Kiyev Şəhər Hərbi İdarəsinin “Telegram” kanalında edilən yazılı açıqlamada, Rusiya ordusuna məxsus Tu-95 tipli döyüş təyyarəsindən qanadlı raket atma təhlükəsi səbəbilə ölkə daxilində sirenaların çalındığı bildirilib.
Ukraynanın müxtəlif “Telegram” kanallarında Xarkov, Mikolayiv, Dnepr və Vinnitsa vilayətlərində yaşayan insanlar sığınacaqlara çağırılıb.
Xarkov vilayətinin Hərbi Administrasiyasının rəisi Oleq Sinegubov sosial media hesabında Rusiya ordusunun Xarkova hücuma keçdiyini açıqlayıb. Ukrayna mətbuatı da ölkənin bəzi bölgələrində partlayış səslərinin eşidildiyini yazıb.
***
Bu gün (avqustun 26-da) Ukraynanın paytaxtı Kiyevdə Rusiyanın hava hücumlarına qarşı ümummilli xəbərdarlıqlar fonunda ən azı yeddi partlayış səsi eşidilib. “Telegram” kanalları ölkənin şimal-qərbindəki Lutsk şəhəri də daxil olmaqla, ölkənin bir sıra bölgələrində partlayışların baş verdiyini, səlahiyyətlilərin hücumun bir yaşayış binasına ziyan vurduğunu bildirdi.
Kiyev meri Vitali Kliçko bu gün verdiyi açıqlamada Rusiyanın hava hücumundan sonra Kiyevin bəzi bölgələrində elektrik və suda fasilələr olduğunu bildirib. Ukraynanın ən böyük özəl enerji şirkəti DTEK hücumlardan sonra elektrik enerjisini məhdudlaşdıracağını açıqlayıb. Dnepropetrovsk vilayətinin qubernatoru Sergey Lyask “Düşmən terroru nəticəsiz qalmadı. Bir ölü var”, – deyib. Zaporojya və Lutsk qubernatorları da öz bölgələrində bir nəfərin öldüyünü açıqlayıblar.
Ukrayna prezidenti Vladimir Zelenski bu gün verdiyi açıqlamada bildirib ki, Rusiya Ukrayna ərazisinə 200-ə yaxın raket və pilotsuz uçuş aparatı (PUA) atıb.
Rusiya Müdafiə Nazirliyi Ukraynadakı enerji obyektlərini hədəf alan “genişmiqyaslı hücum” həyata keçirdiyini açıqlasa da, Kiyev ölkənin 15 bölgəsinin hücuma məruz qaldığını bildirib. Nazirliyin “Telegram” kanalında verdiyi açıqlamada, “Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi sənaye kompleksinin fəaliyyətini təmin edən mühüm enerji obyektlərinə havadan atılan uzaqmənzilli və yüksək dəqiqlikli silahlarla genişmiqyaslı hücum həyata keçirib. Bütün hədəflər vuruldu”, - deyə bildirilib.
Ukrayna ordusu Rusiyanın bu gün səhər saatlarında Kiyevə PUA hücumu həyata keçirdiyini və ilkin məlumata görə, hücumda can itkisi və dağıntı olmadığını açıqlayıb.
***
Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko “Telegram” kanalı vasitəsilə verdiyi açıqlamada paytaxt ətrafındakı bölgədə şəhərə yaxınlaşan 10-a yaxın PUA-nın məhv edildiyini bildirib.
Popko bildirib ki, hücumun miqyası ilə bağlı tam təxminlər daha sonra açıqlanacaq.
“Reuters” xəbər agentliyinin məlumatına görə, bu gün səhər saat 02:30-da Ukraynanın əksər mərkəzi və şərq bölgələrində hava reydləri barədə xəbərdarlıq etmək üçün sirenlər səslənib.