Ötən ay ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdindən sonra tənqid mərkəzində olan ABŞ Məxfi Xidməti kritik bir qərar qəbul edərək hazırkı prezident Baydenin müdafiəsinə cavabdeh olan komandanı Trampı qorumaq üçün təyin edib.
Mövzu ilə əlaqədar bir neçə rəsminin sözlərinə görə, Məxfi Xidmət sui-qəsd cəhdindən sonra onun təhlükəsizliyini müxtəlif yollarla gücləndirib, o cümlədən prezident Baydenin mühafizəçilərinin bir hissəsini müvəqqəti olaraq Trampa təhvil verib.
Missiyası bütün prezidentləri qorumaq olan Məxfi Xidmət, gələcəkdə açıq havada keçirilən mitinqlərdə daha çox müdafiə ilə təmin etmək üçün güllələrdən qoruyan ballistik şüşə ilə də təmin edib.
Məxfi Xidmət rəsmisi bəyan edib ki, Trampa qarşı artan zorakılıq təhlükəsi və Baydenin səfər cədvəlini bu yaxınlarda azaltması bu addımı həm zəruri, həm də mümkün edib.
Ağ Evin sözçüsü məsələ ilə bağlı şərh verməyib, Trampın seçki kampaniyasının sözçüsü də şərh verməkdən imtina edib.
***
İyulun 13-də ABŞ-ın Batler şəhərində açıq havada keçirilən mitinqdə silahlı şəxs Trampa atəş açdıqdan sonra Məxfi Xidmət qınaqlara tuş gəlib. Hücum zamanı Trampın qulağı sıyrılıb, bir tamaşaçı ölüb, iki nəfər isə ağır yaralanıb. Hadisəni FTB ilə yanaşı konqres liderləri də araşdırmağa başlayıb.
Məxfi Xidmət hücumu mümkün edən təhlükəsizlik pozuntularına görə məsuliyyəti öz üzərinə götürüb. Kimberli Çitl qurumun direktoru vəzifəsindən istefa verib.