Vaxt.Az

ABŞ-dan Ukraynaya raket vetosu


 

“Rusiyanın qarşılıq verməməsi gələcəkdə etməyəcəyi demək deyil”

ABŞ-dan Ukraynaya raket vetosu ABŞ Ukraynaya Kursk əməliyyatında uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verməyib. CNN--ə danışan və kimliklərinin gizli saxlanılmasını tələb edən ABŞ rəsmiləri Ordu Taktik Raket Sisteminin (ATACMS) istifadəsi ilə bağlı siyasətlərin dəyişdirilmədiyini bildiriblər.

ABŞ bu silahların Rusiya ərazisinə birbaşa hücumlarda istifadə edilməməsini tələb edib. Kiyev administrasiyası bu raketlərdən Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krıma qarşı əməliyyatlarda istifadə edir. Rusiya Müdafiə Nazirliyindən dünən verilən açıqlamada Krım körpüsünü hədəf alan 12 ATACMS raketinin məhv edildiyi iddia edilib.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq də dünən verdiyi açıqlamada Ukraynaya tədarük etdikləri ATACMS-dən istifadə şərtlərinin dəyişdirilmədiyini bildirib.

Sinq Ukraynanın itirdiyi əraziləri geri qaytarmasının yeganə yolunun Rusiya ərazisinə birbaşa hücum olmadığını və Kursk əməliyyatına görə “gərginliyin artmasından narahat olduqlarını” bildirib.

Vaşinqtonun hadisələri yaxından izlədiyini bildirən sözçü müavini “Rusiyanın hər hansı bir addıma cavab verməməsi onun gələcəkdə cavab verməyəcəyi və ya verə bilməyəcəyi anlamına gəlmir. Bu, Vaşinqtonun həmişə diqqətində saxladığı bir şeydir”, – deyib.

Ukraynanın avqustun 6-da başladığı Kursk əməliyyatının təsirləri davam edərkən, digər problem Qərb ölkələrinin Ukraynaya göndərdiyi silah və texnikanın birbaşa Rusiya ərazisinə hücumda istifadə olunmasıdır.

Almaniya və Böyük Britaniya özünü qorumaq üçün Ukraynanın hücumlarında Rusiya ərazisini vurmaq üçün silahdan istifadə etməyə icazə verib. Lakin London administrasiyası bu icazənin Britaniya-Fransa birgə istehsalı olan uzaq mənzilli “Storm Shadow” raketlərini əhatə etmədiyini bildirib.

Ukrayna əməliyyat zamanı Kursk vilayətinin Suca şəhəri də daxil olmaqla 82 yaşayış məntəqəsini ələ keçirdiyini iddia edir.

Lakin iki gün əvvəl CNN-ə müsahibə verən Amerika rəsmiləri kəşfiyyat məlumatlarına istinadən Ukraynanın bu torpaqları uzun müddət saxlaya bilməyəcəyinə diqqət çəkiblər. Digər tərəfdən, ABŞ prezidenti Co Baydenin Ukraynaya uzun mənzilli “AGM-158 JASSM” raketləri göndərməyə razı olduğu da iddia edilib.

Mütəxəssislər, təxminən 340 kilometr mənzilli bu raketlərin Ukraynanın əlində olan “F-16”ları daha da qarşısıalınmaz edəcəyinə diqqət çəkiblər.

 





17.08.2024    çap et  çap et