Vaxt.Az

“Orijinal və yenilikçi”


 

Təkamülün başlanğıcı ilə bağlı kritik sualın cavabı yağış sularında gizlənir

“Orijinal və yenilikçi” Müəyyən edilib ki, yağış suları ilk hüceyrələrin qoruyucu divarların meydana gəlməsində və yer üzündə həyatın şaxələnməsində mühüm rol oynayıb.

Elm dünyasının ən əsas suallarından biri protocell və ya eobiont adlanan ilk hüceyrələrin necə əmələ gəlib çoxalması və Yer üzündə yaşayan milyardlarla növə doğru ilk addımı necə atmasıdır.

Bir çox elm adamı bu hüceyrələrdə DNT deyil, yalnız RNT olduğunu təxmin edir. DNT kimi məlumatları saxlaya bilən RNT adətən tək bir zəncirdən ibarətdir.

Zülallar kimi qatlana bilən RNT digər molekulları birləşdirə bilir. Tərkibində RNT, zülal və lipidləri olan protocelllərin aralarında molekul mübadiləsi apararaq çoxaldığı təxmin edilir.

Damcı kimi zənn edilən bu hüceyrələrin günümüzdəki təkmil versiyaları kimi hüceyrə membranı yox idi. Hüceyrə membranları daxil olan və çıxanları idarə etdiyi üçün belə bir quruluş erkən hüceyrələrdə çoxalmağa maneə ola bilərdi.

Ancaq bu günə qədər laboratoriyada aparılan araşdırmalar ilk membransız hüceyrələr arasında genetik mübadilənin çox sürətli olduğunu göstərdi. Qoruyucu qalxan olmasaydı, bütün hüceyrələr çox qısa müddətdə bir-birinin surətinə çevrilməli olardı.

Ancaq RNT təcrübələrdə göründüyü kimi sürətlə dəyişdirilsə, təkamül baş verməzdi. Çünki təkamül fərdlər arasındakı genetik fərqlərə əsaslanır.

Çikaqo Universitetindən. Aman Aqraval izah edir ki, “Əgər molekullar davamlı olaraq damlacıqlar və ya hüceyrələr arasında dəyişirsə, qısa müddətdən sonra bütün hüceyrələr bir-birinə bənzəyəcək və təkamül olmayacaq, çünki eyni klonlar meydana çıxacaq”.

Avqustun 21-də elmi araşdırmalar aparan “Science Advances” jurnalında dərc olunan araşdırmada Aqraval və həmkarları illərdir həllini tapmağa çalışılan bu suala cavab təklif ediblər – yağış suyu.

Laboratoriyada aparılan təcrübələrdə alimlər RNT və digər kimyəvi maddələri təmizlənmiş su ilə birləşdiriblər. Məhlul çalxalandıqda, yaranan RNT damcıları bir neçə gün sabit qalıb. Əvvəlki tədqiqatlarda bu damcılar bir neçə dəqiqə ərzində birləşib.

Komanda yağış altında təcrübəni təkrarlayıb və suyun ilk hüceyrəni əvəz edən bu damcıların ətrafında qoruyucu qalxan yaratdığını və eyni effektin alındığını qeyd edib.

Aqraval, “Bu damcıların ətrafında yaranan bir şəbəkə haqqında düşünə bilərsiniz”, – deyib.

Tədqiqatçılar ilk hüceyrələrin mutasiya və təkamülə keçməsi üçün bir neçə gün kifayət edəcəyini deyirlər.

Aqraval, “Dəyişikliyə qarşı sabit qalsalar və genetik məlumatlarını ən azı bir neçə gün kifayət qədər yaxşı saxlasalar, onların genetik ardıcıllığında mutasiyalar baş verə bilər və populyasiya bu şəkildə təkamül edə bilər”, – deyib.

“Bu, orijinal və yenilikçi bir müşahidədir”, – məqalənin başqa bir müəllifi Metyu Tirrell tapıntılar haqqında deyir.

Təxminən 3,8 milyard il əvvəl meydana gəldiyi düşünülən bu dövrdə Yer kürəsində yağışların turşuluğunun daha çox olduğu təxmin edilir.

Bu səbəbdən araşdırmalarını turşulu su ilə yoxlayan alimlər eyni nəticəyə gəliblər.

Aqraval əlavə edir, “Bu protocellləri yaratmaq üçün istifadə etdiyimiz molekullar daha yaxşı bir əvəz tapılana qədər sadəcə modellərdir. Kimya bir az fərqli olsa da, fizika qanunları eyni qalacaq”.

 





23.08.2024    çap et  çap et