Vaxt.Az

50 illik dostluq pozuldu


 

ABŞ seçkiləri Bayden və Pelosinin arasını vurdu

50 illik dostluq pozuldu ABŞ-dakı prezident seçkiləri prosesi Respublikaçılar Partiyasının namizədi və keçmiş prezident Donald Trampa sui-qəsd cəhdi, Demokratlar Partiyasının sədri Co Baydenin namizədliyindən geri çəkilməsi və onun yerinə vitse-prezident Kamala Harrisin təyin edilməsi kimi sensasiyalı hadisələrlə davam edərkən onların sırasına daha biri əlavə olunub. Belə ki, siyasi çəkişmələrin 50 illik dostluğu bitirməsi iddiaları var.

Demokratlar Partiyasının nüfuzlu simalarından olan, 1970-ci illərdən bəri yaxın dost olan 84 yaşlı Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi ilə 81 yaşlı Baydenin namizədliyini geri götürdüyü vaxtdan bəri görüşmədiyi bildirilib. İkili arasında soyuqluğun səbəbi Baydenin namizədliyindən imtina etməsinə səbəb kimi Pelosinin Demokratik Partiya daxilində təzyiqləri təşkil etdiyini düşünməsidir. Qeyd olunur ki, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın bu prosesdə göstərdiyi münasibət də Baydeni ruhdan salıb.

***

“New York Times” və “Politico” qəzetlərinə danışan mənbələr Baydenin Pelosiyə “qəzəbləndiyini” və “namizədlikdən geri çəkilmə prosesinin irəliləməsindən” narahat olduğunu bildirib. Mənbələr deyirlər ki, Bayden Pelosinin seçkilərdə Trampa qalib gəlmək və ABŞ Konqresində səs çoxluğunu Demokratlara ötürmək üçün lazım olanı etmədiyini düşünür. Demokrat Partiyasının siyasi gələcəyini görə köhnə dostluqlarını kənara qoymasını mərhəmətsizlik kimi xarakterizə edib.

***

Mənbələr, Baydenin namizədlikdən geri çəkildiyini elan etdikdən sonra ikisinin əlaqə saxlamadığını bildirsə də, Pelosinin “The New Yorker” müxbiri Deyvid Nemrikə bu səbəbdən yuxusunu qaçırdığını söylədiyi deyilir. Digər tərəfdən, Pelosi Baydenin ona qarşı Demokratik Partiya üzvlərinin etirazlarını təşkil etmək fikrinə qarşı çıxır. Prezident Baydeni açıq şəkildə geri çəkilməyə çağırmayan Pelosi son müsahibələrində prezidenti geri çəkilməyə məcbur etmək üçün “Mən bir nəfərə belə zəng etməmişəm” desə də, Pelosiyə zəng edən çoxlu partiya üzvlərinin olduğu bildirilir. Həmçinin bildirilir ki, Baydenin təşviqat komandası, geri çəkilmə baş verməsə, Pelosinin seçkilərlə bağlı narahatlığını açıq şəkildə ifadə etməyi planlaşdırdığını düşünüb.

***

Baydenin üzüldüyü digər şəxs isə keçmiş prezident Obamadır. Bildirilir ki, Bayden vitse-prezident vəzifəsində çalışdığı Obamanın partiya daxilində ona qarşı artan hərəkata qarşı durmağa çalışmamasından məyus olub. Həmçinin qeyd edilir ki, Bayden Obamanın komandasının ona “yuxarıdan aşağı baxdığını” düşünür.

ABŞ prezidenti Bayden iyun ayında o vaxtkı rəqibi Donald Trampla canlı yayımda keçirilən debatda zəif performans göstərmişdi və debatdan sonra Demokratik dairələrdə Baydenin prezidentliyə namizədliyindən geri çəkilib-çəkilməməsi ilə bağlı gərgin və qızğın müzakirələr başlayıb. Bayden iyulun 21-də namizədlikdən geri çəkildiyini elan edib və onun yerinə vitse-prezident Kamala Harris Demokratlar Partiyasının prezidentliyə namizədi olub. Pelosi və Obamanın pərdəarxası müzakirələrə rəhbərlik etdiyi iddia edilib.

 





16.08.2024    çap et  çap et