İlkin siyasi realizm öz yerini konstruktivizmə verib, sağ radikalizm isə ənənəvi ideoloji plarformasından uzaqlaşaraq subyektiv, irrassional və marginal maraqlar müstəvisində mübarizə yolunu seçib. Son 20 il ərzində ümumiləşdirilmiş şəkildə “radikal” adlandırdığımız qruplar öz ənənəvi siyasi mübarizə yolunu dəyişərək siyasi radikalizmin ənənəvi istiqamətindən tamamilə uzaqlaşıblar.
Bu və digər amillər, eləcə də daha öncə "radikal” adlandırdığımız müxalif qruplar və onların ölkədən kənara sızdırılmış tör-töküntülərinin son davranışları bu düşərgənin ümumiləşdirilmiş sosial-psixoloji portretinə yenidən nəzər salmağı zəruri edir.
Öncə qeyd edim ki, ənənəvi və hüquqi siyasi münasibətlər sistemindən özünütəcrid yolunu seçmiş marginal qrupların fəaliyyətini heç bir halda siyasi radikalizmlə əlaqələndirmək mümkün deyil.
Nəzərə almaq lazımdır ki, siyasi radikalizmin əsasını Jan-Jak Russonun fəlsəfi dünyagörüşü təşkil edir. Russo isə çoxluğun iradəsini dövlət idarəçiliyi və qanunların qəbul edilməsində prioritet hesab edirdi. Azərbaycandakı marginal qruplar və fərqli xüsusi xidmət orqanlarının, erməni diasporunun idarəçiliyində olsalar da onlarla konkret zaman kəsiyində birgə hərəkət edən “terminator”ların fəaliyyəti azlığın iradəsinin şantaj yolu ilə, zorla, ictimai-siyasi dəyərlər sisteminə müharibə elan etməklə çoxluğa sırınmasına yönəlib. Burada söhbət çoxluğun siyasi hakimiyyətə münasibətindən getmir. Haqqında söz açdığım çoxluq siyasi sabitliyin və təhlükəsizliyin dinc birgəyaşayışın təməlini təşkil etdiyini anlayan, dövlət idarəçiliyinin islahatlar yolu ilə modernləşməsini arzulayan, regionda və dünyada baş verən proseslərin mahiyyətini dərk edən insanlardır. Çoxluğun iradəsinə qarşı savaş açanlar isə siyasi radikal cərəyanların təmsilçiləri deyil, siyasi ekstemistlərdir.
Azərbaycandakı marginal qrupların və ölkədən kənardakı terminorların davranışları isə yalnız və yalnız siyasi ekstremizmin kriteriyalarına uyğun gəlir. Ölkəni səngərlərə, cəmiyyəti barışmaz qütblərə bölmək istəyən bu d(s)öyüş, böhtan, yalan, şantaj “strategiya”sı isə şübhəsiz ki, məqsədyönlü şəkildə seçilib. Bəs məqsəd nədən ibarətdir?
Əslində bu strategiyanın hədəfləri yeni deyil və bu gün xaosun dibinə yuvarladılmış, sabitliyini on, bəlkə də daha çox illər ərzində bərpa edə bilməyəcək bir sıra ölkələrdə sınaqdan çıxarılıb. Lakin Azərbaycana qarşı yönəlik strategiyanın, məsələn "ərəb cəhənnəmi”nə çevrilən ölkələrdə həyata keçirilən ssenarilərdən müəyyən taktiki və strateji fərqləri var. Şübhəsiz ki, hədəf eynidir.
Fərqlər isə Azərbaycan xalqının dünyagörüşü, intellektual və mədəni səviyyəsi, daşıdığı dəyərlər, ölkədə mövcud olan ictimai-siyasi münasibətlər sisteminin real mənzərəsi ilə bağlıdır. Məhz bu səbəbdən də Azərbaycana qarşı siyasi ekstremizm “strategiyası” ssenarisini cızan dairələr "cəhənnəm ssenariləri”nin gerçəkləşdirildiyi ölkələrdə daha öncə mövcud olan, aşırı sosial ədalətsizlikdən, hüquqi nihilizmdən, təhsilsizlikdən, intellektial və mədəni potensialın aşağı olmasından və digər neqativ səbəblərdən qaynaqlanan atmosferi ölkəmizdə süni surətdə yaratmaq yolunu seçiblər. Ən ağır ittiham, şantaj, təhqir, qarayaxma, böhtan, şəxsiyyətin alçaldılması ilə müşayiət olunan və özfəaliyyət elementləri ilə pərdələnən iyrənc anti-Azərbaycan kampaniyalarının əsasında da məhz bu məqsədlər dayanır.
Əslində bu kampaniyalar dövlətimizə, xalqımıza, bütövləşən ərazi bütövlüyü və suverenliyimizin, istiqlal ideallarımızın keşiyində dayanan şəxsiyyətlərimizə qarşı həyata keçirilən terror aksiyalarıdır. Sadəcə hələlik silahdan və partlayıcı maddələrdən istifadə edilmir. Bu siyasi mübarizə deyil və bu adamların da siyasi mübarizəyə heç bir aidiyyəti yoxdur.
Bu siyasi ekstremizm və terrorizmdir. Terrorçularla isə danışıq aparmırlar!