Vaxt.Az

Mişel Qətərdə nə axtarır?


 

AB Körfəz ölkələri ilə münasibətləri yaxşılaşdırır

Mişel Qətərdə nə axtarır? Avropa Birliyi (AB) enerji, ticarət, investisiya və iqlim dəyişikliyi kimi sahələrdə əməkdaşlığı yaxşılaşdırmaq üçün Körfəz ölkələri ilə ilk dəfə sammit təşkil edəcək.

AB Şurasının sədri Şarl Mişel oktyabrın 16-da Brüsseldə keçiriləcək AB-Körfəz Əməkdaşlıq Şurasının birinci Sammiti öncəsi Qətərə səfər edib.

Qətər Əmiri Şeyx Təmim bin Hamed Əl-Tani ilə görüşdən sonra sosial media hesabında paylaşım edən Mişel, Əl-Tani ilə ilk dəfə keçiriləcək AB-Körfəz Əməkdaşlıq Şurası Sammitini müzakirə etdiklərini bildirib.

Zirvədə Körfəz Əməkdaşlıq Şurasının sədri Əl-Saninin dəstəyinin çox əhəmiyyətli olduğuna diqqət çəkən Mişel, “AB-Körfəz Əməkdaşlıq Şurası Zirvəsi tərəfdaşlığımızı və siyasi dialoqumuzu strateji səviyyəyə qaldırmaq üçün bir fürsət olacaq”, – deyib.

AB və Körfəz ölkələrinin bərpa olunan enerji mənbələrini, iqlim dəyişikliyi ilə mübarizə, ticarət, investisiyalar və dialoqu artıracaqlarına diqqət çəkən Mişel, bir çox sahədə birgə işləri dərinləşdirəcəklərini qeyd edib.

Mişel Qətər Əmiri Əl-Tani ilə Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsi kimi müxtəlif mövzuları müzakirə etdiklərini və bu mövzularda Qətərin rolunu və əməkdaşlığını dəyərləndirdiklərini bildirib.

Beynəlxalq hüququn hər zaman və hər yerdə qüvvədə olması lazım olduğunu xatırladan Mişel, “Qətərin Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün göstərdiyi səyləri və mövcud böhranın sülh yolu ilə həllinin tapılmasında aparıcı rolunu yüksək qiymətləndirirəm”, – deyib.

Körfəz Əməkdaşlıq Şurası Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən ibarətdir.

 





28.08.2024    çap et  çap et