Aydan bu günə qədər gətirilən nümunələr, peykin milyardlarla il əvvəl maqma okeanı ilə örtüldüyünü göstərir.
Geniş qəbul edilən nəzəriyyəyə görə, Ay əmələ gəldikdən sonra on milyonlarla il ərzində maqma ilə örtülübmüş. Göy cisminin qabığı təxminən 4,4 milyard il əvvəl maqmanın soyuması nəticəsində əmələ gəlib.
Bu proses zamanı daha ağır minerallar okeanın dibinə düşərək Ayın mantiyasını, anortozit kimi daha yüngül süxurlar isə onun qabığını əmələ gətirir. İndiyədək bu nəzəriyyəni dəstəkləyən nümunələr ekvatora yaxın ərazilərdən toplanırdı.
“Chandrayaan-3” missiyası çərçivəsində keçən il ilk dəfə olaraq Ayın Cənub qütbünə bir rover endirilib və bu bölgədən torpaq nümunələri götürülüb.
“Pragyan” adlı texnikanın etdiyi kəşfləri tədqiq edən alimlər öz tapıntılarını avqustun 21-də aparıcı ekspert jurnalında dərc ediblər.
Tədqiqatçılar Ayın Cənub Qütbündəki torpağın əsasən anortozitdən ibarət olduğunu müəyyən ediblər.
Ayın müxtəlif hissələrində maqmatik süxurların olması göy cisminin tamamilə maqma ilə örtülməsi nəzəriyyəsinə böyük töhfə verir.
Hindistanda Fiziki Tədqiqatlar Laboratoriyasından Santoş Vadavale həmmüəllifi olduğu işi belə qiymətləndirir: “Ayın ilkin təkamülü nəzəriyyəsi müşahidələrimizin işığında daha da güclənir”.
Bu dövrdə Ay Yerə daha yaxın olduğu üçün daha böyük göründü. Araşdırmanın aparıcı müəllifi Santoş Vadavale deyir: “Ay isti, qırmızı topa bənzəməlidir”.
Tədqiqatçılar peykdə maqnezium da aşkar ediblər. Maraqlıdır ki, maqma okeanı ilə birlikdə dibinə qədər batması gözlənilən bu mineral səthdə tapılıb. Ancaq alimlər 4 milyard il əvvəl Aya dəyən bir cismin mantiyanı üzə çıxardığını və bu mineralı səthə daşıdığını düşünürlər.
Eyni toqquşma həmçinin Günəş sisteminin eni 2500 kilometr olan ən böyük kraterlərdən biri olan Cənub Qütbü-Aitken hövzəsini yaradıb.
Araşdırmanın digər müəllifi Anil Bhardvac maqneziumun varlığını belə izah edir: “Bu, böyük bir asteroidin böyük hövzədən material atması ilə bağlı ola bilər. Prosesdə Ayın daha dərin hissəsi də çıxıb”.
“Chandrayaan-3” missiyasının əsas məqsədi Ayın Cənub Qütbündə su buzu tapmaq olub. Belə bir tapıntı Ayda insan bazasının yaradılmasına yol aça bilər.
Hindistan 2025 və ya 2026-cı illərdə Aya daha bir missiya təşkil etməyi və peykdən toplanmış nümunələri Yerə gətirərək onları tədqiq etməyi planlaşdırır.