Vaxt.Az

«Gymnich» görüşü gözlənilir


 

Nazirlər rəhbərləri Afinaya toplaşır

«Gymnich» görüşü gözlənilir Aprelin 4-5-də Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək. «Gymnich» kimi tanınan görüş Aİ Şurasının Yunanıstan sədrliyi kontekstində Afinada baş tutacaq. Bu barədə «New Europe» xəbər portalı məlumat verir.

«Gymnich» Aİ xarici işlər nazirlərinin altı aydan bir keçirilən qeyri-rəsmi görüşüdür. 1974-cü ildən keçirilən bu görüşlərdə nazirlər köməkçiləri tərəfindən müşaiyət olunmurlar. Görüşün adı isə, bu ənənənin başladığı ilk yer, Almaniyanın Erfştadt şəhərində yerləşən qəsrin adından götürülüb.

İclasa Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton rəhbərlik edəcək. Müzakirələr əsasən son hadisələrin fonunda Aİ-nin cənub və şərq qonşuları ilə münasibətlərinə həsr olunacaq. Eyni zamanda, son hadisələrin bu münasibətlərə necə təsir etdiyi nəzərə alınmaqla, Aİ-nin strateji tərəfdaşları müzakirə ediləcək.

Qeyd edək ki, «Gymnich»in ikinci günündə Aİ-yə namizəd olan ölkələrin xarici işlər nazirləri Avropa Qonşuluq Siyasətində baş verən yeniliklər barədə fikir mübadiləsi aparmaq məqsədilə birgə səhər yeməyinə dəvət olunublar.

 





06.04.2014    çap et  çap et