanın baş nazir olmasına Rusiyanın razılıq verdiyi barədə xəbərlərə münasibət bildirərkən deyib.
«Qoy Moskva kimi istəyirsə, onu da təyin etsin. Bundan ölkədə nəsə dəyişən deyil. Lap yaxşı, qoy elə Köçəryanı təyin etsinlər. Onda aydın olacaq ki, bu adamlar bir komandadır və birgə hərəkət ediblər, bu gün də birgə hərəkət edirlər» - deyə keçmiş baş nazir əlavə edib.
A.Sərkisyan baş nazir Tiqran Sərkisyanın istefasını mühüm hadisə hesab etmədiyini, yeni baş nazirin təyin olunmasının Ermənistanda ciddi uğurlara və dəyişikliyə səbəb olmayacağını bildirib.
Keçmiş baş nazirin fikrincə, Ermənistanda baş nazirin və prezidentin kim olmasını seçkilər yox, ancaq Moskva müəyyən edir.
«Prezidentlərin, baş nazirlərin, hətta rayon administrasiyası rəhbərlərinin və idarə rəislərinin də təyinatı Moskva ilə razılaşdırılır. Nə qədər ki bizim xarici siyasət oriyentasiyamız Rusiyaya, Gömrük İttifaqına doğrudur, belə də olacaq. Ona görə də mən həmişə hesab edirəm ki, dövlət Qərb dəyərləri sisteminə doğru kurs götürməlidir. Hansı ki, orada prezidentləri seçirlər, məhkəmə sistemi müstəqildir, əsl təhsil var» - deyə Aram Sərkisyan bildirib.