Görüşlərlə bağlı kəşfiyyat hesabatlarını nəzərdən keçirən ABŞ və Avropa rəsmilərinin sözlərinə görə, bu təşəbbüslərə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvləri ilə mürəkkəb kameralarla təchiz edilmiş uzaqdan zondlama peykləri istehsal edən və istismar edən Çin şirkətləri arasında son aylarda qarşılıqlı səfərlər daxildir.
“Washington Post” qəzetinin yazdığına görə, İranla iki Çin şirkəti arasında yaxınlaşma hər hansı bir razılaşmanın İrana ABŞ və İsrailin hərbi obyektlərini izləmək qabiliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirməyə imkan verə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən diqqətlə izlənilir.
ABŞ və Avropa rəsmilərinin sözlərinə görə, iki şirkət İranın ən qabaqcıl peyklərindən iki dəfə daha həssas optika ilə bir sıra peyklər təqdim edib.
Səfərlər üç il əvvəl iki ölkənin xarici işlər nazirləri arasında imzalanmış 25 illik siyasi və iqtisadi əməkdaşlıq sazişindən sonra Pekin və Tehran arasında əlaqələrin möhkəmləndirilməsi çərçivəsində həyata keçirilib. İran daha əvvəl Rusiyadan İranın casus peyk şəbəkəsinin inkişafı üçün kömək istəmişdi.
“Washington Post” tərəfindən görülən məxfi hesabatda xəbərdarlıq edilib ki, Çinlə razılaşma İrana ballistik raket arsenalını və gözlənilən hücumları aşkar etmək üçün erkən xəbərdarlıq sistemlərini yönləndirmək üçün təkmilləşdirilmiş imkanlar verə bilər.
Hesabata görə, İranın bu imkanlara malik olması ona peyklər vasitəsilə əldə etdiyi kəşfiyyat məlumatlarını Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən husilərə və ya onların Suriya və İraqda pilotsuz uçuş aparatı ilə (PUA) və ABŞ-ın bölgədəki hərbi bazalarına raket hücumları təşkil edən yaraqlılarına ötürməyə imkan verə bilər.
Hesabatda həmçinin qeyd olunub ki, İran bu qruplara əvvəllər Çindən aldığı peyk şəkillərini təqdim edib. Çinin şimal-şərqindəki Jilin əyalətinin Çanqçun şəhərində yerləşən “Zhang Guang”, daha mürəkkəb ABŞ və Avropa kommersiya peyklərinin təsvirləri kimi 30 santimetrə qədər təsvir ayırd edə bilən optik avadanlıqla aşağı qiymətli “CubeSats” istehsal edir. İranın Xəyyam peyki isə təxminən 1 metr genişlikdə yüksək keyfiyyətli şəkillərlə təmin edir.
Sözügedən hesabatda İran rəsmilərinin Pekində yerləşən “Taijing” uzaqdan zondlama peykləri istehsal edən “Mino Space Technology” şirkəti ilə ticarət əlaqələri qurmağa çalışdığı bildirilir. Qeyd edək ki, bu şirkətlərdən heç biri ABŞ və ya beynəlxalq iqtisadi sanksiyalara məruz qalmayıb.
Keçən il bildirilmişdi ki, “Zhang Guang” Rusiyanın Ukraynaya hərbi təcavüzünün başlamasından 9 ay sonra, 2022-ci ilin noyabrında Vaqnerin imzaladığı 30 milyon dollarlıq müqavilə çərçivəsində Vaqnerə peyk şəkillərini təqdim etmişdi.
Tarixən İranın ən mühüm hərbi tərəfdaşlarından biri olan Çin, 2005-ci ildə Qərb ölkələrinin nüvə proqramı ilə əlaqədar İrana qarşı sanksiyaları sərtləşdirməsindən sonra Tehrana silah satışlarının çoxunu dayandırıb. Çinin İrana peyk əsaslı yerləşdirmə texnologiyası təqdim etdiyi 2015-ci il müqaviləsindən başlayaraq, Pekin ilə münasibətlər son on il ərzində tədricən yaxşılaşıb.
Tehran İran təyyarələri üçün bir çox ehtiyat hissələrini Pekindən alır. 2021-ci il müqaviləsinə əsasən, iki ölkə birgə təlim və gələcək təyyarə və helikopterlərin hazırlanmasını öhdəsinə götürdü.
“Washington Post” bəyan edib ki, Pekin Tehranla müttəfiqliyini yaxşılaşdırmaq üçün hərəkətə keçib, lakin Çin rəsmiləri İranın qonşuları ilə gərginliyi artıra və ya Çin şirkətlərinə beynəlxalq sanksiyalara səbəb ola biləcək hərbi yardıma ehtiyatla yanaşırlar.
Analitiklərin fikrincə, müşahidə peyklərinin ətraf mühitin monitorinqi və fəlakətlərə reaksiya kimi bir çox qeyri-hərbi məqsədləri olduğunu nəzərə alsaq, Çin İranın kosmik proqramına kömək etmək üçün mülki örtüyə malik olduğuna inana bilər.
Klinton və Obama administrasiyalarında silah müşaviri vəzifəsində çalışmış və Brandeis Universitetinin Yaxın Şərq Araşdırmaları üzrə “Crown” Mərkəzinin direktoru Qeyri Samore, “Çin şirkətlərinin İranla müşahidə texnologiyası üzərində işləməsi mümkündür, çünki Pekinin Tehrana silah verməsi ilə eyni deyil. Çinlilər siyasətdən kənarda qalmağa çalışırlar. Onlar bu tərəfdaşlıqdan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərinin zərə görməsini istəmirlər”.
Bu arada Moskva İranın yeni yaranmaqda olan kosmik proqramının ən böyük dəstəkçisi olaraq qalır. Rusiya 2022-ci ildən orbitə İranın iki müşahidə peykini, o cümlədən fevralda Rusiyanın “Soyuz-2” raketi ilə kosmosa buraxılmış “Pars-1” məsafədən zondlama peykini yerləşdirib.
Yanvar ayında İran öz raketlərindən istifadə edərək üçü rabitə, dördüncüsü isə məsafədən zondlama üçün nəzərdə tutulmuş dörd peyki uğurla orbitə buraxdığını elan etmişdi.