Vaxt.Az

Makron ifrat sağçılarla koalisiyaya gedir?


 

Fransa prezidenti hökumət qurmaq üçün hərəkətə keçdi

Makron ifrat sağçılarla koalisiyaya gedir? Fransa prezidenti Emmanuel Makron 2024-cü il Paris Olimpiadası zamanı dayandırdığı hökumətin qurulması üçün danışıqları yenidən başladıb. Solçu Yeni Xalq Cəbhəsi (NFP) ittifaqının parlamentdə ən çox yer qazandığı, lakin heç bir partiya və ya ittifaqın mütləq çoxluğa çata bilmədiyi növbədənkənar ümumi seçkilərdən sonra Fransada hökumət qurmaq səyləri davam edir.

Prezident Emmanuel Makron hökumətin qurulması üçün danışıqlara erkən ümumi seçkilərdə ən çox yerə çatan NFP alyansındakı partiyaların liderlərini Yeliseydə qəbul edərək başlayıb.

Solçu alyansın ümumi baş nazir namizədi Luci Kastets, Fransa Kommunist Partiyasının (PK) lideri Fabien Rassel, Sosialist Partiyasının (PS) lideri Olivye For, ətraf mühitin müdafiəsi Yaşıllar Partiyasının (EELV) lideri Marin Tondelierdən əlavə, Boyun əyməyən Fransa Partiyasının (LFI) Parlament Qrupunun sədr müavini Mathilde Panot və LFI siyasətçiləri görüşdə iştirak edib.

Yelisey sarayındakı toplantıdan sonra mətbuata verdiyi açıqlamada Kastets Makronla çox məhsuldar görüş keçirdiklərini bildirib. Solların ən çox mandat qazandığı ümumi seçkilərə münasibət bildirən Kastets, "Makron fransız xalqının mesaj verdiyini qəbul edib. Ancaq prezident hələ də öz hökumətini qurmağa iddialı görünür”, – deyib.

Kastets, Makrona “hökumət qurmaq vəzifəsinin aparıcı siyasi qüvvə olan Yeni Xalq Cəbhəsinin üzərinə düşdüyünü və koalisiya yaratmağa hazır olduqlarını”, – bildirib.

Digər tərəfdən, görüşdə iştirak edən PS lideri Faure mətbuata açıqlamasında Makronun “yeni baş nazirin təyinatı üçün dəqiq bir tarix vermədiyini, ancaq bunun tez olacağını dedi. Prezident anladı ki, sabitlik indiki siyasətin davamlılığı demək deyil”.

EELV lideri Tondelier jurnalistlərə bildirib ki, Makron hökuməti qurmaq üçün məsləhətləşmələri avqustun 26-da bitirəcək, ona görə də avqustun 27-də sol ittifaqa cavab verməlidir. İyunun 9-da Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə ifrat sağçıların qələbəsindən sonra Makron Milli Assambleyanı buraxmaq və növbədənkənar ümumi seçkilər təyin etmək qərarına gəlmişdi.

30 iyun və 7 iyulda keçirilən seçkilərdə Makron və onun ittifaqı uduzan tərəf olsa da, sosialistlər və ifrat sağçı Milli Ralli (MN) Partiyası parlamentdəki yerlərin sayını artırıb.

4 solçu partiyanın yaratdığı NFP ittifaqı seçkilərdə ən çox deputat sayına çatdığı halda, heç bir partiya və ya ittifaq 289-un mütləq əksəriyyətini ala bilmədiyi üçün koalisiya danışıqları zəruriyyəti yaranıb. Makron isə 26 iyul – 11 avqust tarixləri arasında ölkəsinin ev sahibliyi edəcəyi 2024 Paris Olimpiadaları zamanı baş nazir təyin etməyəcəyini açıqlamışdı və hökumətin qurulması üçün danışıqlar tarixinin avqustun ortalarına işarə etmişdi.

Milli Assambleyadakı ən böyük siyasi qrup 193 deputatla NFP-dir. İkinci yerdə 166 deputatla Makronun hakim koalisiyası, 142 deputatla ifrat sağçı RN gəlir.

Makronun avqustun 26-da RN alyansının liderləri ilə görüşəcəyi gözlənilir. Ehtimal olunur ki, Fransa prezidenti ən böyük rəqibi ilə razılaşaraq ifrat solçularla müqayisədə daha böyük koalisiya yaratmaq və baş nazir postuna öz namizədini gətirmək istəyir.

Fransa Konstitusiyasına görə, Prezidentin istədiyi şəxsi baş nazir təyin etmək səlahiyyəti var, lakin siyasi ənənələrə görə, baş nazir ən çox səs toplayan partiya və ya alyansdan seçilir.

 





24.08.2024    çap et  çap et