Vaxt.Az

“Brüsselə birtərəfli pulsuz bilet”


 

AB-yə miqrant təhlükəsi

“Brüsselə birtərəfli pulsuz bilet” Macarıstan və Avropa Birliyi (AB) arasında miqrant böhranı yenidən alovlanıb. Macarıstan Prezident Aparatının rəhbəri Qerqeli Qulyas paytaxtda Budapeştdə Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında Avropa Ədalət Məhkəməsinin Macarıstanı AB-nin sığınacaq qaydalarını pozduğuna görə 200 milyon avro cərimə ödəməsinə məhkum edən qərarını tənqid edib. Qulyas hökumət sözçüsü Eszter Vitalyos ilə keçirdiyi mətbuat konfransında “Brüssel bizi nəyin bahasına olursa-olsun miqrantları ölkəyə qəbul etməyə məcbur etmək istəyir”, – deyib.

Qulyas bildirib ki, Macarıstan immiqrantları sərhəddə saxlamağı qeyri-mümkün edəcək siyasət yürütmək məcburiyyətində qalmağa davam edərsə, ölkəsi AB-yə getmək istəyən hər bir mühacir üçün pulsuz birtərəfli Brüssel bileti təklif edəcək. Avropa Ədalət Məhkəməsinin verdiyi cəzanı sərt şəkildə tənqid edən və ölkəsinin ümumiyyətlə cəza ödəmək istəmədiyini vurğulayan Qulyas, “Bu səbəbdən Avropaya girmək istəyənlərə imkan yaradacağıq və onlara Brüsselə pulsuz birtərəfli biletlər təklif edəcəyik. Əgər Brüssel mühacir istəyirsə, o zaman onları qəbul edə bilər”.

Qulyas, "Şengen sərhədlərinin qorunması təkcə Macarıstanın deyil, bütün Avropanın təhlükəsizliyi üçün mühüm məsələdir”, – deyib. Macarıstanın AB sərhədlərinin qorunmasında bəzi digər AB ölkələri kimi dəstək almadığını bildirən Qulyas, Macarıstan hökumətinin məhkəmə sisteminə müraciət də daxil olmaqla, variantlarını dəyərləndirdiyini bildirib.

***

Qeyri-qanuni mühacirlərə qarşı sərt siyasətləri ilə tənqid hədəfinə çevrilən Macarıstanda baş nazir Viktor Orban Avropa Ədalət Məhkəməsinin qərarına tabe olmayacaqlarını, Macarıstanın miqrasiya və sığınacaq siyasətlərini dəyişdirməyəcəklərini açıqlayıb.

2015-ci ildə əsasən Suriyadan olan qaçqınlar qeyri-qanuni mühacirlərin axınından sonra Macarıstan sərhədlərini əsgərlər və polislərlə möhkəmləndirdi və Xorvatiya və Serbiya ilə sərhədlərində kəsici kənarları olan məftil hasar çəkdi. 2020-ci ilin dekabrında Avropa Ədalət Məhkəməsi Macarıstanın sığınacaq üçün müraciət edən mühacirlərə münasibətdə tətbiq etdiyi təcrübənin Avropa Birliyi qanunlarına uyğun olmadığına qərar verib və ölkədən lazımi tədbirlər görməsini istəyib.

Avropa Ədalət Məhkəməsi bu ilin iyun ayında qəbul etdiyi qərarda Macarıstanın 2020-ci ildə qərara əməl etmədiyinə qərar verib və AB qanunlarına zidd olan sığınacaq sistemi və miqrantlar qeyri-qanuni deportasiya səbəbiylə ölkəni 200 milyon avro cərimə ödəməyə məcbur edib. Qərarda Macarıstanın qərarın verildiyi tarixə qədər öhdəliklərini yerinə yetirməməkdə gecikdiyi hər gün üçün 1 milyon avro cərimə ödəməsinə də qərar verilib.

 





23.08.2024    çap et  çap et