Ticarət mərkəzində çalışanlardan qəzetimizə bildiriblər ki, onlara şifahi şəkildə 3 iş günü müddətində mağazaların boşaldılmasını tapşırıblar. Abdulla Abdullayevin həbsindən sonra «A.M.A.Y.»da baş verənlərlə bağlı məlumat almaq üçün ötən gün Xətai rayonunda yerləşən həmin ticarət mərkəzinə baş çəkdik.
«Bütün mərtəbələr boşaldılıb»
«A.M.A.Y.»da olarkən birinci mərtəbədə yerləşən mağazaların çoxunun boşaldıldığının şahidi olduq. Ticarət mərkəzində çalışan satıcılar bildirdilər ki, «A.M.A.Y.» açılan gündən burada alver zəif olub.
Sevinc Qafarova adlı satıcının sözlərinə görə, son iki ildir ki, yalnız internet vasitəsi ilə satış həyata keçirirlər: «Facebookda səhifə yaratmışıq, online olaraq malları satırıq. Başqa çarəmiz də yoxdur. Ayda 1200 manat yer haqqı verirəm. Neçə aydır ki, ancaq borca işləyirik. Abdulla müəllimin tutulmasından sonra inanmıram ki, kimisə burada saxlasınlar. Artıq yuxarı mərtəbələrdəki mağazaları bağlayıb, təhvil veriblər. Aprelin 5-də səhər saatlarında birinci mərtəbədə yerləşən 8-ə yaxın mağazada çalışan şəxslər mallarını çıxarıb, obyektin açarlarını Abdulla müəllimin yaxın adamı Şakirə təhvil verdilər».
«Obyektlərimiz «Birlikbank»da girovluqda idi»
Satıcılarla söhbət zamanı öyrəndik ki, Abdulla Abdullayev «Birlikbank» ASC-nin Müşahidə Şurasının sədri işləyən zaman «A.M.A.Y.»dakı mağazaların çoxunu ipoteka vasitəsilə ilə satıb. 2008-ci ildə həmin bank vasitəsi ilə ticarət mərkəzindən mağaza alan Qafur adlı paytaxt sakini bildirdi ki, 2010-cu ildə Milli Bankın qərarı ilə «Birlikbank»ın fəaliyyəti dayandırılıb.
Həmsöhbətimizin sözlərinə görə, Abdulla Abdullayev o zaman bildirib ki, kreditləri şəxsən ona ödəsinlər: «Biz ayda 1500 manat olmaqla, 11 ay A.Abdullayevə kredit ödədik. Sonradan məlum oldu ki, Milli Bank «Birlikbank»da qeydiyyatda olan kredit əməliyyatlarını bir neçə banka yönləndirib. Banklardan birindən mənə zəng vurub dedilər ki, sizin 11 aylıq gecikmə ilə banka borcunuz var. Dəli oldum, tez A.Abdullayevin yaxın adamı Şakirlə görüşdüm. O, mənə dedi ki, narahat olma, Abdulla müəllim pul məsələsini həll edəcək. Neçə aydır ki, A.Abdullayevlə görüşüb, ona ödədiyimiz pulu geri almaq istəyirdik. Onun 35 sahibkara ümumilikdə 577 min 500 manat borcu var idi. Abdulla Abdullayevi tutdular, indi bu pulu kim ödəyəcək?»
«A.M.A.Y.»da olarkən öyrəndik ki, ticarət mərkəzini boşaldan satıcılar «Sədərək»ə üz tutublar. Bakının Qaradağ rayonunda yerləşən «Sədərək» bazarında yerləşdirilən ticarətçilərdən 6 ay müddətində yer pulu alınmayacaq.
Qeyd edək ki, «A.M.A.Y.» Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayev aprelin 4-də həbs edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Baş Prokurorluqdan göndərilən məlumatda deyilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan A.Abdullayevlə bağlı daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İlkin araşdırma zamanı toplanan sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.