Vaxt.Az

1 milyard dollarlılıq “kamikadze”


 

ABŞ ordusu 1 milyard dollar dəyərində PUA-nın tədarükü ilə bağlı müqavilə imzalayıb

1 milyard dollarlılıq “kamikadze” ABŞ Ordu Komandanlığı beş il ərzində “Kamikadze” PUA-lar kimi tanınan “Switchblade” seriyalı mobil sursatların tədarükü üçün təxminən 1 milyard dollar dəyərində müqavilə imzalayıb.

Pentqaonun bəyanatına görə, “AeroVironment Inc”. (AV) şirkəti ilə imzalanan yeni müqavilə sahəyə yerləşdirilmiş ABŞ piyada qoşunlarına düşmən tanklarını, yüngül zirehli texnikalarını, sığınacaqlardakı hədəfləri və istehkam arxasında gizlənən düşməni uzaqdan məhv etmək imkanı və bacarığını təmin etmək məqsədi daşıyır.

Tenderin 26 avqust 2029-cu ildə başa çatdırılması gözlənilir.

Digər tərəfdən, “The War Zone” saytının adı açıqlanmayan bir AV şirkəti rəsmisinə əsaslanan məlumatına görə, Quru Qoşunları adıçəkilən müqavilə ilə "Switchblade 300" və "Switchblade 600" tipli kamikadze PUA-ları tədarük edəcək.

“AeroVironment”in vitse-prezidenti və Mobil Sursat Sistemlərinin Baş Meneceri Brett Haş, ABŞ ordusunun bu kritik və təcili ehtiyacı üçün “Switchblade” seriyasının seçilməsindən məmnun olduqlarını bildirdi: "Bu son müqavilə bizim sistemimizin yetkinliyini və silahlarımızın effektivliyini nümayiş etdirir. Eləcə də AV-nin qabaqcıl texnoloji silahları sürətlə istehsal etmək və onları istifadəçilərə çatdırmaq öhdəliyi və strateji mövqeyini vurğulayır”.

***

“Switchblade 300” və “Switchblade 600”, tək bir heyət tərəfindən istifadə edilə bilən, buraxılış borusundan atılan kamikadze tipli mobil sursat kimi tanınır.

Maşınlara və helikopterlərə quraşdırılmış çoxlu işə salma sistemləri ilə də istifadə oluna bilən “Switchblade 300”ün blok 20 versiyası ən az 20 dəqiqə havada qala bilir və məsafəni genişləndirən antena sistemi ilə 30 kilometrə qədər hədəflərə çata bilir. Başlanğıc borusunda yerləşdirilən dronun çəkisi təxminən 3,6 kiloqramdır və kürək çantasına sığır. Silahın sürəti təxminən 100 kilometrdir, lakin hədəfə 160 kilometrə sürətlə dəyir.

“Switchblade 600” isə “Javelin” tank əleyhinə sursat əsasında hazırlanmış zirehli deşici döyüş başlığı ilə sığınacaqlarla yanaşı, zirehli maşınlara qarşı da istifadə edilə bilər. Təxminən 30 kiloqram ağırlığında olan hazırkı versiya 40 dəqiqə havada qala bilir və 40 kilometrdən çox məsafə qət edə bilir. PUA saatda 113 kilometr sürətə malikdir və hədəfə doğru yönəldildikdə sürəti saatda 185 kilometrə çata bilir.

ABŞ Quru Qoşunları 2023-cü ilin dekabrında “AeroVironment” ilə müqavilə imzaladıqdan sonra “Switchblade 600” almağa başladı.

Məlumdur ki, ABŞ 10 ildən artıqdır ki, xüsusi təyinatlı birləşmələrin ehtiyacları üçün “Switchblade 300” kamikadze PUA-ları tədarük edir.

 





29.08.2024    çap et  çap et