Vaxt.Az

Ermənistan ağasının üzünə ağ olur


 

İrəvan prezidentlərin görüşü barədə Moskva razılaşmasına hərbi təlimlərlə «cavab verdi»

Ermənistan ağasının üzünə ağ olur Bu həftə Azərbaycan növbəti dəfə Rusiya və Ermənistan tərəfindən müxtəlif təhdidlərə məruz qaldı. Bir tərəfdən Tovuz rayonunun düşmənlə üzbəüz Əlibəyli kəndinin atəşə tutulması nəticəsində iki dinc sakin güllə yarası aldı, digər tərəfdən isə Moskvadan Azərbaycanın işğal altındakı ərazilərinin Rusiyaya birləşdirilməsi çağırışları eşidildi.

Düşmənin azğınlığı təkcə atəşkəsi pozmaqla məhdudlaşmadı. Martın 4-dən etibarən ermənilər Ağdamın işğal altında olan hissəsində təlimlərə start veriblər. Təmas xəttinin Azərbaycan hissəsindən aydın müşahidə edilən təlimlərdə helikopterlərdən də istifadə edilib. ANS-in məlumatına görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan, Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyan və «müdafiə naziri» Movses Akpyan da Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən hərbi təlimləri izləyib.

Ermənistanın sonuncu azğınlığı isə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında növbəti görüşün keçirildiyi saatlarda baş verib. İşğalçı ölkənin hər danışıqlar raundu ərəfəsində gərginlik yaratması artıq adi hala çevrilib. Ancaq son görüşə Moskvanın moderatorluq etməsini nəzərə alsaq, Rusiyanın forpostunun bu cür özbaşınalıq etməsi suallar doğurur. Ortaya sual çıxır, yoxsa Ermənistan Rusiyanın üzünə ağ olur?

Təbii ki, Sərkisyan hakimiyyətinin və ya Qarabağ separatçılarının Moskvaya «asi» olması inandırıcı görünmür. Bəzi müşahidəçilər hesab edir ki, əslində Ermənistanın Ağdamdakı güc nümayişi Rusiyanın diktəsi ilə reallaşıb və bu, həm də Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığı ilə bağlı son gəlişmələrə cavabdır. Aprelin 1-dən 4-dək Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl Azərbaycanda rəsmi səfərdə oldu və prezident, müdafiə naziri və bir sıra digər yüksək çinli rəsmilərlə görüşdü. Şübhə yoxdur ki, qapalı danışıqlarda Azərbaycanın təhlükəsizliyi əsas müzakirə mövzularından biri olub. Rəsmi məlumata görə, Azərbaycanda birgünlük səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da Azərbaycan prezidenti İlham Əliyevin görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, Türkiyə bu vaxta qədər Dağlıq Qarabağ probleminin həlli üçün necə çalışıbsa, bundan sonra da eyni əzmlə çalışacaq. R.T.Ərdoğan onu da qeyd edib ki, Türkiyənin bu məsələdə güzəştə getməsi əsla mümkün deyil. Qardaş ölkənin bu cür prinsipial mövqeyi təbii ki, təcavüzlə üz-üzə olan və üstəlik Rusiyanın növbəti təhdidlərinə məruz qalan Azərbaycana çox lazımdır.

Rusiya Dövlət Dumasının vitse-spikeri V.Jirinovskinin ardınca Azərbaycana daha bir təhdid gəlib. «Mən Azərbaycan üçün çox önəmli olan bir fikri dəfələrlə demişəm: bütün postsovet ölkələrinin ərazi bütövlüyünün yeganə qarantı Rusiyadır. Əgər Rusiya bunu istəməsə, onların ərazi bütövlüyü pozulacaq. Hələ ki Rusiya Azərbaycanın Qarabağla bağlı hüquqi tələblərini dəstəkləyir. Amma Rusiyadan kənarda yeni «böyük qardaş» tapmaq cəhdi vəziyyətin dəyişməsinə səbəb ola bilər. Azərbaycan, Ermənistan, Moldova da Ukrayna və Gürcüstan kimi dağıla bilərlər». Azvision.az bildirir ki, bu sözləri vesti.az-a müsahibəsində rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyib.

«Rusiya ilə qarşıdurmaya gedən heç bir postsovet ölkəsi indiki sərhədləri daxilində mövcudluğunu davam etdirə bilməyəcək. İndikindən kiçik sərhədlər daxilində qalacaq. Həm de-yure, həm də de-fakto. Bu, geosiyasi qanundur. Kim bu qanuna qarşı çıxmaq istəyirsə, qoy, yoxlasın» , - deyə Duqin bildirib.

Rusiya hakimiyyətinin ideoloqlarından sayılan Duqinin dedikləri təsadüfi sayıla bilməz və deyilənlər hətta Putinin növbəti hücum planının anonsu kimi də qəbul olunmalıdır. O deyib ki, Rusiya öz sərhədləri yaxınlığında sabitlik zolağının olmasında maraqlıdır. Və bu sabitliyin Amerika tərəfindən pozulmasını istəmir: «Rusiya özü ilə dost, ya da heç olmasa neytral olan Azərbaycanı istəyir. Rusiya ilə düşmən olan Azərbaycanın sonu çox tez çatar. Eyni fikirlər Ermənistana, Qazaxıstana, Belorusa, istənilən postsovet ölkəsinə də aiddir».

O, Azərbaycanın BMT-də Ukraynanın ərazi bütövlüyünə səs verməsini Rusiyaya qarşı yanlış addım kimi dəyərləndirib və bidirib ki, bu, ölkələrin münasibətlərində əks olunacaq: «Bakı bu hərəkətinin cəzasını çəkəcək, həm də çox ciddi. Bir də təkrarlayıram: Azərbaycanın ərazi bütövlüyü Rusiyadan asılıdır. Və Rusiya öz qonşularının Ukrayna məsələsindəki davranışını ciddi şəkildə izləyir. İndi biz Ukrayna ilə haqq-hesabı çürüdək, sonra baxacağıq ki, kim dostumuzdur, kim düşmənimiz. Bu məsələ elə-belə qalmayacaq».

Jirinovskinin təhdidlərindən sonra bu sayaq açıqlamanın ortaya çıxması təbii ki, konkret planın mövcudluğundan xəbər verir. Bir neçə gün öncə internetdə məxfi yayılan Rusiyanın Malavi və Zimbabvedəki səfiri Sergey Baxarev və Eritreyadakı səfiri İqor Çubarovun telefon danışığında da Moskvanın Krımın ardınca postsovet məkanında digər yerləri ilhaqla bağlı da qərarlarının olduğunu isbatladı. Krımın Rusiyaya birləşdirilməsindən danışan səfirlər bunun başlanğıc olduğunu demişdilər: «Sırada hələ başqa muxtar bölgələr də var».

Belə bir təhlükənin olması fonunda Azərbaycanın Türkiyə ilə yaxınlaşması təbii ki, təqdirəlayiqdir. Hətta türk generalların Bakıya səfərini düşmənə mesaj sayanlar da oldu. «Ərdoğanın səfəri Azərbaycan-Türkiyə dostluğunun ən yüksək səviyyədə olduğunu təsdiqlədi». Bunu Prezident Adminstrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz twitter səhifəsində yazıb. PA rəsmisi qeyd edib ki, Türkiyənin baş naziri Ərdoğanın səfəri Azərbaycan-Türkiyə dostluğunun, tərəfdaşlığının və qardaşlığının ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyib.

Politoloq Ərəstun Oruclu hesab etmir ki, Türkiyədən Azərbaycana son səfərlər Qarabağ ətrafında yaşananlar və Rusiyanın təhdidləri ilə bağlıdır. Onun fikrincə, Azərbaycan tərəfi Rusiyanın təzyiqlərinin olması səbəbindən prioritetlərini müəyyənləşdirə bilmir və NATO ilə əməkdaşlıqdan yayınmağa üstünlük verir: «Təhlükəsizlikdən danışırıqsa, iki yoldan birini seçmək lazımdır, başqa variant yoxdur. Bu mənada NATO-nun üzvü olan Türkiyə Azərbaycanla bağlı hansısa separat mövqe ortaya qoya bilməz. Ortaya qoyulan mövqe yalnız NATO-nun mövqeyi ola bilər, bu da istənilən halda Rusiyanı qıcıqlandırmaq deməkdir. Odur ki, Azərbaycanla Türkiyə arasında hansısa hərbi əməkdaşlıqla bağlı razılaşma əldə olunduğunu güman etmirəm. Söhbət ən yaxşı halda hansısa türk istehsalı olan hərbi texnikanın alınmasından gedə bilər».

Ekspert deyir Azərbaycanı Rusiya təhlükəsindən xilas etmək üçün Türkiyənin dövlət olaraq nəsə etmək imkanları məhduddur: «Ona görə ki, Türkiyə NATO ölkəsidir. Tutaq ki, Ermənistanla Rusiya arasında hərbi tərəfdaşlıq müqaviləsi var. Onun analoqu olan bir müqavilənin Azərbaycanla Türkiyə arasında imzalanması üçün mütləq NATO-nun razılığı lazımdır. Çünki NATO Nizamnaməsinin 5-ci bəndində birbaşa göstərilib ki, NATO ölkələrindən birinin təhlükəsizliyinə təhdid yarandıqda avtomatik olaraq təşkilat onun müdafiəsinə qalxır. Nəzəri cəhətdən sabah Azərbaycan səbəbindən Rusiya-Türkiyə hərbi qarşıdurması yarana bilər. Deməli, Türkiyə ilə bu cür anlaşmaların əldə olunması üçün NATO-nun razılığı lazımdır».

Bu arada məlum olub ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekununa dair bəyanatında bildirilir. Nazirlər yaxın gələcəkdə prezidentlərin görüşünün mümkünlüyünü müzakirə ediblər və konkret məsələlərdə irəliləyişin vacibliyini vurğulayıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri nazirləri bölgədəki gərginliyin aradan qaldırılması üçün ciddi addımlar atmağa və dinc nizamlama prosesini davam etdirməyə çağırıblar. Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan sonuncu dəfə 2013-cü ilin noyabrında Vyanada görüşüblər.

XİN-in mətbuat katibi Elman Abdullayev isə «Yeni Müsavat»a dedi ki, prezidentlər arasında hansısa görüşün hazırlandığı və ya vaxtın təyin olması barədə onda məlumat yoxdur. Diplomat bildirdi ki, nazirlərin görüşü əsasən sülhün əldə olunmasına xidmət edir: «Biz dəfələrlə demişik ki, görüş xətrinə görüş keçirmirik. Yüksək səviyyəli görüşlərin keçirilməsi üçün kifayət qədər hazırlıq işləri görülməlidir. Azərbaycan bütün görüşlərdə özünün mövqeyini ortaya qoyur. Biz ədalətli sülh sazişinin imzalanmasına hazır olduğumuzu bildirmişik. Sülhün əldə olunmamasının əsasında isə işğal faktı durur. İşğal faktı olmasa, Ermənistanın bəhanələrinə də əsas qalmayacaq. Bəhanələrə, gərginliyə, insan itkilərinə, snayperlərə əsas yaradan yalnız işğal faktıdır. Danışıqların məğzində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası dayanır».

Moskvada danışıqlar gedən vaxt Azərbaycanın işğal altına olan ərazilərində hərbi təlimlər keçirilirdi. Təbii ki, bu iki hal bir araya sığmır. Rəsmi Bakı nədən Ermənistanın bu özbaşınalığı barədə beynəlxalq ictimaiyyətə səslənmədi?

E.Abdullayev: «Ermənistan ilk dəfə deyil ki, təxribatlara əl atır. Hərbi təlimlərin keçirildiyi ərazi Azərbaycana məxsusdur. Azərbaycan ərazisində hərbi mövcudluğunu, təcavüzünü davam etdirən Ermənistan birmənalı şəkildə beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam edir. Beynəlxalq ictimaiyyət buna ciddi reaksiya verməlidir. Çünki beynəlxalq hüququ qorumaq və onun keşiyində durmaq beynəlxalq birliyin borcudur. Lakin təəssüflər olsun ki, Ermənistanın təxribatlarını davam etdirməsinə baxmayaraq, yenə də beynəlxalq ictimaiyyət susmağa üstünlük verir. Biz bunu dəfələrlə vurğulamışıq ki, münaqişənin həlli üçün beynəlxalq ictimaiyyətin səsini qaldırması lazımdır və Ermənistanın cəzasızlığına son qoyulmalıdır».

XİN rəsmisi qeyd etdi ki, Ermənistanın təcavüzkar əməlləri ilə bağlı hər ay hesabatlar hazırlanır: «Mövcud vəziyyətdən asılı olaraq məlumatlar BMT-nin baş katibi və digər beynəlxalq təşkilatlara təqdim olunur. Təbii ki, bu cür təxribatlar olanda birmənalı şəkildə qısa müddət ərzində faktlar toplanır və baş katibə təqdim olunur. Bu da BMT-nin rəsmi sənədi kimi dövr eləyir».

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bildirdi ki, Azərbaycan tərəfinin işğal olunmuş ərazilərimizdə keçirilən təlimləri nəzarətdə saxlamaq imkanları kifayət qədərdir: «Müdafiə Nazirliyi Ermənistan tərəfinin işğal olunmuş torpaqlarımızda keçirdiyi təlimlər barədə məlumatlıdır və bu proses nəzarət altındadır. Müdafiə Nazirliyi Ermənistan Respublikasının işğalçı Silahlı Qüvvələri bölmələrinin ərazilərimizdə yerləşməsini - hərbi təlimlərin keçirilməsi və ya hər hansı digər formada iştirakından asılı olmayaraq, bunun yolverilməz olduğunu bildirir».

Bəs Azərbaycan tərəfi düşmənin hərbi təlimlərinin qarşılığında güc nümayiş etdirməyi düşünürmü? V.Dərgahlı dedi ki, Silahlı Qüvvələrimizdə planlı şəkildə təlimlər hazırlanır və mütəmadi olaraq keçirilir.

 





06.04.2014    çap et  çap et