Vaxt.Az

“HƏMAS”ın məzarları girov saxlamaq planı


 

“Birləşmiş Krallığın səfirlik planı terror təşkilatını hərəkətə keçirib”

“HƏMAS”ın məzarları girov saxlamaq planı Böyük Britaniyanın tanınmış qəzetlərindən “The Telegraph”, “HƏMAS” terror təşkilatının Britaniya rəhbərliyinə təzyiq göstərmək üçün hazırladığı planın ortaya çıxdığını iddia edir.

İsrailli səlahiyyətlilərin paylaşdığı sənədə əsaslanaraq hazırlanan xəbərdə, Həmas Birinci və İkinci Dünya müharibəsində həlak olan Böyük Britaniya və Millətlər Birliyi ölkələrindən olan əsgərlərin dəfn olunduğu qəbiristanlığa hücum etməyi planlaşdırdığı iddia edilir.

İsrail mənbələri iddia edir ki, 7 səhifəlik sənəd Qəzza zolağının cənubunda Xan Yunisə edilən reydlər zamanı aşkarlanan terrorçuların qərargahında ələ keçirilib.

Sənəddə tarix göstərilməsə də, planın 2022-ci ilin oktyabrında tərtib edildiyi iddia edilir. Böyük Britaniyanın o zamankı baş naziri Liz Trass 2022-ci ilin sentyabrında İsrail səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi planlaşdırdığını açıqlanıb. 50 gündən sonra vəzifəsindən istefa verən Trassın yerinə vəzifəyə gələn Rishi Sunak planın 2022-ci ilin noyabrında ləğv edildiyini açıqlayıb.

Terror təşkilatının səfirliyin köçürülməsi layihəsinin qarşısını almaq üçün cəsədləri qəbiristanlıqdan çıxararaq Britaniya hökumətinə təzyiq etməyi planlaşdırdığı iddia edilir.

Həmçinin İngilis Millətlər Birliyi Müharibə Qəbirləri Komissiyasıdan (CWGC) qəbiristanlığının Qəzza zolağından köçürülməsi tələb olunur.

Qəbiristanlıqdakı qalıqların çoxu Birinci Dünya müharibəsində döyüşmüş ingilis əsgərlərinə aiddir.

“The Telegraph” tərəfindən dərc edilən sənəddə aşağıdakı cümlələr yer alır: “Britaniya hökuməti bu tələbləri yerinə yetirməsə, Qəzza Bələdiyyəsi bütün cəsədlərin qəbiristanlıqlardan çıxarılması və məhkəmə qərarı ilə xüsusi bir yerə yığılması üçün hərəkətə keçəcək. Cəsədlər razılaşma əldə olunana qədər əsir sayılacaq”.

İsrail kəşfiyyat rəsmiləri sənədin “HƏMAS”ın digər terror təşkilatı “Hizbullah”la yazışmalarını ehtiva edən digər sənədlər arasında tapıldığını iddia edirlər.

Səlahiyyətlilər bildirir ki, sənəddə "M'Raed" ifadəsi var və o, “HƏMAS” terror tə.şkilatının hərbi kəşfiyyatının nəzdində fəaliyyət göstərən İnformasiya və Açıq Mənbə Kəşfiyyat bölməsinin rəhbəri Raed Salim Xalekə istinad etmək üçün istifadə olunur.

Xəbərdə Qəzzadakı qəbiristanlığa qulluq edən CGWC səlahiyyətlilərinin oktyabrın 7-də “HƏMAS”ın Əl-Əqsa terroru nəticəsində başlayan müharibədən sonra Misirə təxliyə edildiyi bildirilir.

İsrail rəsmiləri “HƏMAS”ın gələcəkdə oxşar planları aktivləşdirə biləcəyini əsas gətirərək aşağıdakları iddia edir: “HƏMAS”ın gələcəkdə bu və ya oxşar strategiyalardan xarici ölkələrlə münasibətlərini və ya gündəmində olan hər hansı məsələni formalaşdırmaq üçün istifadə edəcəyini istisna etmək mümkün deyil”.

CNN media orqanının yanvar ayında verdiyi xəbərdə 10 aydır davam edən müharibə nəticəsində Qəzza zolağında ən azı 16 qəbiristanlığın dağıdıldığı bildirilir. CGWC-yə məxsus qəbiristanlığın əsasən yaxşı vəziyyətdə olduğu və cüzi ziyan dəydiyi bildirilib.

 





18.08.2024    çap et  çap et