Meksika Baş Prokurorluğundan verilən açıqlamada 2010-cu ildə baş verən qırğın zamanı 11 nəfərin Zetas kartelinin üzvü olduğu və “qəsdən adam öldürmə” maddəsi ilə mühakimə olunduğu bildirilib. 2010-cu ildə ABŞ-la həmsərhəd olan Tamaulipas ştatında sərnişinlərin oğurlanması və daha sonra gizli məzarlıqlarda tapılması ilə bağlı çoxsaylı şikayətlər olub.
Prokurorluğun məlumatına görə, qurbanlar avtobuslardan endirilib və daha sonra müxtəlif gizli qəbirlərdə basdırılıb. ABŞ-a çatmağa çalışan immiqrantların tez-tez istifadə etdiyi marşrutda öldürülən qurbanların milliyyətləri göstərilməyib.
Lakin həmin vaxt edilən şikayətlər göstərirdi ki, qurbanların əksəriyyəti gizli nəqliyyatdan istifadə edən mühacirlərdən fərqli olaraq ictimai avtobuslarda səyahət edən meksikalı sərnişinlərdir. Avtobuslar sərhəddən 200 kilometrdən az məsafədə yerləşən San Fernando şəhəri yaxınlığında dayandırılıb.
2010-cu ilin avqustunda eyni San Fernando şəhərində 72 immiqrant Zetas kartelinin üzvləri tərəfindən öldürülüb. Səlahiyyətlilərin bildirdiyinə görə, narkotik kartelləri immiqrantları və səyahətçiləri zorla dəstəyə daxil etməyə çalışıblar və bundan imtina edənləri öldürüblər.