Vaxt.Az

«Qadağalar Aİ üzvlüyünə maneədir»


 

«Fikir və mətbuat azadlığının məhdudlaşdırılması ilə razılaşmaq olmaz»

«Qadağalar Aİ üzvlüyünə maneədir» Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Türkiyəni «Twitter» və «YouTube» saytlarına qadağa qoyduğu üçün tənqid ediblər. Onlar rəsmi Ankaranı bloka qoşulmaq üçün uzun müddətdir edilən cəhdlərini nəzərə almaqla, ifadə azadlığına hörmət etməyə çağırıblar. Bu barədə «Deutche Welle» məlumat verir.

Aprelin 5-də Afinada görüşən Aİ xarici işlər nazirləri son vaxtlarda «Twitter» və «YouTube» kimi saytlara girişə qadağa qoyulmasını müzakirə ediblər. Onlar bildiriblər ki, əgər Ankara hələ də Aİ-yə daxil olmaq arzusundadırsa, İttifaqın dəyərlərinə əməl etməlidir.

«İttifaqa üzv olmaq üçün təkcə Avropa dəyərlərinə hörmət etmək kifayət deyil. Onları müvafiq olaraq təcrübədən keçirmək də tələb olunur», - Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer görüşdən sonra deyib.

«İnternet məlumatlarına girişə qadağa qoyulması, fikir və mətbuat azadlığının məhdudlaşdırılması ilə razılaşmaq olmaz», - o əlavə edib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton vurğulayıb ki, «sosial media Türkiyədəki insanlar üçün mühüm rol oynayır». O bildirib ki, xarici işlər naziri Türkiyənin Aİ məsələləri üzrə naziri Mövlud Çavuşoğlu ilə Afinada «açıq və dürüst» keçən qeyri-rəsmi danışıqlar zamanı bu məsələni qaldırıb.

Qeyd edək ki, Türkiyənin üzvlük məsələsi barədə danışıqlarda üç illik durğunluqdan sonra noyabrda canlanma yaranıb. Almaniya və Fransa insan hüquqları ilə bağlı problemləri əsas gətirərək, yaxın gələcəkdə Türkiyənin bloka qoşulmasına qarşı çıxırlar.

 

Zərərli məlumatlar

 

Ötən bazar keçirilən bələdiyyə seçkiləri ərəfəsində baş nazir Rəcəb Tayyib Ərdoğanın yaxın çevrəsinin korrupsiyada əli olduğunu bildirən anonim məlumatların yayılmasından sonra, martın 20-də Türkiyədə «twitter»ə girişə qadağa qoyulub.

Konstitusiya məhkəməsi qadağanın ifadə azadlığına xələl yetirdiyini bildirəndən sonra cümə axşamı qərar ləğv edilib.

Ərdoğanın hökuməti daha sonra yüksək vəzifəli məmurların Suriyaya gizli hücum barədə müzakirələr apardığını iddia edən video və audio yazıların saytda yayılmasından sonra «YouTube»a qadağa qoyub. Cümə günü digər bir qərarla qadağa ləğv edilib, lakin «Hürriyət» qəzeti müvafiq material çıxarılana qədər qadağanın qüvvədə qalacağını bildirib. Ərdoğan məhkəmə qərarlarına hörmət etmədiyini, lakin əməl edəcəyini deyib.

Türkiyə hökuməti son aylarda onlayn məlumatların yayılması ilə böyüyən korrupsiya qalmaqalından xeyli zərər çəkib. Ərdoğan bütün bunlarda ABŞ əsaslı İslam din xadimi Fətullah Gülənin tərəfdarlarını günahlandırır.

Xatırladaq ki, aksiyalara və sərt tədbirlərə baxmayaraq, Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) ötən bazar keçirilən seçkilərdə inamlı qələbə qazanıb.

 





06.04.2014    çap et  çap et