Vaxt.Az

Şərəfli ömrün sahibi


 

Unudulmaz ustad Şirməmməd Hüseynovun yaxınlaşan 100 yaşı

Şərəfli ömrün sahibi Bu axşam bir daha mehriban surəti həmişə gözlərim önündə və qəlbimdə, qələmindən çıxanlar köhnəlmədən tariximizdə qalacaq professor Şirməmməd Hüseynovu anıram.

Unudulmaz Şirməmməd müəllim məni 2017-ci il noyabrın 6-da Mətbuat Mərkəzində keçirilən mərasimə – şah əsərinin, “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” adlı üçcildliyinin təqdimat mərasiminə dəvət etmişdi.

Şirməmməd müəllim mənə əziz olan insan, yaratdığı kitab milli tariximiz üçün müstəsna dəyər daşıyan abidə idi. Təbii ki, gəldim, lap başlanğıcda geniş çıxış da etdim.

Üstündən bir müddət keçdikdən sonra Şirməmməd müəllim o tədbirin videoyazısını mənə hədiyyə edərək dedi ki, heyifdir, bəlkə bu çıxışını yazılaşdırıb qəzetə də verəsən?

Məsləhətə qulaq asdım və çox keçmədən həmin yazım mətbuatda dərc edildi.

2018-ci ilin noyabrında növbəti dəfə Şirməmməd müəllimgilə qonaqdım.

Qayıtdı ki, dekabrda 94 yaşım tamam olur, fakultədə istəyirlər ki, o münasibətlə haqqımda yazılan məqalələrdən ibarət bir toplu buraxılsın. Amma mən istəyirəm ki, elə sənin o “525”-dəki məqaləni ayrıca kitabça kimi nəşr edək, bəsimdir.

Dedim ki, ay Şirməmməd müəllim, bir məqalədən kitab olmaz axı, çox nazik alınacaq.

İnad etdi: “Bəsimdir, iş səhifənin çoxluğunda deyil ki!”.

Bir halda ki, könlündən keçirdi, gərək əməl edəydim. Ancaq bunu da düşündüm ki, təcili bir neçə əlavə yazı işləyim, kitab nisbətən kitaba oxşar hala gəlsin.

2018-ci il dekabrın ilk günlərində Parisdə Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarına yola düşməli idim.

Səfərə qədər gecə-gündüz işlədim, həcm birəbeş artdı, mətni fotolarla birgə mətbəəyə təqdim etdim və önsözlə sonsözü artıq Parisdən göndərəcəyimi boyun oldum.

Önsözü göydə təyyarədə yazdım, sonsözü Paris hava limanında baqajın gəlişini gözləyərkən bitirdim.

Şəkil sözlərini artıq oteldə tamamlayıb göndərdim.

Ertəsi gün artıq səhifələnmiş kitabın elektron variantını əvvəldən sona bir də nəzərdən keçirdim, təsdiqlədiyimiz maketi nəşriyyata yolladıq.

“Elm və Təhsil nəşrlər evinin direktoru Nadir Məmmədlidən də xahiş etdim ki, elə mən yazdığım ildırım sürəti ilə də kitabın çapını gerçəkləşdirsin.

Sağ olsun, artıq 3 gün sonra, mənim Parisdən qayıtmağımdan 1 gün əvvəl kitab artıq ortada idi.

Bilirdim ki, Şirməmməd müəllim kitabın işıq üzü görməsini səbirsizliklə gözləyir. Odur ki, Bakıya qayıdıb kitabı Şirməmməd müəllimə özüm təqdim etməkdən alacağım ləzzəti, onun bir gün tez sevinmək imkanına qurban etdim.

Nadir müəllim ilk 5 nüsxəni Nizami muzeyinə göndərmişdi, əməkdaşlarımdan xahiş etdim ki, aparıb Şirməmməd müəllimgilə çatdırsınlar.

Vəfalı ömür dostu Ülkər xanım mənə söyləyirdi ki, Şirməmməd müəllim çox sevinmişdi.

Və bu, mənimçün dünyalara bərabərdi.

Əsası odur ki, Şirməmməd müəllimin 94-cü doğum gününü qabaqlayaraq kitabı nəşr etməyə müvəffəq olmuşduq.

Üstəlik, Bakı Dövlət Universitetində kitabın təqdimatını da keçirdik, dekabrın 17-də Ustadın başına yığışaraq xudmani bir məclisdə ad gününü də təbrik etdik.

Sanki Şirməmməd müəllimin ürəyinə damıbmış, izahsız bir fəhmlə sezibmiş ki, 95 illik olmayacaq.

Növbəti yaşı onsuz gələcək.

Bəlkə elə bu səbəbdən kitabın tez çıxmasını arzulayırmış?

…Növbəti ilin – 2019-un 24 iyununda mən Strasburqdaydım.

Acı xəbəri kompüterimdə xəbərlər lentini izləyəndə aldım.

Bir neçə gün sonra Bakıya qayıdacağam, daha heç vaxt qapını açınca Şirməmməd müəllimi görməyəcəyim mənzilə daxil olacağam, ürək sirdaşını itirmiş Ülkər xanım xatırlayacaq: “Yeməyini yemişdi, keçdi əyləşdi həmişə oturduğu bu kresloda. Mürgüləyirdi. Elə yuxuda da sakitcə keçindi. İnanmağım gəlmirdi, elə bilirdim oyanacaq”.

Elə mən də inanmıram, Ülkər xanım!

Nə o vaxt, nə də indi!

Əksinə ona inanıram ki, tanış nömrələri yığsam, yenə telefondan səsi gələcək, yenə həmişəki şövqü ilə çapa hazırladığı növbəti yazısından danışacaq, yenə hansısa verilişimdən sonra zəng vuracaq, təbrik edəcək, məni daha yeni yazılara həvəsləndirəcək, evə gələcəyəm, kompüterdən yenicə çıxmış, sabah qəzetə göndərəcəyi yeni məqaləsinin ilk mütaliə edən olacağam, “Ucadan oxu!” deyəcək, oxuyacağam…

…Əziz Şirməmməd müəllimin 100 yaşı yaxınlaşır.

Bu ilin dekabrında bir əsri tamam olan bu şərəfli ömrün sahibini, heyiflər ki, onsuz anacağıq.

Hər görüşümüzdə saatlar boyu bütün söhbətlərimizi yazardım.

Elə onlar da bir kitaba sığacaq qədər çoxdur və hər dəqiqəsi də ibrətli tarixlərlə doludur.

Bu gündən həmin söhbətləri yazılaşdırmağa başlayıram.

Məqsədim odur ki, Şirməmməd müəllimin 94 yaşında buraxdığmız kitaba bunları da əlavə edərək Ustadın 100 yaşına töhfəmi verim.

Buna da qəlbən inanmaq istəyirəm ki, o kitabın gəlişini hər halda özü də duyacaq və sevinəcək.

O cür güclü və işıqlı ruhun sahibi olarmı ki, duymasın?!

6 avqust 2024

 

 





06.08.2024    çap et  çap et