Vaxt.Az

“Ukrayna Kurskda uzun müddət qala bilməz”


 

Rusiyanın şərq cəbhəsində irəliləməsi Kiyev üçün də ciddi risk yaradır

“Ukrayna Kurskda uzun müddət qala bilməz” Ukraynanın Rusiya ərazisi olan Kurska qarşı əməliyyatının gələcəyi qeyri-müəyyən olaraq qalır. ABŞ rəsmiləri deyirlər ki, Kiyev qüvvələri Rusiya torpaqlarında uzun müddət qala bilməz.

ABŞ-ın tanınmış qəzetlərindən olan New York Times (NYT) Ukraynanın Kurskda irəliləyişinin növbəti addımının aydın olmadığını yazır. Prezident Vladimir Zelenski avqustun 6-da başlayan sürpriz Kursk əməliyyatında əsas məqsədlərinin “bufer zona” yaratmaq olduğunu bildirib.

Bununla belə, NYT-yə danışan və kimliklərinin gizli saxlanılmasını istəyən ABŞ rəsmiləri Ukraynanın Rusiyaya nə qədər irəliləyəcəyi və bölgədə nə qədər qalacağının aydın olmadığını bildiriblər. Onlar qeyd edirlər ki, Ukrayna Rusiyadakı mövqeyini uzun müddət saxlaya bilməz.

Rəsmilər vurğulayırlar ki, Ukrayna ordusu Rusiya hücumu dəf etmək üçün hərəkətə keçsə, əsgərləri və texnikanı qorumaq üçün lazım olacaq geniş xəndəklər qazmayıb.

Bundan əlavə, mənbələr Kiyev qüvvələrinin əraziyə mina qoymadığını və Rusiya tanklarını ləngidən maneələr qurmadığını bildirir.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Set Cons, “Müharibənin indiyə qədər bizə göstərdiyi odur ki, ordunu ləngitməyin yolu dərindən müdafiə etməkdir. Bir ərazini səngər qazaraq, mina qoyaraq müdafiə etməsələr, onu saxlamaq demək olar ki, mümkün olmayacaq”, – deyib.

NYT-nin təhlilində yazılır ki, Kursk əməliyyatının əsas məqsədlərindən biri Rusiyaya şərq cəbhəsindən əsgərləri ora köçürmək versiyasını yaratmaq olub.

Kiyevin bu məqsədinə hələ çatmadığı vurğulansa da, Ukrayna əsgərlərinin Rusiyanın daxili bölgələrinə doğru irəliləyərkən çətinlik çəkə biləcəyi də şərh edilir. Kursk əməliyyatı davam edərkən, Rusiya şərq cəbhəsində strateji əhəmiyyətli Pokrovsk şəhərinə yaxınlaşır. Pokrovsk işğal olunsa, Rusiya Donetsk bölgəsini tutmaq məqsədinə yaxınlaşacaq.

BBC-nin təhlilində şəhərin Ukrayna ordusu tərəfindən maddi-texniki baza kimi istifadə edildiyi qeyd edilir: “Ukrayna ümid edirdi ki, Rusiya Kursk vilayətində əraziləri ələ keçirməklə rus qoşunlarının şərqdə irəliləməsini dayandıra bilər, lakin bu baş vermədi”.

Ukraynalı hərbi analitik Mixaylo Ziyroxov da deyir ki, “Pokrovsk çox mühüm müdafiə mərkəzidir. Pokrovski itirsək, bütün cəbhə xətti dağılacaq”.

 





24.08.2024    çap et  çap et