Vaxt.Az

“HƏMAS”dan strateji dəyişiklik


 

Haniyə öldürülməsindən sonra terror təşkilatının cavab planı üzə çıxıb

“HƏMAS”dan strateji dəyişiklik “HƏMAS” terror təşkilatının keçmiş lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq xarici ölkələrdəki israilliləri hədəf alacağı iddia edilir. İsrail mediası “Kanal 12”yə danışan və kimliklərinin gizli saxlanılmasını tələb edən Fələstin rəsmiləri “HƏMAS”ın bu əməliyyatla bağlı qərarı iyulun 31-də Tehranda Haniyənin öldürülməsindən iki gün sonra verdiyini iddia edirlər.

Mənbələr bildirir ki, terror təşkilatı strategiyada belə bir dəyişiklik edib, çünki onun Qəzza zolağından İsrailə birbaşa hücum etmək imkanları azalıb.

İddia olunur ki, HƏMAS-ın İsrail vətəndaşlarını, yoxsa rəsmiləri hədəf alacağı dəqiq deyil.

“HƏMAS”ın Siyasi Bürosunun keçmiş rəhbəri Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getdiyi zaman qaldığı iqamətgahda öldürülüb.

HƏMAS və İran hadisəyə görə İsraili məsul tutdu və sui-qəsdin ölkə xaricindən raket hücumu ilə həyata keçirildiyini iddia etdi.

Təl-Əviv administrasiyası hücumu nə təsdiq, nə də təkzib edib. İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari isə ordunun Haniyənin öldürüldüyü gün bölgəyə hava hücumu təşkil etmədiyini iddia edib.

Digər tərəfdən ABŞ-ın “New York Times” (NYT) qəzetinin xəbərində sui-qəsdin Haniyənin qaldığı otaqlara yerləşdirilən partlayıcılarla həyata keçirildiyi iddia edilib. Lakin “HƏMAS”ın İrandakı nümayəndəsi Xalid əl-Qəddumi bu iddiaları rədd edərək terror təşkilatı liderinin raket və ya güllə ilə öldürüldüyünü iddia edib.

Bundan əlavə, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) sui-qəsdlə bağlı hazırladığı araşdırma hesabatında əməliyyatın İsrail tərəfindən hazırlanıb həyata keçirildiyini və ABŞ-ın buna dəstək verdiyini iddia edib. Xəbərdə sui-qəsdin təxminən 7 kiloqramlıq döyüş başlığı daşıyan qısa mənzilli raketlə həyata keçirildiyi iddia edilib. Vaşinqton isə sui-qəsddə əli olması ilə bağlı iddiaları təkzib edib.

Digər tərəfdən, HƏMAS bazar günü Təl-Əvivin mərkəzində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Təşkilat terrorçunun öldüyü və bir nəfərin yaralandığı hadisəni Fələstin İslami Cihad Təşkilatı ilə birgə təşkil etdiklərini iddia edib.

 





23.08.2024    çap et  çap et