Onun növbəti, həm də yuvarlaq ildönümüdür.
Ancaq Rizvanın bayramı tək onun özünə aid deyil ki!
Rizvan, sayı artıq mini aşmış bir-birindən eşidimli bəstələri ilə çoxdan Azərbaycan mədəniyyətinin sevimli hadisəsinə çevrilib.
Ona görə də belə qiymətli azərbaycanlının yuvarlaq ildönümü əslində xalqın və yurdun bayramları mərtəbəsindədir.
Hansısa hündürlüklərdən bu böyüklük gərəyincə görünmürsə, bu əsla Rizvanın günahı deyil.
Yaradıcılıq saf, sağlam, zəngin olanda, sənətkar daim yeni əsərlər yaratmaq eşqi ilə daşanda gözləri və təfəkkürləri yaxındangörməyə mübtəlaların biganəliyi onu qətiyyən narahat etmir.
Hər gün yeni şövqlə təzə əsərlərini yaratmaqda davam edir və ona xoşbəxtlik üçün bu ləzzət bəs edir.
Rizvan məhz belədir və ona sevgimizin çox səbəblərindən biri də məhz budur.
Yalnız Rizvana və mənə doğma ailəsinə deyil, bütün dostları və sevənləri üçün əziz olan bu gündə əziz qardaşımızı ürəkdən təbrik edir, ömrün çoxlu yeni gözəl günlərini sağlam, təzə-təzə yaradıcılıq bəhrələriylə qarşılamasını arzulayıram!
Və illər öncə şad bir gündə - Rizvanın, Heydər Əliyev sarayının səhnəsində “Səyyah Sindbad” rok operasının premyerasından sonra yazdığım, elə onun da portreti sayıla biləcək yazını yenidən paylaşıram.
40 İL VƏ BİR GECƏ
“Ulduz saatı” hər xalqın da, hər ölkənin də, hər yaradıcının da bəxtinə düşür.
Rizvanın alın yazısında həmin səadətli anların məhz bu günə təsadüf etməsi varmış.
2018-ci il oktyabrın 27-si mənim əziz dostum, bəstəkar və müğənni Rizvan Sədirxanovun həyatının ən unudulmaz günlərindən birinə çevrildi.
Bəlkə də ən birincisinə!
Lakin təqvimin bu səhifəsi həm də Azərbaycan musiqi mədəniyyətinin tarixində həmişəlik qalacaq məsud bir gündür.
Çünki bu axşam səhnəmizin sevindirici yeni bir hadisəsi baş tutub, Bakıda, Heydər Əliyev Sarayında Azərbaycanın ilk rok-operasının premyerası gerçəkləşib.
Düz 110 il əvvəl, 1908-ci ilin 25 yanvarında dahi Üzeyir bəyin “Leyli və Məcnun”u ilə Azərbaycan operası ilk qədəmini atdı.
İndi, milli operamızın 110 yaşı tamam olanda isə sanki bu bayrama, bu möhtəşəm yubileyə bir hədiyyə olaraq Rizvan Sədirxanovun "Səyyah Sindbad" adlı hələlik ilk və tək olan rok-operası nümayiş etdirildi.
Əlbəttə, illər keçəcək, Azərbaycanın yeni-yeni rok-operaları yaranacaq və daha "Səyyah Sindbad" yeganə rok-operamız kimi qalmayacaq.
Fəqət bundan sonra nə qədər bir-birindən gözəl rok-operalar yaransa da, ilklik möhürü “Səyyah Sindbad”dan aralanmayacaq, Rizvanın yazdığı həmişəlik bu biçimdə birinci əsər deyə xatırlanacaq.
Bütün başqa meyarlarla yanaşanda hər cür müqayisədə kimisə ötmək mümkündür, haçansa ilkə çevrilmişisə yox!
Bu, artıq mühümdən-mühüm tarix deməkdir.
Həm Rizvan Sədirxanovun taleyində, həm də bütövlükdə mədəniyyətimizin yaddaş kitabında.
2018-ci il oktyabrın 27-sini həyatımızın ən fərəhli gecələrindən birinə çevirən "Səyyah Sindbad" bu günə doğru 40 illik uzun bir yolu aşaraq təşrif gətirib.
Rizvanın könlünə gələcək "Səyyah Sindbad"ı yaratmaq həvəsi düşəndə hələ 1978-ci il idi.
Və nağılların, rəvayətlərin dünyasındakı əsrarəngiz Sindbad niyyətlərinə uzundan-uzun və sınaqlarla, müqavimətlərlə, sərgüzəştlərlə dolu məsafələri adlayaraq yetişən kimi, Rizvanın bu istedadla çağlayan əsəri də mənzil başına hamıya səhnədən görsənəcəyi günə dörd onilə sığan, sınaqlarla, mübarizələrlə, biganəliklərlə, dürlü maneçiliklərlə aşıb-daşan məşəqqətli yolu qət edərək çatdı.
“1001 gecə” nağıllarında Şəhrizad hər axşam ən maraqlı yerində hekayətini yarımçıq kəsər, ardını söyləməyi sabaha saxlardı.
Demirəm ki, bura yazımın ən maraqlı yeridir. Amma bir halda ki “1001 gecə”nin aləmindəyik, gərək onun səliqə-sahmanına da uyğunlaşaq, onunla həmrəng olmasaq da, həmtərz olaq.
Mən də bu arada elə nağıldakı sayaq sözümü dincə qoyuram və sizi dəvət edirəm 7 aydan da bir az öncə istənilən qəzetdən sürətlə yayılıb-oxuna bilən səhifəmdə yazdıqlarımla göz-gözə qalmağa. Çünki o gündən bu gün hələ belə aydınca görünə bilməzdi. Bugündən isə o günlərin içərisində hansı narahatlıqlar vardı, asanca seyr edilə bilir.
2018-in mart ayı başlanırdı və "Səyyah Sindbad"ın səhnəyə gəlməsinə artıq "yaşıl işıq" yandırılmışdısa da, ötən illərin bir sıra acı təcrübələri və dərsləri bizə hər şeyə hazır olmağı da pıçıldayırdı, xəfifcə xəbərdarlıq da edirdi ki, son uğurlu nəticəyə, premyeranın baş tutacağına nə qədər inansanız da, qəfil dönüşlərə də hazır olun.
İçərimizdə bu qənaət də vardı ki, əgər ötənlərdəki kimi, yenə nəsə alınmasa, qəm yeməyə dəyməz. Ümidlə yaşamaqda davam etmək gərəkdir.
Yarım ildən də bir az o yandakı günlərə sizi ona görə aparıram ki, biləsiniz yol daim və hətta rəsmi “hə” vədindən sonra da necə enişli-yoxuşlu olub.
Biləsiniz ki, əvvəlki illərə nisbətdə möcüzə-filan törənmədi, işlər yağ kimi irəliləməyə üz qoymadı. Müşküllər həmin minvalla o yazıdan sonrakı aylarda da o yazıdan qabaqkı aylar və illərdə olduğu kimi davam etdi.
Lap son həftələrəcən baş verənlər də narahatlıqlarımızın əbəs olmadığını təsdiqlədi.
Hisləri tarım çəkən, səksəkə oyadan hadisələrin biri o birini əvəzləyirdi.
Əvvəlcə premyera 11 maya elan edilmişdi. Afişalar da çap edilib şəhərdə müxtəlif yerlərdə yapışdırılmışdı, biletlərin satışı da başlanmışdı.
Sonra vaxtı dəyişdilər 28 sentyabra. Hərçənd elan da etdilər ki, satılmış biletlər qüvvəsində qalır.
Sonra müddəti bir də dəyişdilər 27 oktyabra və “qüvvətli” biletlər yenə başladı gözləməyə.
1980-ci illərin ortalarında böyük bəstəkar Müslüm Maqomayev haqqında kitab yazırdım, bütün arxivi, əlyazmaları, gündəlikləri, məktubları qarşımdaydı və ömrü boyu yaşadığı ağrı və sevincləri onun nəfəsini duyacaq qədər yovuqdan seyr edə bilirdim.
Özündən sonra, yəqin ki, ilk dəfə mənim oxuduğum (uzaqbaşı bütün bu yadigarları qoruyub saxlamış oğlu Cəmaləddin vərəqləmişdi onları) gündəliklərində Müslüm bəy bütün başınagələnləri, çəkdiklərini, sarsıntılarını gün-gün tarixləşdirib.
Səhnəyə gəlişini səbirsizliklə gözlədiyi “Şah İsmayıl”ın yolunda hər dəfə qara bir daş peyda olurmuş.
Süründürməçiliklər, paxıl badalaqlar, löyün-löyün pərdəarxası çəkişmələr, məhkəməyə qədər çatan dartışmalar ilk tamaşa gününə aparan yolu acı bağırsaq kimi uzadır.
Sanki yol açılhaaçılda, nəhayət ki, təyin edilmiş tamaşa günündə Hüseyn Ərəblinskini qətlə yetirirlər. Premyera təxirə salınır.
Digər dəfə opera binasında yanğın baş verir.
Bayram baş tutmur.
Və Müslüm bəyin həmin günlərdəki yaşantıları ilə əlaqədar əsəbi xətlə yazdıqlarını oxuduqca onun içəridən necə üzüldüyünü, nə qədər pərişan olduğunu bütün göynərtisi ilə duymuşam.
Əlbəttə ki, Rizvan da elə həmin sayaq üzdə özünü nə qədər təmkinli aparsa, tox tutsa da, hiss edirdim bu təxirəsalmalar, sanki yox yerdən pırtlayıb ortaya çıxan hər yeni “əmma” onu nə qədər dilxor edir, hər növbəti vaxt dəyişilməsi onun həssas ürəyini “alınmaya bilər!” şübhəsi ilə necə amansızlıqla sıxır.
Şükür ki, lap son günlərəcən ilk rok-operanı qarabaqara güdən bütün maneələr aşıldı, müşküllər hamısı geridə qaldı, 40 illik intizar yolu şad bir gecəylə tamamlandı.
Amma 7 ay öncə...
Martın 1-dən 2-nə keçən gecə idi, gündüz bir neçə saat Rizvanla dərdləşmişdik, musiqi dinləmişdik, indi nə illah edirdim, o dalğadan çıxa bilmirdim, dostumu düşünürdüm, gözümə yuxu əvəzinə yenə lövhə-lövhə onun kino kimi həyatı gəlirdi.
Onun ömür-gün yoldaşı İradə xanım da, qızı Kamilla da musiqiçidir.
Üstəlik, hələ balaca nəvəsində də fitrətən musiqi istedadı var, təzə bir melodiya eşidən kimi xoşuna gəlsə, dərhal əzbərinə çevrilir.
Bütün bunlara görə bəstəkar və müğənni Rizvan Sədirxanovun ilk əsas münsifləri elə öz evinin içərisindədir.
Təzə nə yazsa, yeni nə oxusa, birinci onlar eşidir və qiymətlərini də verirlər.
Evdən sonra ikinci və üçüncü münsif də var ki, biri burada – Bakıdadır, digəri uzaqda – Moskvada.
Amma məsafədən asılı olmayaraq Rizvanın nəinki hər təzə əsəri, hətta həyatında baş verən ən xırda yeniliklə bağlı həmin evdən kənardakı iki münsif də yubanmadan agah olur.
Yəni xəbəri Rizvan özü çatdırır. Çünki hər iki dost çox onillərdir ki, onunla birgədir və ömrünün hər enişinə-yoxuşuna bələddir.
Buradakı, Bakıdakı dost mənəm, Moskvadakı – özü orada, ürəyi həmişə Bakıda olan dost isə Azər Cahangirov.
Rizvanın həyatının hər mərhələsinə elə öz ömrümüzə olan kimi bələdik.
Uşaq vaxtı həmişə daima sinif yoldaşlarının, köhnə məhəllə dostlarının, sabit ev ünvanları olmasının həsrətini çəkib.
Atası neftçi idi və bu ailənin həyatı bir hərbçi ailəsinin taleyinə bənzəyirdi. Elə hey səfərdə idilər. Və Rizvanın gələcək sənəti də irəlicədən seçilmişdi – atasının yolu ilə getməli idi. Orta məktəbi qurtardı, camaat arasında AZİ deyilən Neft-Kimya İnstitutuna – indiki Neft Akademiyasına daxil oldu, yaxşı oxudu, dağ mühəndisi ixtisasını qazandı. Tərbiyəli, sözəbaxan uşaq idi, başqa cür də edə bilməzdi, amma indi təəssüflənir: “Məni nə qədər geri salıblar valideynlərim!”
Elə uşaqlıqdan musiqinin aludəsi idi. Köhnə bir patefonları vardı. Rəşid Behbudovun oxusu yazılmış vala o qədər qulaq asmışdı ki, daha cızıq-cızıq olmuş valın xışıltıları arasında o məlahətli səs güc-bəla ilə eşidilirdi.
İnstitut illərində musiqiyə əsirliyinin nicatsız olduğunu anlayır. Asəf Zeynallı adına orta-ixtisas musiqi məktəbinə daxil olmaq sevdasına düşür. Ora qəbul olunmaq üçün lazım olan bilikləri vardı, fəqət, tələb olunan sənədləri düzəlmirdi.
Attestat istəyirdilər. Orta təhsil haqda bu yekun sənədi isə heç institutu bitirəndən sonra da özünə qaytarmayacaqdılar.
İstəyini evdən gizlədirdi. Malik Abbasov adlı bir dostundan onun attestatını xahiş edir. Bütün sənədlərini Malikin adına hazırlayıb uğurla imtahan verir, olur “Asəf Zeynallı”nın tələbəsi.
Bir il sakit, kimsə duyuq düşmədən keçir.
O, seçilən tələbələr sırasındadır.
...Musiqi texnikumunun istedadlı tələbələrinin filarmoniyada açıq konserti təşkil edilibmiş. Təbii ki, “Malik Abbasov”un da çıxışı proqrama daxil edilibmiş. Növbəsi yetişir, səhnəyə qalxır, oxuyur, alqışlanır.
Və tamaşaçılar arasındakı köhnə tanışlarından biri yaxınlaşır ona: “Sən ki Rizvansan! Niyə bəs ad-familiyanı başqa cür elan elədilər?”
Him-cimin xeyri olmur, bu sözü başqaları da eşidir, məsələnin üstü açılır və rəhmdillik göstərərək Rizvanı istedadına bağışlayırlar. Qəziyyəni şişirtmirlər, onu “Asəf Zeynallı”dan xaric etməklə kifayətlənirlər, sənəd saxtakarlığını institutuna xəbər vermirlər. İş böyüsə idi, hətta ali məktəbdən qovulmaq təhlükəsi də vardı. Hələ daha artığını demirəm.
Ertəsi il hər halda mətləbinə yetişir. Üsulunu tapıb institutdan attestatını götürməyə nail olur.
...AZİ-ni fərqlənmə ilə bitirib dağ mühəndisi ixtisasına yiyələnəndə Asəf Zeynallı adına orta-ixtisas musiqi məktəbinin də diplomu cibində idi.
Başlayır neft mədənlərində işləməyə.
“Bahar” dəniz neft yatağında üzən qazma qurğusunun rəisi təyin edilir.
Daha sonra boruların istismarı üzrə elmi-tədqiqat institutunda çalışır.
Sənətin romantikasından uzaq olan bu prozaik yerlərdə işləyə-işləyə qəlbini, varlığını daim duyğu selləriylə coşduran musiqidən də ayrıla bilmir.
Rizvan taleyinə görə, bir növ, Bəxtiyara oxşayır.
Lətif Səfərovun həmin məşhur “Bəxtiyar” (“Sevimli mahnı”) filmində Tofiq Quliyevin misilsiz nəğmələrini oxuyan neftçi Bəxtiyar Muradovun taleyinə.
Və əslində Rizvanın sənət aləmi ilə sonrakı daha sıx ünsiyyətlərinin yaranmasının əsas baislərindən biri elə o film, Rəşid Behbudovun cazibəsi idi.
...Neftçiliyini edə-edə 1982-ci ildə konservatoriyanın axşam bölməsinə daxil olur.
Buranı da yaxşılardan biri kimi bitirir.
Rizvan peşəsini mükəmməl bilən, sənətinin sahibi olan neftçi idi və o vaxt dəniz neftçilərinin maaşları bir az da yüksək idi. Odur ki, dolanışığı pis deyildi. Lakin ürəyi ona dinclik vermirdi. Arzusu idi ki, getsin İtaliyada təhsilini davam etdirsin.
Rizvanın İtaliya prezidentinə oxumaları yazılmış kasetlə birgə göndərdiyi məktubu da vaxtilə mənim iş otağımda tərtib etmişdik və gözlədiyimizdən də sürətli cavab Moskvadan gəlmişdi. Oradakı İtaliya səfirliyindən yazırdılar: “Prezident sizin təhsil haqqınızın dövlət hesabına ödənməsinə göstəriş verib. Yeni dərs ilindən Ozimo şəhərindəki Musiqi Akademiyasına dərs almağa dəvət edilirsiniz”.
Hələ SSRİ yerində idi, hələ 1989-cu il idi.
...Ozimo bir nəğməli şəhərdir ki, İtaliyanın səfalı Maçerato əyalətinə daxildir. Nəğməkarları bol Maçerato əyaləti bizim zavallı Şuşa kimi bir yerdir. Ora dünya şöhrətli maestro Benyamino Cilinin vətənidir.
Düz 28 il “Metropolitan opera”nın birinci tenoru olmuş, dünya vokalı tarixində ən bahalı tenor sayılan Franko Korelli də buralıdır. Uzun sözün qısası, bizim əksər xanəndələr Qarabağdan, Şuşadan çıxan kimi, Maçerato da saf ab-havası ilə az qala hər nəfərə səs bağışlayıb, bu hər nəfərdən neçəsi isə üstəlik böyük şöhrətlərə də qovuşub.
...Ozimo Akademiyasında dünyanın müxtəlif ölkələrindən olan 38 tələbədən yalnız birinin Rekanati şəhərində keçirilən Benyamino Cili adına müsabiqəyə göndərilməsi məsələsi müzakirə olunanda Rizvanın seçilməsi təsadüf deyildi. Oralarda adama adamına görə yox, adamlığına (bu məqamda – istedadına, sənətinə) görə qiymət verirlər.
1992-ci il noyabrın 3-ü ilə 6-sı arası böyük Cilinin doğma şəhərində keçirilən həmin beynəlxalq tenorlar müsabiqəsində Rizvan İtaliya, İspaniya, İngiltərə, Fransa, ABŞ, Cənubi Amerikadan... olan 26 ifaçı arasında üstünlük qazandı və bu zəfərin xoş sədası tezliklə Bakıda əks-səda verdi.
İtaliyadan qayıdan kimi Fərhad Bədəlbəyli Rizvanı konservatoriyaya işə götürmüşdü.
Amma Rizvan vətəndən uzaqlarda yarıac tələbəlik həyatına birtəhər tab gətirmişdisə də, burada, Bakıda 10 dollara yaxın bir konservatoriya məvacibi ilə ailə saxlamağın vüqar sındıran mənəvi yükünə necə dözəydi?
1990-cı illərin əvvəllərinin böhranlı ictimai-siyasi mühiti, qıtlıq, qatmaqarışıqlıq, namüəyyənlik də o biri yandan sıxırdı.
Operada çalışmaq istədi. Dinlədilər, bəyəndilər və dedilər ki, “Təəssüf!”.
Nəyə təəssüf edirdilər?
“Tam layiqsiniz, əsl bizə gərək olan müğənnisiniz. Di gəl, boş solist ştatımız yoxdur. İşin tərsliyindən sizi təcrübəçi-stajor kimi də götürə bilmirik, yaşınız çoxdur”.
Neyləyəsiydi ki!
Başladı işıq ucu aramağa. Bəxti gətirdi, ortabab güzəranını təmin edəcək babat məvaciblə bir şirkətdə işə düzəldi.
Beləcə başladı Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoya-qoya ömür sürməyə.
3 il, 5 il, 10 il...
Fikirləşirsən ki, o qədər sevgidən, o qədər çalışmalardan, o qədər təhsildən sonra belə yaşamaqla ürək partlar. Amma yox! Axı hər gündüzdən sonra axşam da gəlirdi, gecə də başlanırdı.
...Rizvan hər axşam (mütləq!) pianonun arxasına keçir, gününün uğurlu, ya uğursuzluğunu eyninə almadan həmin andan ətrafı unudub öz aləminə qapılır, məlum səslərdən o anacan kimsəyə bəlli olmayan, hələ yalnız ona eşidilən, könül oxşayan, hislərə sığal çəkən səslər düzümü hörür.
3 il, 5 il, 10 il...
...İllər ötür, yaşın üstünə yaş gəlir. Amma Rizvan uşaq təbiətini, məsumluğunu, inamcıllığını qoruyub saxlayıb. Bəlkə elə bu yaxşıdır. Hər dəfə aldananda təəccüblənir. Və saf qəlbi sınmasın deyə onu növbəti dəfə ovuduram, “Hər şey yaxşı olacaq! Çalış! İşlə!” – deyirəm.
İnanır, gedir. Çalışır, işləyir və axşam zəng çalır: “Vaxtın var üçcə dəqiqə?”
Telefonun dəstəyini çəkib qoyur pianonun üstünə, başlayır lap təzəcə bəstələdiyi bir melodiyanı, lap yenicə əzbərlədiyi bir şeiri məlahətli avazı ilə oxumağa (Böyük bəstəkarımız, unudulmaz Tofiq Quliyev söyləyirdi ki, hələ 1930-cu illərdə Bakıya cazı ilk gətirənlərdən olan alt saksafonçu Pərviz Rüstəmbəyov belə edərdi.
Gecə yarısı zəng vurardı ki, Tofiq, bağışla, oyatdım səni, qulaq asa bilərsən?
Və cavab gözləmədən başlayarmış qonşuları oyatmağa.
Telefonun dəstəyini yaxına qoyub saksafonunu götürər, təzə yaratdığı caz kompozisiyalarını çalarmış...).
Tanrı Rizvana iki istedadı qoşa verib: səsi – gözəl dramatik tenordur; bəstəkarlığı – başqa janrlardakı işlərini bir kənara qoyaraq yalnız mahnı və romanslarını göz önünə gətirsəm, bu gün Azərbaycan, Şərq, rus və dünya şairlərinin sözlərinə yazdıqlarının sayı 1000-ə yaxınlaşır.
Bir neçəsini dinləyincə əmin olursan ki, bu say çoxluğu qrafomanlığın nəticəsi deyil, Rizvanın içərisində aşıb-daşan, fışqırıb qalxan zəngin melodiya duyumu və tapıcılığının bəhrəsidir.
Bir müğənni kimi İtaliya səhnələrindən tutmuş Bolşoy teatra, Bakı konsert salonlarınacan çıxışları az olmayıb və hər dəfə də dinləyənlərini məftun etməyi bacarıb. Lakin çox təəssüflər olsun ki, onun səsi Azərbaycanda geniş kütlələrə dolğunluğu ilə yalnız son 10-15 ilin içərisində çatıb. Bu da radioda ara-sıra səsləndirilən oxularından daha əvvəl “Səmimi qəlbdən” və “Şairin ürəyi” səs albomlarına görə. Hər iki diskdə bütün mahnı və romansların həm bəstəkarı, həm ifaçısı Rizvan özüdür. Oradakı əsərlərin bir qismini başqa müğənnilər də oxuyub. Amma Rizvan öz nəğmələrini elə təsirli canlandırıb ki, əsərlərinin başqa ifaçıları ilə müqayisədə onun üstünlüyü aşkar sezilir.
Bir tərəfə baxanda elə belə də olmalıdır.
Axı həmin əsərlərin hər biri not-not, səs-səs əvvəlcə onun qəlbində yaranıb.
İndiyədək bir-birindən eşidimli o əsərlərinin əksəriyyəti bütün Azərbaycana bəlli deyilsə, mütəmadi olaraq radio-televiziyalarımızda səsləndirilmirsə, göstərilmirsə, bu, qətiyyən Rizvanın təqsiri deyil.
Ümumən bunca parlaq istedadı, bunca inadkar işgüzarlığı, belə yüksək məhsuldarlığı müqabilində Rizvan indiyədək nail olmalı olduqlarının heç ondabirinə yetməyibsə, yenə heç vəchlə bunda özü suçlu deyil.
Səbəbkar hadisələrin ayrı cür yox, məhz bu sayaq olan gedişi, təsadüflərin bu biçimdə sıralanması, bir az bəxtin gətirməməsi, bir az kimlərinsə laqeydliyi, bir az kimlərinsə həsədi, hikkəsi olub.
Təbii, günahların bir qismi də mənim boynumdadır ki, Rizvanın qarşısında ona yaraşan qapıların açılmasına arzuladığım qədər kömək edə bilməmişəm. Amma Allah şahiddir ki, hər halda bacardığımı etməyə daim çalışmışam. Gücüm başqa şeyə çatmayanda həmdərd olmuşam, ürəyimlə dayaq durmuşam, təsəlli vermişəm, həvəsləndirmişəm, ruhlandırmışam.
Azər də mənim kimi! Ancaq Azərin məndən bir üstünlüyü var. Əvvələn, o, Rusiyada Rizvana bu və ya digər dərəcədə aid olan hər mədəni tədbirə, konsertə qatılmağa hökmən cəhd edir və çox zaman da buna nail olur.
Bir də görürsən gecənin bir aləmində telefonumuza onun belə tədbirlərdən isti-isti çəkdiyi videolar çatdı.
Ləzzətlə həm Rizvanı, həm Azəri minnətdarlıqla seyr edirəm, belə operativliyin ilk növbədə olmalı olduğu mətbuatımızda, radio-televiziyalarımızda olmamasına heyifsilənirəm…
Digər tərəfdən, Azər dost uğuruna o qədər geniş ürəklə şadlana, bunu bir an içərisində o qədər geniş dairə ilə bölüşə, sevincini, iftixarını, ürəyini dolduran fərəhi elə coşqun tərzdə ifadə edə bilir ki, ona hər dəfə yenidən vuruluram.
…Rizvan əslən şuşalıdır. Bakıda böyüsə də, Şuşada evləri olub və hər yay mütləq ailəliklə ora gediblər.
Səs ata-baba yurdunun ona elə doğulandan bəxş etdiyi nemət idi.
Rizvanda gələcəyin yaxşı musiqiçisini hələ onillər öncə həmin Şuşadaca unudulmaz bəstəkarımız Süleyman Ələsgərov görmüşdü və bunu uşağın atasına da söyləmişdi: “Sultan, siz nahaq bu oğlana sadə baxırsınız. Onda əsl musiqiçi ürəyi var!”
Ata da fikirləşirdi ki, qarabağlıda səs də olar, musiqi istedadı da və burada qeyri-adi heç nə yoxdur.
Niyyəti idi ki, oğlu onun yolu ilə getsin, texniki peşə seçsin, mühəndis olsun.
Kim bilir, bəlkə elə o haqlıymış!
Musiqiyə bağlanmasaydı, bəlkə Rizvan heç bu qədər, bir ömrə sığa biləcəkdən də çox həyəcanlar da yaşamazdı!
Ancaq orasını da düşünürəm ki, musiqisiz də Rizvan heç vəchlə belə bəxtiyar, belə özünütapmış olmazdı, bütün çətinliklərinə rəğmən daxilən belə rahat yaşaya bilməzdi.
Həm neftçi, həm müğənni olan Bəxtiyar bir film qəhrəmanı idi ki, yaddaşımıza böyük Rəşid Behbudovun məharətli oyunu və məlahətli ifası ilə həkk olunub.
Amma həm yüksək səviyyəli mühəndis, neftçi, həm də gözəl müğənni, bəstəkar olan Rizvan Sədirxanov haqqında indiyədək nə sənədli, nə bədii film çəkilib.
Film onun gündəlik həyatıdır ki, yaşayır.
Dursam onun tələbəlik dövrünün, neftçilik illərinin, konservatoriya əyyamlarının, İtaliyada təhsil aldığı zamanların, Bakıya qayıdandan sonra 1990-cı illərin əvvəllərinin məchul dönəmindəki yaşadıqlarının sıra-sıra əhvalatlarını yazmağa, sərgüzəştlərlə dolu kino bu həyatın yanında daha solğun görünər.
…“Min bir gecə” nağıllarının məşhur Sindbadı ellər gəzdi, şəhərlər dolaşdı, illəri qürbətlərdə sürdü.
30 il əvvəl Rizvan mənə hələ 10 il öncə bəstələməyi qət etdiyi “Dənizçi Sindbad” rok-operasından danışanda, onunla qonşuluqda kirayə qaldığım mənzildəki pianoda həmin yeni əsərin ilk parçalarını çalanda haradan ağlıma gələrdi ki, o vaxt mənə eşidilənlərin hamıya çatması üçün hələ bundan sonra gərək üç onillik keçə.
Əslində 50-60 ilə bərabər 30 il sular kimi, sellər kimi ötüşdü.
Gəncliyimizi özü ilə apararaq getdi...
Və Sindbad doğma sahilə lövbər atmaqçün qayıdır.
Daha dəqiqi – qayıtmaq üzrədir (mötərizəni açaraq bir daha xatırladıram ki, bu sözləri indi deyil, 7 ay qabaq yazırdım).
Azərbaycan musiqi mədəniyyəti tarixində son dərəcə əlamətdar bir hadisəyə səbəbkar olmaqçün qayıdır (Burada da hər ehtimala görə dəqiqləşdirim – qayıtmaq üzrədir!).
Rizvan Sədirxanov musiqi tariximizdə bir ilkə imza atır.
“Səyyah Sindbad” bizim birinci milli rok-operamızdır.
Bu, elə tarixçədir ki, 40 il yol gəlmiş o müsafirə heç kəs şərik ola bilməz!
Bu uğur mənim istəkli dostum, dəyərli Azərbaycan bəstəkarı və müğənnisi Rizvan Sədirxanovun halal qismətidir!
Bir neçə il öncə, növbəti yeni il ərəfəsində Rizvanla yeni bir mahnı yazdıq.
Həmin mahnının adı “Ümid var” idi.
Əlbəttə, hər yeni il sabahlara üz tutan diləklər oyadır. Ancaq o vaxt yazdığımız həmin nəğmə bitən ilin son gecəsində səslənməkçün nəzərdə tutulsa da, əslində ilin hər bir gününə aid idi.
Ümidsiz yaşamaqmı olar? Nə qədər ümidlər var, biz də varıq. İnsan ümidlər tükənəndə bitir. Lakin orası da var ki, gərək ümidlər elə illərcə ümid olaraq da qalmasın, həm də həyatda öz yerini tapsın.
Aydan-aya, ildən-ilə adlayan ümidlər insanı daxilən yora da bilir, nimdaşlaşan ümidlər daha yeni ümidlərə doğru qanadlanmaqdan yadırğamağa da sövq edir, ruhu süstləşdirir.
Mənim nəzərimdə Rizvan qəti ümidin, nikbinliyin, son ucda hər diləyin işığa çatacağına sarsılmaz inamın ən bariz örnəyidir.
İlk gəncliyindən belə olub və həmin mühüm keyfiyyət durmadan ona daxildən güc verib.
Yazıb-yaradıb, qarşısına çıxan aşırımlar onu ləngitsə də, sındıra, kökdən sala bilməyib.
Layiq olduğu ucalıqlar və özünüifadə imkanı ondan əsirgənsə də, nə inciyib, nə bezib, nə usanıb, nə umu-küsü edib.
Bütün bu – bəzən bədxah, bəzən riyakar, bəzən sadəcə ögey münasibətlər – Rizvanın təmkinini, varlığındakı nəcibliyin müvazinətini laxlatmaqda aciz qalıb.
Kimsə onun istedadını görməyibsə, ya görməzliyə vurubsa, etiraf etmək istəməyibsə, Rizvan başqalarını qınamayıb, qeyrilərindən heç nə ummayıb, səbəbi özündə axtarıb, fikirləşib ki, deməli, bir az da çox çalışmaq, görməyənlərin də görməsindən ötrü daha artıq bəstələmək, oxumaq, qan-tər tökmək gərəkdir.
Daha bir təzə bəstəsini bitirib, onu tamamlayınca bir ayrısını başlayıb, daha bir nəğmə oxuyub, onu lentə yazdırınca başqa biri üzərində işləməyə girişib.
İnanıb ki, geci-tezi var, mütləq onu da görəcəklər, eşidəcəklər.
İnanıb və ona görə də yeni yaradıcılıq üfüqlərinə sarı can atıb, əvvəlkindən də neçə qat artıq səy göstərib.
Bu açılan güllərin,
Bu dönən fəsillərin,
Bu dəyişən illərin
Hər birində ümid var.
Köhnələnlər gedəcək,
Yeni günlər gələcək.
Gülməyənlər güləcək.
Gedənlərdə xatirə,
Gələnlərdə arzular,
Təzə gündə ümid var…
Gülümsəyir sabahlar,
Hər sabahda ümid var!
Rizvan Sədirxanov Azərbaycan insanına bu gün və sabah üçün çox sovqatlar tədarük edib.
Rizvanın hələ hamıya eşidilməmiş nəğmələrinin, romanslarının miqdarı yüzlərlədir.
Mən əminəm ki, gün çatacaq, Rizvanın seçmə əsərlərindən ibarət konsertlər Bakıda da, Moskvada da, dünyanın neçə ölkəsinin böyük konsert salonlarında, səhnələrində də veriləcək.
Mən hələ başqa məşhur ifaçıları qoyuram bir kənara. Rizvanın özünün yetirmələri bu gün dünyanın ən məşhur, ən sayılıb-seçilən səhnələrindədir və onların sırası günü-gündən sıxlaşmaqdadır.
Ən azı onların ifasındakı coşqu dolu Rizvan bəstələrindən ibarət konsertlərə şahid olacağıq.
Bizlər də, Rizvanın özü də!
Amma ən böyük arzu və ümid “Səyyah Sindbad”la bağlıdır.
Rizvan 40 ilin intizarından, ümidlərindən sonra Azərbaycanın əvvəlinci rok-operasını xalqla görüşdürməyin astanasındadır.
Ümid və arzu isə bundan ibarətdir ki, musiqi həyatımızda xoş hadisəyə dönə biləcək bu əsər ovsanadan çıxarılmasın. Əsl operaya yaraşan tərzdə səhnəyə gəlsin.
Yəni sadəcə oxumaların sıralandığı bir konsert kimi deyil, dekorasiyalar, əlbisələr, göz oxşayan sanballı bədii tərtibatı ilə bir opera əsərinin bütün tələblərinə müvafiq tamaşa kimi!”
(Və bu sətirləri də o vaxt təsadüfən yazmamışdım. Çünki belə təkliflər də edilmişdi ki, “Səyyah Sindbad” elə konsertvarı bir tərzdə yola verilsin getsin. Hər ifaçı öz geyimində səhnəyə çıxsın, ona aid olan hissəni oxusun, vəssalam! Bunca bəsit!).
***
...Axırıncı zəng çalındı.
Zal qaranlıqlaşdı.
Bir işıq dilimi səhnəyə, pərdə üzərinə dikəldi.
Yeni və ilk rok-opera hələ pərdə açılmamış başlanırdı.
Pərdənin bu üzündə cərəyan edənlərin az sonra oradan bizə görünəcəklərə aidiyyəti həm var, həm yox idi.
Hər hansı aidiyyəti yox idi ona görə ki, pərdənin bu üzündə başqa zaman idi, pərdənin o tərəfində ayrı həyat.
Amma pərdənin bu üzündə qaçışan matrosların, bu tələs-tələsdə onların ayağına dolaşan və elə geyim-kecimindən gəmi adamı olmadığı görünən kişinin az sonra pərdənin o tərəfində cərəyan etməyə başlayacaq ömür-gün hekayəti ilə birbaşa bağlantısı da var.
Bosman qaçhaqaçda o qərib və qəribə adama irad da tutur: “Ey, qoca, mane olma, bura sənin yerin deyil!”
Lakin doğrudanmı bu göyərtə o dalğın adamın yeri deyildi?
Az sonra bir qadın da qoşulur o ixtiyara.
Ardınca gəlir. Bilir ki, onu harada axtarsa, elə buralarda tapa bilər.
Bilir ki, dənizdən, yosun ətrindən, dalğaların şırıltısından, gəmidən, dənizin göyə birləşirmiş kimi genişliyindən ötrü darıxınca istəklisi bura – sahilə, növbəti səfərə hazırlaşan gəmilərə yaxınlaşır.
– Yenə burdasan, Sindbad?
– Hə, burdayam, gəncliyimlə görüşə gəlmişəm.
O xanımın “Sindbad” dediyi şəxs az öncə tamaşaçıların elə bu qiyafədə – kostyumlu, qalstuklu, bəyaz saçlı, eynəkli – dəhlizdə rastlaşdıqları, girəcəkdə dayanaraq yeni tamaşaya baxmağa gələn qonaqları qarşılayarkən gördükləri adamdır.
Bəstəkar Rizvan Sədirxanovun özü!
Elə qadın da müasir geyimdədir. Amma aktrisadır.
Məndən olsa, o qadının əvəzinə də həmin məqamda səhnəyə aktrisa yox, elə Rizvanın həyat yoldaşı İradə xanımı çıxarardım.
Axı nağıl-tamaşada uzun illərin həsrəti ilə sevgislisi Sindbadı gözləyən Zəhra kimi, İradə xanım da 40 ildir ki, hər həyəcanı Rizvanla – öz Sindbadı ilə birgə yaşayıb, bu munis günün gəlişini daim elə onun qədər səbirsizliklə gözləyib, “Səyyah Sindbad”ın səhnəyə çıxacağı ana qədər çəkilən bütün nisgilləri illərcə onunla müştərək yaşayıb.
Və premyera günü, həmin anlarda zalda, tamaşaçılar arasında yox, səhnədə Rizvanının yanında olmaq onun da haqqı idi!
... Çox keçməyəcək, “Səyyah Sindbad”ın tam Azərbaycan versiyası da yaranacaq. Hələlik əsər əsasən ruscadır. “Əsasən” ona görə ki, bu operada ruscadan savayı ingilis, italyan, çex dillərində də ariya və nəğmələr səslənir (Rizvan xarici müəlliflərin, fərqli dövrlərin şairlərinin – Konfutsinin, Vilyam Kolricin, Yozef Sladekin, Nikolay Qumilyovun, Alessandro Milaninin mətləbə uyğun misralarını əsərin məzmununa uyğun istifadə edib, hamısını da elə yazıldığı dildə. Mən də Azərbaycan variantında onları saxlayacağam, amma indiki variantdan fərqli olaraq, həmin şeirlərin hansısa bəndlərini ya ekvoritmik tərcümədə, ya da onların tərzində improvizə edilmiş bəndlər halında mətnə əlavə edəcəyəm ki, dinləyənlər bu ariyaların bilavasitə mənasından da hali olsunlar. Daha yalnız proqramdakı bilgidən öyrənməsinlər ki, əcnəbi dildə səslənən bu oxunun anlamı nədir).
Bir neçə onillik boyu, “Sindbad”ı ürəyində, zehnində daşıdığı bütün müddətcə hər dərdi-sərini mənimlə bölüşmüş Rizvana ötən il, tamaşanın baş tutacağıyla bağlı söhbətlər ciddiləşməyə başlayanda söylədim ki, elə bu variantda da əsərdə ana dilində parçaların səslənməməsi düz olmaz.
Hazırlayacağımız bütöv Azərbaycan variantı öz yerində, gəl bura da ən azı iki parça əlavə edək ki, əsər Azərbaycan dilində başlanıb, Azərbaycan dilində də bitsin.
Çünki ilk milli rok-operamızda bir neçə xarici dilin olub ana dilinə etinasızlıq göstərilməsi qətiyyən yaramaz.
Rizvan dərhal razılaşdı və mən də təxminən onun razılaşdığı sürətlə iki şeir yazdım.
Biri Sindbadın lap başlanğıcda səslənən və baş verəcəklərə müqəddiməyə dönəcək oxusu, digəri də də sonda onun və digər iştirakçıların ifa edəcəyi vüsal nəğməsi. Əslində rok-operanın son adı da elə bu şeirin sərlövhəsindən doğdu:
Hər bir gedilən yolun
Əvvəli var, sonu var.
Nə yol bitər, nə arzu,
Nə qədər canda can var.
Suallarla doludur
Hələ seçmədiyin yol
Səni hey cəzb eləyər
Hələ keçmədiyin yol.
Hər yolun arxasında
Min suala cavab var.
Ömür boyunca bitməz
Nə suallar, nə yollar.
Yollar eniş-yoxuşlu,
Mən yolların yorğunu.
Sınağı çox olsa da,
Mən yolların vurğunu.
Axşamlar Günəş deyər:
“Mən batıram, sən də yat.
Sabah yola çıxmaqçü
Dincəl, güc yığ, Sindibad!”
Səyyahların səyyahı,
Tarix yazan Sindibad,
Hünər göstər, yollar aç,
Yadigar qoy sən də ad!
Səyyah Sindibad!
… Son 1 il boyu Rizvan hansı zəhmətlərə qatlaşdı, nə qədər həm sevincli, həm qanıqara günlər yaşadı, – hamısına şahidəm.
Söz yox, ildən-ilə deyil, onildən-onilə qalan bu əsərin, nəhayət ki, işıq üzünə çıxmasında Mədəniyyət naziri Əbülfəs Qarayevin Rizvana, onun yaradıcılığına çox xeyirxah, diqqətcil münasibətinin xüsusi yeri var.
Moskvada yaşaya-yaşaya köhnə dostumuz, böyük Qara Qarayevin yadigarı bəstəkar Fərəc Qarayev də həmişə Rizvanın yanında idi, imkanı çərçivəsində ondan himayəsini əsirgəmir, həmişə ürək-dirək verir, həvəsləndirirdi.
Nazirliklə bəstəkar arasında müqavilə bağlandı və Rizvana bu əsərindən ötrü 4800 manat müəllif haqqı yazıldı. Zəruri vergilər çıxılandan sonra əlinə təmiz 4575 manat pul gəldi.
Və bu vəsaitlə o, rok-operanın səhnəyəqədərki bütün məsrəflərini qarşılamalı idi.
Rizvan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində işləyir və buradan aldığı məvacib də sən deyən böyük deyil.
Qabaqlar fərdi dərs verdiyi tələbələri olurdu, sön dövrdə isə bütün günü opera ilə məşğul olduğundan daha həmin məşğələləri də aparmağa vaxt tapmır və ayrı bir gəlir mənbəyi də yoxdur.
Amma müqavilə imzalanandan sonra Rizvan həddən ziyadə sevincli idi, hər maddi sıxıntını adlamaq üçün nəsə bir yol tapmağa hazır idi, çünki operasının səhnədə görünməsinə ilk dəfə idi ki, bunca ciddi təməl və fürsət yaranmışdı.
Bəstələnmiş parçalar əvvəlcə oranjiman edilməli, ifalar studiyada yüksək keyfiyyətlə yazılmalı idi.
Oranjimanın, ifaçıların hər birinin çalğı və oxu haqqının, eləcə də studiya kirayəsinin ümumi məbləği əslində Rizvanın guya müəllif haqqı kimi aldığı qonorardan beş-altı dəfə çox edirdi.
Və bu işlərin görülməsindən ötrü rəsmən hansısa vəsaitin ayrılması nəzərdə tutulmurdu.
Hamısı Rizvanın öz öhdəsinə düşürdü.
Müğənnilərin hamısı tam təmənnasız oxumağa, gələcək tamaşada da eyni cür heç bir ödəniş gözləmədən səhnəyə çıxıb rollarını ifa etməyə can-başla razılıq verdi.
Hamısı Rizvan kimi bir maestro ilə işləməkdən zövq alırdı və məmnun idilər ki, tarixi hadisənin, ilk Azərbaycan rok-operasının birinci ifaçıları məhz onlar olacaqlar.
Lakin bununla belə, oranjiman, studiya yazılışları, montaj üçün ikiqat güzəştlər edilsə də, on min manatdan artıq xərc çıxdı.
Xahiş gözləmədən, kiçik də olsa, maddi köməyini əsirgəməyən dostlar Rizvana özləri müraciət etdilər.
Vaxtilə Rizvan Bakıdakı bir italyan firmasında tərcüməçi işləyirdi. Həmin şirkət Azərbaycandakı fəaliyyətlərini çox illər bundan qabaq yekunlaşdıraraq yığışıb getsə də, etibarlı dost və sənət aşiqi Renato Formenti Rizvanla əlaqələrini kəsmir, ondan diqqətlərini əsirgəmir.
Elə bu yazılışlar gedişində də onun yolladığı qardaş köməyi xərclərin xeyli hissəsini bağlaya bildi.
Bəlkə də kimsə irad tutdu ki, belə ayrıntılara varmağın nə mənası?
Ola bilər, mümkündür ki, böyük sənətdən söhbət gedirkən bunlar bəlkə də xırdaçılıqdır.
Lakin birisinə şəfa tapmaqçün hava-su kimi hansısa dava-dərman lazımdırsa, onları almağa pulu yoxsa, heç kəsə də ağız açmaq istəmirsə, bu əsnada hansısa nəcib insan xeyirxah təklif gözləmədən qəlbinin hökmü ilə mərhəmətli addım ataraq özü irəli çıxırsa, müşkülü elə borcuymuş kimi səmimiyyətlə həll edirsə, məgər bunun üstündən sükutla keçmək insafdandır?
Çəkdiyim misal da sizə kobud-filan gəlməsin, elə təqribən həmin vəziyyət idi.
Həm də bunu unutmayaq ki, söz milli mədəniyyətimizdə “ilk”lə işarələnən sıradan olmayan bir hadisə haqqındadır.
Sabahdakılar keçilmiş yolun necə həndir-hamar olmuş olduğunu, bunları açıqlamasaq, haradan bilərlər?!
…Hər parçanın studiyadakı yazılışından sonra Rizvan hökmən hazır materialı gətirirdi, dinləyirdik və bu prosesdə həmin oranjiman və montaj işlərini yerinə yetirən Emil Minyaşevin həm istedadını və zəhmətsevərliyini yaxından müşahidə edə bilirdim, həm də fədakarlığını.
Emil də, ifaçıların hər biri də ən əvvəl bu işə sənət naminə, ürəklərindəki dərin musiqi sevgisinin yönəltməsi ilə, Rizvanın şəxsiyyətinə sonsuz sayğı və məhəbbətlə qatıldıqlarından hər sıxıntını dəf etməyə hazır idilər.
Hər yeni parçanın hazırlanıb tamamlanması ilə də bunu əyani olaraq sübut edirdilər.
Və bu cərəyanda Emil Minyaşev özü də oxudu və yaxşı da oxudu.
“Səyyah Sindbad”da baş qəhrəmanı hər bəladan qoruyan, onu qanadının altına alaraq ən çıxılmaz vəziyyətlərdə nicat verən xilaskar mələk elə Emil Minyaşevdir.
Lakin Emil operada həm də çex tacirinin nəğməsini oxuyub və əla da ifa edib.
Dinləyən çexlər özləri bunca dəqiq tələffüzə mat qalmışdılar.
İfaçıların hamısı bir-birindən bəyənimli.
Baş rolun ifaçısı, Zəhra surətini yaradan Gülşən İbadova ayrıca təqdimə və tərifə layiqdir.
Məlahətli səsi, qəlbə yatan oxusu öz yerində, amma həm də aktyor oyunu, plastikası hamını heyran etdi (Üstəlik, səhnə kostyumunu da özü tikmişdi. Kostyum söhbəti açılmışkən bunu da yazaq qalsın.
“Səyyah Sindbad”a baxanlar əvvəldən-sonacan həm də rəng bolluğuna, bir-birindən əlvan, cəlbedici geyimlərə valeh oldular.
Əvvəldən bildirilmişdi ki, tamaşa üçün kostyumlar tikdirmək bir yana, heç kirayələməkçün də vəsait olmayacaq.
“Səyyah Sindbad”ı səhnəyə gətirmək yolunda elədiklərinin hamısını elə bircə “sağ ol!”a etmiş və ürəkdən etmiş rejissoru ilə rəqs quruluşçusunun şəxsi kolleksiyalarındakı uyğun geyimlərlə həmin düyün də çözüldü.
Ən heyrətləndirənsə bu oldu ki, Konfutsi İnstitutunun Bakıdakı direktoru xanım Li Dzin Xua əsər üçün tələb olunan orta əsrlər çinlilərinin geyimlərini Pekindən ikicə günə paytaxtımıza çatdıracağına boyun oldu və sözünə də dəqiqliklə əməl etdi. Onların “Səyyah Sindbad”a belə marağı və qayğısı da səbəbsiz deyilmiş. İş ondadır ki, çinlilər Sindbadı özlərininki sayırlar. IX əsrdə yaşamış, əslən uyğur, müsəlman olmuş, macəralı yeddi dəniz səyahətinə çıxmış Sənbau ləqəbli admiral da tarixdə həqiqətən olub, onun Çindəki qəbri bu gün də insanların ehtiramla ziyarət etdikləri məkandır və ərəb nağıllarına da bu süjet elə Çindən köçüb).
Belə…
Pərdənin arxa tərəfində səhnədəki rəngarəngliyə və ehtişama bənzəməyən bozluqlar, adətən söylənməyən, əksəriyyətə bilinməyən belə adiliklər də olur).
Amma gözəlliklərdən deyək!
İfaçıların hamısını bircə-bircə öyərək sadalamaq vacibdir.
Çünki bir-birindən çəkici, bir-birindən gözəldirlər – Sindbadı ifa edən Mikayıl Rəfiyev də, dəniz quldurlarının kapitanı Şamil Kərimov da, çinli qız Aydan Həsənova da, həm kapitan Conu canlandıran, həm də bunun ardınca rusiyalı tacir Afanasi Nikitiçə çevrilən Cavid Səmədov da, kapitan Alessandronu ifa edən Azər Rza da, bosmanın partiyasını oxuyan müəllif – Rizvan Sədirxanov özü də, digər rolları və partiyaları, caz kompozisiyalarını bütün şirinliyi ilə təqdim edən Nərgiz Kərimova da, Yuliya Motorina da, Mila Rzayeva da, İlham Nəzərov da, Nərgiz Əlizadə də təkrarsız səsləri ilə premyera gecəsinə rövnəq verdilər.
Təbii ki, qısa bir vaxt ərzində ağlasığmaz dərəcədə həcmli iş görmüş, rəqslərin quruluşçusu Cəmilə Bayramova, tamaşaya bayram ovqatı verən əlvanlığa nail olmuş rəssamı İlham Elxanoğlu təşəkkürlərə layiqdirlər.
Ancaq tamaşanın rejissoru, Əməkdar artist Nicat Kazımov haqqında gərək ayrıca söz deyilə.
O olmasaydı, bu bayram bu möhtəşəmlikdə alınmazdı.
Mənimlə yanaşı tamaşanı izləyən və dünya teatrlarının səhnələrində çox operaları da, müziklləri də seyr etmiş təcrübəli dostlarım əyləşmişdilər.
Onlara söyləyirdim ki, bütün bunlar vur-tut iki həftəlik məşqlərin nəticəsidir, inanmırdılar, inana bilmirdilər və elə doğrudan da inandırıcı deyil.
Bir rejissorda nə qədər istedad, yanğı, ehtiras, yaradıcı ruh, eşq olmalıdır ki, belə dar macalda (həm də hansı şəraitdə!) bunca zəngin, tapıntılarla dolu tamaşa hazırlaya bilsin.
(Elə buradaca Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, köhnə və etibarlı dostum, görkəmli rejissorumuz Azərpaşa Nemətova Aktyor evinin səhnəsini mənim xahişimlə tamaşanın bütün əsas məşqlərinin keçirilməsi üçün qəlb genişliyi ilə ayırdığına görə minnətdarlığımı bildirirəm.
Əgər bu imkan yaradılmasaydı, tamaşanın taleyi necə olacaqdı, baş tutub-tutmayacaqdımı, bir ayrı sualdır).
Elə bircə Nicatın tamaşa boyu dənizçilərin üçbucaq şəklində sıralanaraq uzun bir parça zolağını əllərində tutmaları, gendən baxırkən elə bunun doğruçu gəmiyə oxşaması effekti nəyə desən dəyər.
Bu sadə tapıntı tamaşada bir rejissor kəşfi kimi qavranılır və məlum həqiqətdir ki, adətən çox gözəl olan hər şey əslində sadədən-sadədir.
Sadəcə, bu sadə olan hər adamın ağlına gəlmir!
…Son nəğmə oxundu.
Həmin mən yazan “Sindbadın vüsal nəğməsi”.
Sindbad özü, Zəhra, xilaskar mələk, xor – hamı birgə oxuyurdu:
Qürbət ellər gözəldir,
Hər elin bir naxışı.
Gəzmək, görmək gözəldir,
Dönməyə Vətən yaxşı!
Hara getsən, son yuvan
Ana Vətən, elindir.
Min dil öyrən, yenə də
Ən şirin öz dilindir.
Burda səni gözləyən
Bir cüt qara göz vardı.
Sən getdiyin yollara
Həsrət ilə baxardı.
Heyran-heyran dolandın
Nuhdan qalan dünyanı.
Unutmadın, Sindbad,
Gözü yolda qalanı.
Hər hekayət bitəndir,
Bitən deyil sədaqət.
Hər səyahət bitəndir,
Əbədidir məhəbbət!
Əbədidir məhəbbət!
…Son akkordlar səsləndi.
Bir-bir bütün iştirakçılar, tamaşanın araya-ərsəyə gəlməsi yolunda çalışanlar səhnəyə çıxıb Heydər Əliyev Sarayını bürüyən kəsilməz alqış seli qarşısında təzim edirdilər.
Və sonra onlar özləri hamısı birlikdə alqışlara qoşularaq əsas səbəbkarı, müəllifi, Rizvanı səhnəyə dəvət etdilər.
Rizvan səhnədəydi.
40 il gözlənilən gecə baş tutmuşdu, “Səyyah Sindbad”, nəhayət ki, böyük səhnəyə qovuşmuşdu.
Rizvan səhnədəydi, xoşbəxt idi.
Alqışlar əvvəlkindən də gur səslənirdi.
Və mən qəhərlənirdim!..