NASA bu gün “Boeing”in nasaz kapsulu ilə 2 astronavtı Yerə qaytarmağın çox riskli olduğuna qərar verdi.
Bu kontekstdə astronavtlar “SpaceX” kapsulu ilə kosmosdan qayıtmaq üçün gələn ilə qədər gözləməli olacaqlar.
Beləliklə, 2 astronavt üçün 1 həftə sürməli olan sınaq uçuşu 8 aydan çox davam etmiş olacaq.
Təcrübəli pilotlar Batç Uilmor və Suni Uilliams iyun ayından Beynəlxalq Kosmik Stansiyada bağlı qalıblar.
“Təbiətinə görə sınaq uçuşu nə təhlükəsiz, nə də rutindir. Ona görə də bu qərar təhlükəsizliyə dair öhdəlikdir”, - NASA Administratoru Bill Nelson açıqlamasında bildirib.
Menecer köməkçisi Cim Fri, “Bu asan qərar deyildi, lakin doğru qərardır”, – deyib.
Qəzalı şatlın istehsalçı “Boeing” şirkəti, geri dönüşün təxirə salınma qərarından sonra verdiyi yazılı açıqlamada, “Boeing hər şeydən əvvəl ekipajın və kosmik gəminin təhlükəsizliyinə diqqət yetirməyə davam edir. NASA-nın təyin etdiyi missiyanı yerinə yetirir və təhlükəsiz və uğurlu ekipajsız qayıdış üçün kosmik gəmini hazırlayırıq”, – deyib.
“Starliner” şatlının avtopilotla geri dönməsi və sentyabrın əvvəlində Nyu-Meksiko səhrasına enməsi gözlənilir.
***
İki təxirə salınmadan sonra Boeing iyunun 5-də 2 NASA astronavtını daşıyan Starliner şatlını ilk dəfə kosmosa göndərdi. Helium sızması aşkar edən şatl üzərində aparılan araşdırmalara baxmayaraq problemin mənbəyi tapıla bilmədi və vasitənin Yerə dönüşü 4 dəfə təxirə salındı.
Kosmos stansiyasında 1 həftə qalması planlaşdırılan NASA astronavtlarının dəqiq geri dönüş tarixi və necə dönəcəyi ilə bağlı hələlik bir aydınlıq yoxdur.