Avqustun 14-də Nijnıy Novqoroddakı “Savasleyka” aviabazasına hücum zamanı 1 ədəd MiQ-31 döyüş təyyarəsi və 2 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsinin məhv edildiyi dəqiqləşib. Daha 5 təyyarənin zədə aldığı bildirilir.
Rostov vilayətinin Proletarsk rayonunda yerləşən, Rusiyanın Dövlət Ehtiyatları üzrə Federal Agentliyinə məxsus “Qafqaz” kombinatının yanacaq bazası isə 4 gündən çoxdur yanır. Burada hər birində 5 min ton yanacaq olan 74 böyük çən vardı. Bunların 20-dən çoxu partlayıb. Soyutma-söndürmə çalışmaları dayandırıldığı üçün digər çənləri də təhlükə gözləyir.
Kursk vilayətinin Qluşkovsk rayonunda, Seym çayının cənub sahilində mövqe tutmuş Rusiya qüvvələrinin logistikası kəsilib. Çay üzərindəki 3 körpü vurulduqdan və quraşdırılan ponton körpülər dağıdıldıqdan sonra çayı ancaq üzərək keçmək mümkündür. Burada təxminən 2 min (bəzi məlumatlara görə 3 min) Rusiya əsgəri faktiki olaraq mühasirəyə düşüb.