Vaxt.Az

Səhiyyə işçilərinin tətili


 

Ölkəni şoka salan zorlama cinayəti həkimləri hiddətləndirib

Səhiyyə işçilərinin tətili Hindistanda həkimlər keçən həftə Qərbi Benqaliyanın Kolkata şəhərindəki xəstəxanada qadın həmkarının zorlanmasına və öldürülməsinə etiraz olaraq tətilə çıxıblar. NDTV-nin məlumatına görə, ötən həftə törədilən qətlə görə bu gün ölkənin əksər xəstəxanalarında bütün zəruri olmayan xəstəxana xidmətləri dayandırılıb. Həkimlərin işini dayandırdığı Hindistanda səhiyyə ocaqlarında 24 saat yalnız “təcili yardım” xidmətinin olacağı açıqlanıb.

Bu çərçivədə ölkənin bir çox şəhərində həkimlər və tibb işçiləri küçələrə çıxaraq etiraz aksiyaları təşkil ediblər. Həkimlər tibb işçilərinin şəraitinin yaxşılaşdırılmasına və onların təhlükəsizliyinin təmin edilməsinə çağırıblar.

Məsələ ilə bağlı açıqlamasında Hindistan Tibb Assosiasiyası (IMA) səhiyyə işçilərini zorakılıqdan daha yaxşı qorumaq üçün qanunların gücləndirilməsi və xəstəxanalarda təhlükəsizlik tədbirlərinin artırılması kimi tələblər də daxil olmaqla bir sıra tədbirlərin həyata keçirilməli olduğunu qeyd edib.

Digər tərəfdən, qadın həkimin qətli ölkədəki siyasi partiyalar və qeyri-hökumət təşkilatları tərəfindən geniş əks-səda doğurub və hadisəyə etiraz edilib. Baş nazir Narendra Modi sözügedən qətli pisləyərək, “qadınlara qarşı dəhşətli davranışlar sərt və tez bir zamanda cəzalandırılmalıdır”, – deyib.

***

Kolkatadakı “RG Kar” Tibb Kollecində çalışan 31 yaşlı qadın həkim, işçilər üçün istirahət otağının ayrılmadığı üçün avqustun 8-də 36 saatlıq növbədən sonra seminarların keçirildiyi otaqda yatıb. Səhərisi gün həmkarları qadının cansız, yarıçılpaq və bədəninin müxtəlif yerlərində ağır yaralar olan bədənini aşkar ediblər.

Məsələ ilə bağlı xəstəxanada könüllü kimi çalışan Sanjoy Roy adlı zabit saxlanılıb. Lakin “ört-basdır etmək və səhlənkarlıq” ittihamlarından sonra iş yerli polisdən Mərkəzi İstintaq Bürosuna (CBI) verilib.

Sosial şəbəkələrdəki çağırışlardan sonra əyalətin bir çox şəhərlərində və Kolkata şəhərində minlərlə insan bir araya gəlib. Kəlkütədə 100 yerdə nümayişlər keçirilərkən, Yeni Dehli, Heydərabad, Mumbay və Pune kimi şəhərlərdə də etiraz edilib.

Ölkənin müxtəlif şəhərlərindən bir çox həkim həmkarlarının zorlanması və öldürülməsi səbəbindən qeyri-müəyyən müddətə tətil etmək qərarına gəldiklərini açıqlayıb.

 





17.08.2024    çap et  çap et