Avstraliya Federal İqlim Dəyişikliyi, Enerji, Ətraf Mühit və Su Departamentindən (DCCEEW) verilən açıqlamada, layihəyə verilən ekoloji icazələrin ölkəni bərpa olunan enerji istehsalında önə çıxaracağı qeyd edilib.
Nazirlikdən verilən açıqlamada ölkənin şimalındakı Darvin şəhəri yaxınlığında 30 min hektar ərazidə günəş panellərinin quraşdırılmasını nəzərdə tutan Avstraliya-Asiya “PowerLink” Layihəsi üçün ekoloji icazələrin verildiyi bildirilib.
Açıqlamada dəyərləndirmələri yer alan Avstraliyanın Ətraf Mühit Naziri Tanya Plibersek, layihə ilə “dünyanın ən böyük günəş enerjisi mərkəzinin” tikiləcəyini bildirib: “Avstraliya-Asiya elektrik ötürücü xətti layihəsi ölkə daxilində və xaricdə bərpaolunan enerjiyə artan tələbatın ödənilməsinə kömək edəcək”.
Layihənin yaradıcısı, Avstraliya mərkəzli “Sun Cable” şirkəti tərəfindən verilən açıqlamada, ekoloji icazələrin layihədə növbəti mərhələlərə yol açdığı bildirilib.
Açıqlamada şirkətin layihə ilə bağlı Yekun İnvestisiya Qərarını (FID) 2027-ci ildə alacağı və elektrik enerjisinin 2030-cu illərdə veriləcəyi bildirilib.
Günəş enerjisini İndoneziya sahillərindən keçən 4300 kilometrlik sualtı kabel vasitəsilə Sinqapura ötürməsi planlaşdırılan layihə üçün İndoneziya hökumətindən də icazə alınmalıdır.
Günəş panellərinin quraşdırılacağı Avstraliyanın şimalında yerli torpaq sahibləri ilə müzakirələrin aparılacağı da bildirilir.