Təxminən 40 min il əvvəl naməlum səbəbdən nəsli kəsilən bu insanların ibtidai və koqnitiv cəhətdən müasir insanlardan aşağı olduqlarına dair geniş yayılmış fikir var.
Ancaq xüsusilə son illərdə əldə edilən tapıntılar neandertalların inkişaf etmiş alətlərdən istifadə etdiklərini və yaşadıqları mühiti bəzədiklərini göstərdikcə bu fikir öz təsirini itirməkdədir.
Bu yaxınlarda “Journal of Archaeological Science” jurnalında dərc edilən araşdırmada neandertalların bacarıqlarını ortaya qoyan tapıntılara yenisini əlavə edilib.
Alimlər 2008-ci ildə Pireney yarımadasında kəşf edilmiş Abric Pizarro adlı qaya sığınacağında tapılan artefaktları araşdırıblar. 15 ildir arxeoloji qazıntıların aparıldığı ərazidə 65 min ildən 100 min il əvvələ aid daş alətlər və heyvan sümükləri aşkar edilib. Tapıntıların müasir insanların Pireney yarımadasına çatmasından minlərlə il əvvələ aid olması, iki insan növünün qarşılıqlı əlaqəsindən əvvəlki dövrə də işıq salır.
Tədqiqatın həmmüəllifi Avstraliya Milli Universitetindən Sofia Samper Karro deyib: “Bu kəşfin ən maraqlı cəhətlərindən biri də odur ki, burada neandertalların necə yalnız olduqları, çətin şəraitdə yaşadıqları və müasir insanların yaranmasından əvvəl necə inkişaf etdikləri barədə unikal məlumatlar təqdim edilir”.
Müasir insanların və neandertalların bir müddət birlikdə yaşadıqları və hətta cütləşdikləri məlumdur. Neandertalların niyə və necə yoxa çıxdıqları bilinməsə də, onların “Homo sapiens” ilə qarşılıqlı əlaqədən qısa müddət sonra yer üzündən yoxa çıxması daha çox maraq doğurur.
Digər qazıntı sahələrində at və kərgədan kimi iri heyvanların sümüklərinin tapılması, neandertalların kiçik heyvanları ovlamaq qabiliyyətinin olmaması fikrinə səbəb olmuşdu. Lakin yeni araşdırmada kiçik heyvanların sümüklərinin tapılması bunun belə olmadığını göstərib.
“Abriç Pizarroda əldə edilən təəccüblü tapıntılar neandertalların şəraitə nə qədər yaxşı uyğunlaşdıqlarını göstərir”, – deyə Samper Karro bildirib.
“Tapdığımız heyvan sümükləri göstərir ki, onlar ətrafdakı faunanı uğurla istismar edib, maral, at və bizon ovlayıb, həmçinin şirin su tısbağaları və dovşanları yeyiblər. Bu, Neandertallarda nadir hallarda mövcud olduğu güman edilən bir plana işarə edir”.
Alimlər alətlərin basdırıldığı çöküntüləri təhlil edərək, burada təxminən 70 min il əvvəl neandertalların yaşadığını müəyyən ediblər. Sümükləri də alətlərlə tədqiq edərək, həmin şəxslərin mahir ovçu olduqlarını aşkar ediblər.
Müxtəlif daş alətlərin olması onların yaşadıqları mühitdəki resurslardan səmərəli şəkildə bəhrələnməsini göstərir.
“Bu ərazidən olan sümüklər çox yaxşı qorunub saxlanılıb və biz neandertalların bu heyvanları kəsdiyinə dair izləri görə bilərik. Daş artefaktların təhlili həm də istehsal edilən alətlərin növlərindəki müxtəlifliyi ortaya qoyur və neandertalların bu heyvanları istismar etmək və regionda mövcud olan resurslardan yararlanmaq qabiliyyətinə işarə edir”, Samper Carro deyir.
“Nə etdiklərini aydın bilirdilər. Onlar ərazini tanıyırdılar və uzun müddət sağ qalmağı bacarırdılar”.
Tapıntılar neandertalların necə yoxa çıxması sualına cavab vermir. Lakin tədqiqatçılar ümid edirlər ki, bölgədə aparılan araşdırmalar onların həyatı ilə bağlı daha çox məlumatı ortaya çıxaracaq.